Uzun illər Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı haqqında danışanda əsasən subsidiya, məhsul yığımı və ya kənd yerlərində məşğulluq məsələləri ön plana çıxırdı. Aqrar sektor daha çox sosial yük daşıyan, amma iqtisadi baxımdan ikinci planda qalan sahə kimi qəbul edilirdi. Hətta müəyyən dövrlərdə neft gəlirlərinin yüksək olması fonunda kənd təsərrüfatına münasibətdə “onsuz da ölkənin əsas gəliri enerji sektorudur” yanaşması da hiss olunurdu. Nəticədə bəzi strateji məhsullar üzrə idxaldan asılılıq illərlə davam etdi, su problemi dərinləşdi, torpaqlar parçalandı, kənddən şəhərə miqrasiya gücləndi və aqrar sahədə məhsuldarlıq bir çox hallarda dünya standartlarından geri qaldı.
Əslində bu, təkcə Azərbaycanın problemi deyil. Uzun illər dünyada da kənd təsərrüfatına daha çox ənənəvi sektor kimi baxılırdı. Lakin son illərdə baş verən hadisələr qlobal düşüncəni dəyişdirdi. Pandemiya, Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərqdə gərginlik, logistika zəncirlərinin pozulması və iqlim dəyişiklikləri göstərdi ki, XXI əsrdə ərzaq təhlükəsizliyi artıq iqtisadi məsələ olmaqdan çıxaraq milli təhlükəsizlik məsələsinə çevrilir. Bu gün dövlətlərin gücü yalnız neft, qaz və ya hərbi potensialla deyil, əhalisini nə qədər davamlı şəkildə qida ilə təmin edə bilməsi ilə də ölçülür.
Son illərdə dünya bazarında baş verən proseslər bunu çox açıq şəkildə nümayiş etdirdi. Bir çox ölkələr taxıl, düyü, şəkər və digər strateji məhsullar üzrə ixraca məhdudiyyətlər tətbiq etdilər. Ərzaq qiymətləri rekord həddə yüksəldi. Logistika zəncirlərində yaranan problemlər göstərdi ki, idxaldan yüksək asılılıq ölkələri ciddi risk altına sala bilər. Ən maraqlısı isə odur ki, bu gün kənd təsərrüfatına və ərzaq təhlükəsizliyinə ən çox investisiya yatıran ölkələrin sırasında məhz enerji ölkələri də var. Körfəz dövlətləri xaricdə torpaq alır, aqrar texnologiyalara milyardlarla dollar sərmayə yatırır və su təhlükəsizliyi məsələsini strateji prioritet elan edir.
Məhz bu baxımdan Prezident İlham Əliyevin kənd təsərrüfatı ilə bağlı son müşavirəsi və qəbul olunan 2026–2030 Dövlət Proqramı xüsusi diqqət çəkir. Çünki çıxışlarda ilk dəfə bu qədər açıq şəkildə aqrar sektordakı problemlər etiraf olundu və yeni mərhələnin konturları göstərildi. Prezidentin “mövcud dinamika məni qane etmir” fikri əslində çox ciddi mesaj idi. Bu, onu göstərir ki, dövlət artıq kənd təsərrüfatına yalnız subsidiya verilən sahə kimi deyil, strateji inkişaf istiqaməti kimi yanaşmağa başlayır.
Bu yanaşma təsadüfi deyil. Çünki neft iqtisadiyyatı nə qədər gəlirli olsa da, tam dayanıqlı model hesab olunmur. Enerji qiymətləri qlobal siyasi proseslərdən, müharibələrdən və bazar gözləntilərindən ciddi şəkildə asılıdır. Digər tərəfdən, dünya artıq yaşıl enerji və post-neft dövrünə doğru hərəkət edir. Elektromobillərin yayılması, alternativ enerji layihələrinin genişlənməsi və karbon emissiyalarının azaldılması siyasəti göstərir ki, gələcəkdə neft əvvəlki qədər dominant rol oynamaya bilər.
Əslində neft gəlirlərinin yaratdığı rahatlıq müəyyən dövrlərdə aqrar sektorun struktur problemlərinin kölgədə qalmasına da səbəb olmuşdu. Halbuki kənd təsərrüfatı yalnız iqtisadi gəlir mənbəyi deyil. Bu sektor regionların sosial sabitliyi, məşğulluq, daxili bazarın qorunması və hətta demoqrafik balans baxımından strateji əhəmiyyət daşıyır. Bu gün kənd boşalırsa, bu artıq yalnız sosial məsələ deyil, gələcək iqtisadi təhlükəsizlik məsələsidir.
Azərbaycanın bəzi məhsullar üzrə əldə etdiyi nəticələr müsbətdir. Meyvə-tərəvəz, bostan məhsulları, yumurta və bəzi digər istiqamətlərdə ölkə artıq daxili tələbatı əsasən ödəyir və ixrac imkanları formalaşıb. Lakin buğda, bitki yağları, yem bazası, bəzi heyvandarlıq və emal məhsulları üzrə idxaldan asılılıq qalır. Qlobal böhran şəraitində isə bu, ciddi risk yarada bilər. Çünki son illərdə dünya açıq şəkildə gördü ki, pulun olması hər zaman ərzaq almağa kifayət etmir. Bir çox ölkə böhran dövründə ilk növbədə öz daxili bazarını qorumağa çalışır və ixraca məhdudiyyət qoyur.
