Kərbəla mərasimləri ən güclü kollektiv yaddaş nümunələrindən hesab edilir - İlahiyyatçı
Məhərrəmlik ayının başlanmasına sayılı günlər qalır. İslam təqviminin mühüm aylarından biri olan Məhərrəm, müsəlman dünyasında hüzn və ehtiram dövrü kimi qəbul edilir. Bu ay Kərbəla hadisələri ilə bağlı dərin mənəvi anlam daşıyır və imam Hüseynin xatirəsi xüsusi ehtiramla anılır. Ölkəmizdə də Məhərrəmlik dövründə müxtəlif dini mərasimlər və anım tədbirləri keçirilir. Bu günlərdə insanlar daha çox ibadətə, xeyriyyə işlərinə və mənəvi dəyərlərin təbliğinə üstünlük verirlər. Qeyd edək ki, Məhərrəmlik ayı müsəlmanlar üçün həm kədər, həm də düşüncə və özünüdərk dövrü hesab olunur.
Bu ayın mahiyyəti və aşura günü ilə bağlı Crossmedia.az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov deyib ki, İslam təqvimində xüsusi yer tutan Aşura günü Məhərrəm ayının onuncu gününə təsadüf edir:

"Bu gün əsrlər boyu müsəlmanların diqqət mərkəzində olmuş, müxtəlif dini və tarixi hadisələrlə əlaqələndirilmişdir. Təəssüf ki, bəzən Aşura günü yalnız matəm və ya yalnız tarixi hadisə kimi təqdim edilir. Halbuki məsələ bundan daha geniş və daha dərindir.
Əvvəlcə onu qeyd etmək lazımdır ki, Aşura günü Kərbəla hadisəsindən əvvəl də İslam ənənəsində tanınırdı. Səhih hədislərdə bildirilir ki, Məhəmməd peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdə yəhudilərin bu gündə oruc tutduğunu gördü. Səbəbini soruşduqda onlar dedilər ki, bu gün Allah Musa peyğəmbəri (əleyhissalam) və İsrail oğullarını Fironun zülmündən qurtarmışdır. Bunun üzərinə Peyğəmbər (s.ə.s) buyurdu: "Biz Musaya sizdən daha yaxınıq". Sonra özü də oruc tutdu və müsəlmanlara da tövsiyə etdi. Bu hədis həm "Səhih Buxari", həm də "Səhih Müslim"də nəql olunmuşdur. Başqa bir hədisdə Peyğəmbərimiz (s.ə.s) buyurur: "Aşura gününün orucunun Allah yanında əvvəlki ilin günahlarına kəffarə olacağına ümid edirəm". Bu hədis göstərir ki, Aşura günü İslamda ibadət, tövbə və mənəvi təmizlənmə günü kimi qiymətləndirilmişdir. Lakin hicri 61-ci ildə baş verən Kərbəla faciəsi Aşura gününə yeni və çox dərin bir məna qazandırdı. Peyğəmbərin (s.ə.s) nəvəsi İmam Hüseyn (əleyhissalam), ailə üzvləri və silahdaşları Kərbəla çölündə mühasirəyə alınaraq şəhid edildilər. Bu hadisə İslam tarixində ən ağır faciələrdən biri hesab edilir".
İlahiyyatçı əlavə edib:
"Məşhur sünni tarixçisi İbn Kəsir Kərbəla hadisəsini İslam ümmətinin üzləşdiyi ən böyük müsibətlərdən biri adlandırır. İmam Zəhəbi, İbn Həcər əl Əsqəlani və digər böyük alimlər də İmam Hüseynin şəhid edilməsini ağır faciə kimi qiymətləndirmişlər.
