MEMİM teatr sənəti üzrə yazı müsabiqəsi elan edir
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən teatr sənəti üzrə yazı müsabiqəsi elan edib.
Bu barədə Crossmedia.az-a Mərkəzdən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Teatr Xadimləri İttifaqının tərəfdaşlığı
və təşkilati dəstəyi ilə keçirilən müsabiqə Ümummilli Lider Heydər Əliyevin
anadan olmasının 103-cü ildönümünə həsr olunur.
Müsabiqənin əsas məqsədi teatr proseslərinə tənqidi,
nəzəri-konseptual baxışın gücləndirilməsi, gənc və istedadlı müəlliflərin
aşkara çıxarılması, eləcə də səhnə əsərlərinin peşəkar təhlilinin təşviq edilməsidir.
Yaşı 18-dən yuxarı müəlliflər müsabiqədə iştirak edə
bilərlər.
Təqdim ediləcək yazılar cari teatr prosesinin
aktual məsələləri və repertuarlardakı tamaşaların təhlili ilə bağlı problem-məqalə,
resenziya və esse janrlarında olmalıdır. Yazılar müsabiqə elanından sonra
hazırlanmalıdır. Müsabiqənin nəticələri açıqlandıqdan sonra yazılar dövri mətbuatda
dərc edilə bilər.
Müsabiqədə iştirak etmək istəyənlər 30 iyun 2026-cı
il tarixinədək müvafiq formanı (https://docs.google.com/forms/d/e/1FAIpQLSd_Dg0uouP5VBfWDIsTuq35y5DKOelrBmOSNtYhOt31jkhryQ/viewform) doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Yazılar 31 iyul 2026-cı il tarixinədək [email protected]
elektron poçt ünvanı vasitəsilə qəbul ediləcək. Mətnlər Times New Roman şrifti
ilə 12 ölçüdə yığılmalı və ümumi həcmi 10 A4 vərəqindən çox olmamalıdır.
Yazılar sahə üzrə tanınmış mütəxəssislərdən ibarət
münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Müsabiqənin bütün iştirakçılarına sertifikat təqdim
olunacaq, qaliblər isə diplom və pul mükafatı ilə təltif ediləcək.
Müəlliflər “Ən yaxşı resenziya”, “Ən yaxşı
problem-məqalə” və “Ən yaxşı nəzəri esse” nominasiyalarından yalnız biri üzrə
bir yazı təqdim edə bilərlər. Birgə müəllif yazıları qəbul olunmur.
Qeyd edək ki, hər nominasiya üzrə qalibə 500 AZN pul mükafarı nəzərdə tutulur.
15:23 25.05.2026
Oxunuş sayı: 101