Burada vacib məqamlardan biri də odur ki, ərzaq təhlükəsizliyi yalnız məhsul istehsalı demək deyil. Ərzaq təhlükəsizliyi eyni zamanda toxum, gübrə, yem bazası, logistika, soyuducu anbarlar, su təminatı və aqrar emal zəncirinin bütöv şəkildə işləməsi deməkdir. Əgər bu zəncirin bir hissəsində problem yaranırsa, bu, qiymətlərə və bazar sabitliyinə birbaşa təsir edir.
Yeni Dövlət Proqramının ən maraqlı tərəfi də məhz budur: burada artıq köhnə yanaşma dəyişir. Söhbət yalnız daha çox məhsul istehsal etməkdən getmir. Əsas məqsəd daha məhsuldar, texnologiyayönümlü və yüksək əlavə dəyər yaradan aqrar model qurmaqdır. Yəni “çox əkmək” modeli tədricən “daha səmərəli istehsal” modeli ilə əvəz olunur.
Burada ən kritik məsələ isə sudur. Azərbaycan iqlim dəyişikliklərinin təsirini getdikcə daha çox hiss edir. Kür çayında suyun azalması, quraqlıq riskinin artması və köhnə suvarma sistemləri artıq aqrar sektorun gələcəyi üçün əsas təhlükələrdən birinə çevrilib. Əslində gələcəyin nefti müəyyən mənada sudur. Əgər su problemi düzgün idarə olunmasa, kənd təsərrüfatında istənilən inkişaf strategiyası ciddi risk altına düşə bilər. Ona görə də damcı suvarma, ağıllı su idarəetməsi və müasir texnologiyalar artıq seçim yox, zərurətə çevrilir.
Digər vacib məsələ kənd təsərrüfatının texnologiya sektoruna çevrilməsidir. Bu gün inkişaf etmiş ölkələrdə aqrar sektor artıq yalnız fiziki əmək demək deyil. Süni intellekt, dronlar, peyk sistemləri, sensor texnologiyaları və rəqəmsal xəritələşmə məhsuldarlığın əsas müəyyənedicilərinə çevrilib. Dünyada “smart farming” modeli sürətlə yayılır və gələcəkdə rəqabət üstünlüyünü texnologiyadan istifadə səviyyəsi müəyyən edəcək.
Prezidentin müşavirədə texnologiya və rəqəmsallaşma ilə bağlı verdiyi mesajlar da göstərir ki, Azərbaycan aqrar sektoru yeni texnoloji mərhələyə keçirmək istəyir. Bu artıq sadəcə kənd təsərrüfatı deyil — aqrar texnologiyalar iqtisadiyyatıdır. Gələcəkdə aqrar sahədə ən çox qazanan ölkələr yalnız məhsul yetişdirən yox, texnologiya tətbiq edən ölkələr olacaq.
Bununla yanaşı, aqrar emal və logistika məsələsi də strateji əhəmiyyət daşıyır. Dünyada əsas gəliri xammal satan yox, emal məhsulu ixrac edən ölkələr qazanır. Azərbaycan da görünür tədricən bu modelə keçməyə çalışır. Aqroparklar, soyuducu anbarlar, logistika mərkəzləri, aqrar emal müəssisələri və ixracyönümlü aqrobiznes layihələri bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Amma problemlər də kifayət qədərdir. Kənddən şəhərə miqrasiya davam edir. Bir çox gənc kənddə qalmaq istəmir. Kiçik torpaq sahələri, aşağı gəlirlilik, aqrar biliklərin zəifliyi və bazara çıxış problemləri kənd təsərrüfatının inkişafını ləngidir. Torpaqların parçalanması nəticəsində bəzi təsərrüfatlar iqtisadi baxımdan rentabelli fəaliyyət göstərə bilmir. Digər tərəfdən, bəzən subsidiyaların effektivliyi ilə bağlı suallar yaranır. Yəni məsələ yalnız maliyyə ayırmaq deyil, həmin vəsaitlərin məhsuldarlığa və real nəticəyə necə çevrilməsidir.
Əgər aqrar sektor gəlirli və texnologiyalı sahəyə çevrilməsə, gələcəkdə insan resursu problemi daha da dərinləşə bilər. Çünki kənd təsərrüfatının gələcəyi yalnız torpaq və su ilə deyil, insan kapitalı ilə də bağlıdır.
Bütün bunlara baxmayaraq, hazırkı mərhələ Azərbaycanın aqrar siyasətində dönüş nöqtəsi sayıla bilər. Əgər qəbul olunan proqram effektiv həyata keçirilərsə, ölkə yalnız ərzaq təhlükəsizliyini gücləndirməyəcək. Eyni zamanda qeyri-neft ixracı artacaq, regionlarda məşğulluq genişlənəcək, aqrar emal inkişaf edəcək və iqtisadiyyat daha dayanıqlı modelə keçəcək.
Bir zamanlar dövlətlərin gücü neft quyularının sayı ilə ölçülürdü. Yeni dövrdə isə dövlətlərin gücü əhalisini nə qədər təhlükəsiz və dayanıqlı şəkildə qida ilə təmin edə bilməsi ilə ölçüləcək. Görünür, Azərbaycan da artıq bu reallığa uyğun yeni iqtisadi model qurmağa çalışır. Əgər XX əsr Azərbaycanın neft əsri idisə, XXI əsrin ikinci yarısında ölkənin ən strateji sektorlarından biri kənd təsərrüfatı ola bilər.