Əslində Kərbəla hadisəsini yalnız siyasi hadisə kimi qiymətləndirmək düzgün olmazdı. Burada əsas məsələ hakimiyyət uğrunda mübarizə deyil, haqq ilə batilin, vicdan ilə zorakılığın qarşılaşması idi. Bu səbəbdən İmam Hüseyn əsrlərdir yalnız dini şəxsiyyət kimi deyil, həm də ədalət uğrunda mübarizənin simvolu kimi yad edilir. Qurani Kərimdə buyurulur: "Zülm edənlərə meyl etməyin. Yoxsa sizə də od toxunar". (Hud, 113)Bir çox alimlər Kərbəla hadisəsini məhz bu ayənin praktik təzahürü kimi qiymətləndirmişlər. İmam Hüseyn zülmə boyun əyməməyi seçdi və bunun bədəlini canı ilə ödəməyi qəbul etdi. Məhərrəmlik dövründə keçirilən yas mərasimlərinə gəldikdə isə, burada əsas məsələ formadan çox məzmundur. İslam alimlərinin böyük əksəriyyəti hesab edir ki, Peyğəmbər ailəsinə sevgi və Kərbəla şəhidlərini yad etmək təqdir olunan əməllərdəndir. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurmuşdur: "Sizə Əhli Beytim barədə Allahı xatırladıram". Bu hədis müsəlmanların Peyğəmbər ailəsinə hörmət və sevgisinin dini əsaslarından biri hesab edilir. Lakin eyni zamanda alimlər vurğulamışlar ki, yas mərasimlərinin məqsədi özünə əziyyət vermək, bədənə zərər vurmaq və ya dini ölçüləri aşmaq deyil. İslam insan həyatını və insan bədənini Allahın əmanəti hesab edir. İmam Nəvəvi, İbn Teymiyyə, İbn Qudamə və digər alimlər qeyd etmişlər ki, müsibətləri xatırlamaq olar, ağlamaq olar, kədərlənmək olar, lakin insanın özünə qəsdən zərər verməsi dini baxımdan qəbul edilmir".
Ə.Həsənovun bildirdiyinə görə, bu gün dünyanın müxtəlif universitetlərində aparılan araşdırmalar da göstərir ki, kollektiv anım mərasimləri cəmiyyətlərdə tarixi yaddaşın qorunmasına, mənəvi dəyərlərin nəsildən nəsilə ötürülməsinə və sosial həmrəyliyin güclənməsinə xidmət edir:
"Sosioloqlar Kərbəla mərasimlərini dünyanın ən güclü kollektiv yaddaş nümunələrindən biri hesab edirlər. Azərbaycan cəmiyyətində də Məhərrəmlik mərasimləri təkcə dini hadisə deyil, həm də mənəvi yaddaşın bir hissəsidir. İnsanlar məscidlərdə toplaşır, Quran oxuyur, dini söhbətlər dinləyir, ehsan verir, ehtiyac sahiblərinə kömək edir və qanvermə aksiyalarında iştirak edirlər. Son illər xüsusilə qanvermə kampaniyalarının geniş yayılması Kərbəla mesajının praktik xeyirxahlıq formasında yaşadılmasının gözəl nümunəsidir.
Məncə, Aşura gününün əsas mesajı təkcə keçmiş hadisəni xatırlamaq deyil. Əsas məqsəd insanın öz vicdanı ilə üzləşməsidir. Hər bir insan özündən soruşmalıdır: mən haqqın tərəfindəyəm, yoxsa susaraq zülmə şərait yaradanların?
Kərbəla tarixdə baş verib və bitib. Lakin onun verdiyi dərs bu gün də yaşayır. Çünki haqq, ədalət, vicdan və mənəvi məsuliyyət kimi anlayışlar heç vaxt köhnəlmir. Aşuranın müsəlmanlara verdiyi ən böyük mesaj da məhz budur. Aşura günündə baş yarmaq, qan çıxarmaq, ələm uçurmaq, qan tökməkz səhnələr qurub teatrlar keçirmək, bir sözlə artistlik etmək başqa ölkənin siyasi oyununun bir nəticəsidir. Belə əməllərin dinimizə aidiyyatı yoxdur və belə edənlərə dinimizin əslini öyrətmək lazımdır".
Fatimə Məmmədova
18:00 04.06.2026
Oxunuş sayı: 96