Azərbaycan poeziyasında yeni təfəkkürün müəllifi - Vaqif Səmədoğlu
Azərbaycan ədəbiyyatı tarixində bəzi sənətkarlar vardır ki, onların yaradıcılığı müəyyən bir dövrün deyil, bütöv bir düşüncə sisteminin dəyişməsi ilə bağlıdır. Xalq şairi Vaqif Səmədoğlu da məhz belə sənətkarlardandır. O, poeziyada yalnız yeni mövzular yaratmadı, həm də şeirə yeni baxış gətirdi. Belə ki, Vaqif Səmədoğlu Azərbaycan poeziyasında XX əsrin ikinci yarısında formalaşan yeni estetik təfəkkürün əsas simalarından biri olub.
1939-cu il iyunun 5-də Bakıda anadan olan Vaqif Səmədoğlu Azərbaycan ədəbiyyatının canlı əfsanəsi sayılan Səməd Vurğunun ailəsində böyüyüb. Lakin o, heç vaxt atasının şöhrətinin arxasında gizlənmədi. Əksinə, Azərbaycan poeziyasında özünəməxsus üslubu, fərqli düşüncə sistemi və bənzərsiz poetik dili ilə ayrıca bir yaradıcılıq məktəbi formalaşdırdı.
Onun ədəbiyyata gəlişi təsadüfi deyildi. Musiqi təhsili alan, peşəkar pianoçu kimi yetişən Vaqif Səmədoğlu sonralar şeirə də musiqi təfəkkürü gətirdi. Bülbül adına musiqi məktəbində və Konservatoriyada aldığı təhsil onun poetik dünyagörüşünün formalaşmasına ciddi təsir göstərdi. Tənqidçilər qeyd edirdilər ki, Vaqif Səmədoğlu şeirlərində sözlərin səsini, ritmini və pauzasını adi poetik vasitədən daha yüksək səviyyəyə qaldırmışdı.
Azərbaycan poeziyasında "60-cılar" adlandırılan nəslin nümayəndələri sovet dövrünün stereotiplərindən uzaqlaşmağa çalışır, insanın daxili aləmini ön plana çəkirdilər. Bu nəslin ən fərqli simalarından biri isə məhz Vaqif Səmədoğlu idi. Onun poeziyasında qəhrəmanlıq pafosu, şüarçılıq və ritorika yox, insanın daxili təlatümləri, tənhalığı, zamanla münasibəti və həyatın mənası barədə düşüncələr üstünlük təşkil edirdi.
Vaqif Səmədoğlunun yaradıcılığını digərlərindən fərqləndirən əsas cəhətlərdən biri ölüm mövzusuna münasibətidir. Azərbaycan poeziyasında ölüm mövzusu müxtəlif formalarda işlənib, lakin Vaqif Səmədoğlu onu nə faciə, nə də qorxu mənbəyi kimi təqdim edirdi. Onun şeirlərində ölüm həyatın davamı, zamanın təbii sonluğu kimi görünür. Bu yanaşma şairin fəlsəfi dünyagörüşünün əsas göstəricilərindən biri hesab olunur.
Digər mühüm məqam isə onun sərbəst şeirin inkişafındakı roludur. Vaqif Səmədoğlu klassik qafiyə və ölçü sistemindən kənara çıxaraq sözün daxili enerjisinə üstünlük verdi. O, şeirin musiqisini qafiyədə deyil, fikrin ritmində axtarırdı. Buna görə də onun əsərləri həm müasir görünür, həm də zaman keçdikcə aktuallığını itirmir. Azərbaycan Milli Kitabxanası da onu sərbəst şeirin yeniləyicilərindən biri kimi təqdim edir.
Vaqif Səmədoğlu yalnız şair deyildi. O, dramaturgiya sahəsində də Azərbaycan mədəniyyətinə mühüm töhfələr verib. Tədqiqatçı Aygün Bağırlının araşdırmalarında qeyd olunur ki, dramaturqun əsərlərində bir ailənin və ya bir qrup insanın taleyi fonunda bütöv cəmiyyətin problemləri, insan-cəmiyyət münasibətləri, ziyalının mövqeyi və mənəvi böhranlar təsvir edilir.
