Blok imtahanları tamamlandı – nəticələr və rəqabət artır
Abituriyentlər birinci blok imtahan mərhələsini artıq tamamlayıblar və nəticələr ictimaiyyət tərəfindən böyük maraqla izlənilir.
İmtahan sualları və ümumi çətinlik səviyyəsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir — bir qrup iştirakçı sualların gözlənilən səviyyədə olduğunu bildirsə də, digərləri müəyyən mövzularda çətinlik yaşadıqlarını qeyd edirlər.
Bu fonunda abituriyentlərin göstərdiyi nəticələrin nə dərəcədə qənaətbəxş olub-olmaması və ümumi hazırlıq səviyyəsinin imtahan göstəricilərinə necə təsir etdiyi əsas müzakirə mövzusuna çevrilib.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndiyev Crossmedia.az-a açıqlama verib:

“Bu mərhələdə blok imtahanı üzrə 90 suallıq tapşırıq abituriyentlərə təqdim olunub. İmtahandan çıxanların fikrincə, buraxılış imtahanı ilə müqayisədə blok imtahanı daha asan olub. Fənlər üzrə bölgüyə gəldikdə isə ikinci qrupda əsasən riyaziyyat fənni, üçüncü qrupda isə humanitar fənlər üstünlük təşkil edib.
Ümumilikdə isə iştirakçılar bu ilki blok imtahanının nəticələrinin fənlər üzrə göstəricilərlə müqayisədə daha yaxşı olacağını düşünürlər. Nəzərə alsaq ki, ikinci mərhələnin digər imtahanının da iyul ayında keçirilməsi nəzərdə tutulur, blok imtahan nəticələri nə qədər yüksək olarsa, bu, ümumi keçid ballarına da birbaşa təsir göstərəcək.
Qeyd olunur ki, blok imtahanında maksimal nəticə əldə edən abituriyentlərlə də rastlaşmaq mümkündür və hətta 400 bal toplayanların olacağı da proqnozlaşdırılır. Qaldı ki, müsabiqə rəqabətinə, ikinci qrupda bu il abituriyent sayında kifayət qədər artım müşahidə olunur — təxminən 2 min nəfərdən çox artım qeydə alınıb ki, bu da keçid ballarına təsirsiz ötüşməyəcək.
Üçüncü qrupda da ötən illə müqayisədə müəyyən artım var — təxminən 200 nəfərə yaxın. Ümumilikdə isə bütün qruplar üzrə abituriyent sayında 13-14 min nəfərə yaxın artım qeydə alınıb. Bu isə o deməkdir ki, hər iki ixtisas qrupunda keçid ballarında müəyyən dəyişikliklər ola bilər”.
Ekspert əlavə edib ki, ona görə də abituriyentlər arxayınlaşmamalı, blok mərhələsinə ciddi hazırlaşmalı və nəticələrini daha da yaxşılaşdırmalıdırlar ki, bu rəqabətli imtahan mühitində uğur qazana bilsinlər:
“Gələn il üçün Dövlət İmtahan Mərkəzi tərəfindən imtahan tarixləri artıq açıqlanıb. 5 iyulda ikinci qrup imtahanları, 12 iyulda isə birinci qrup imtahanları keçiriləcək. Üçüncü qrupda həm DT, həm də digər fənlər üzrə imtahanlar, dördüncü qrupda isə coğrafiya üzrə imtahanlar 12 iyulda baş tutacaq.
Məlum olduğu kimi, bu il qeydiyyat müddətində də dəyişiklik edilib — əvvəl iki həftəyə yaxın vaxt ayrılırdısa, indi bu müddət bir həftəyə endirilib. Qeydiyyat iyunun 1-i saat 12:00-dan iyunun 28-i saat 23:59-dək aparılacaq. Görünən odur ki, abituriyentlərin ikinci cəhd imtahanına marağı artmaqdadır.
Proqnozlara görə, bu il iştirakçı sayında ötən illə müqayisədə yenə artım olacaq. Bu isə əsas qruplar üzrə daha gərgin rəqabət mühitinin formalaşacağını göstərir.
Xüsusilə, ikinci və birinci qruplarda rəqabətin daha da kəskin olacağı gözlənilir. Üçüncü və dördüncü qruplarda isə plan yerləri ilə müqayisədə iştirakçı sayının çox olması həmin qruplarda da yüksək rəqabət mühitini qaçılmaz edir”.
Ayhan
14:58 25.05.2026
Oxunuş sayı: 55