Onun "Bəxt üzüyü", "İntihar", "Yaşıl eynəkli adam", "Mamoy kişinin yuxuları", "Generalın son əmri" kimi əsərləri Azərbaycan teatrı və televiziyasında yeni mərhələnin formalaşmasına təsir göstərib. Xüsusilə "Bəxt üzüyü" təkcə komediya nümunəsi deyil, həm də dövrün sosial münasibətlərini, insanların düşüncə tərzini və cəmiyyətin mənəvi durumunu əks etdirən əsər kimi qiymətləndirilir. Ədəbiyyatşünaslar bu əsərdəki Moşu Göyəzənli obrazını Azərbaycan dramaturgiyasının ən yaddaqalan surətlərindən biri hesab edirlər.

Vaqif Səmədoğlunun yaradıcılığı həm də azadlıq ideyasının daşıyıcısı idi. O, insanın daxili azadlığını hər şeydən üstün tuturdu. Məhz buna görə onun poeziyasında siyasi şüarlardan çox, insan ruhunun sərbəstliyi və mənəvi müstəqilliyi ön plana çıxır. Bu xüsusiyyət onu təkcə öz dövrünün deyil, sonrakı nəsillərin də maraqla oxuduğu şairə çevirib.
Ədəbiyyat tarixində bəzən böyük sənətkarlar öz dövrlərindən daha çox gələcək üçün yazırlar. Vaqif Səmədoğlu da belə şairlərdən idi. Onun şeirlərindəki tənhalıq hissi, zaman haqqında düşüncələr, insanın daxili dünyasına enmək cəhdi bu gün də müasir oxucuya doğma görünür. Çünki dəyişən yalnız zaman olur, insanın daxili aləmi isə əsrlər boyu eyni qalır.
2015-ci ildə dünyasını dəyişən Vaqif Səmədoğlu fiziki olaraq aramızdan getsə də, Azərbaycan poeziyasında yaratdığı estetik məktəb yaşamaqda davam edir. Bu gün onun əsərləri yenidən nəşr olunur, şeirləri müxtəlif dillərə tərcümə edilir, yaradıcılığı haqqında elmi araşdırmalar aparılır. Bu isə bir daha göstərir ki, Vaqif Səmədoğlu təkcə görkəmli şair deyil, Azərbaycan ədəbiyyatının istiqamətini dəyişən böyük sənətkarlardan biri olub.
Vaqif Səmədoğlunun ən böyük xidməti Azərbaycan oxucusuna düşünməyi öyrətməsindədir. O, sözlə danışmaqdan çox, sözün arxasındakı sükutu eşitdirməyi bacarırdı. Məhz buna görə Vaqif Səmədoğlu Azərbaycan poeziyasında təkrarı olmayan bir insan olaraq qalır.
Sadalanan yüksək keyfiyyətləri sübut edən bir şeiri daha var.
Sevgilim, mən öləndə,
Bir küncdə xısın-xısın
Ağlayacaqsanmı sən?
Kimin xarabasında
Bir damla yaşa dönüb
Düşəcəyəm gözündən?
Ağla, qurbanım, ağla,
Ağla, һeyranım, ağla,
Evdə qonaqlar olsa,
Çıxıb eşikdə ağla.
Gözlə, gecə düşəndə
Yorğan-döşəkdə ağla.
Qulaq asma aləmin
Sözünə bircə kərə.
De, Vaqif ölməliydi,
Gəl öldü naһaq yerə…
Sevgilim, mən öləndə,
Soraq sənə gələndə,
Düşmən gözü güləndə,
Ağla, olanım, ağla,
Ağla, qalanım, ağla,
Ağla, mən ölüm, ağla…
Fatimə Məmmədova
09:00 05.06.2026
Oxunuş sayı: 69