Turin Politexnik Universiteti beynəlxalq təhsil imkanlarını təqdim edib
Bakıda keçirilən Özbəkistan universitetlərinin təhsil sərgisində iştirak edən ali təhsil müəssisələri tələbələrə beynəlxalq diplom, xaricdə təhsil imkanları və müasir ixtisaslar barədə məlumat veriblər.
Bu barədə Crossmedia.az-a açıqlama verən Turin Politexnik Universitetinin İnsan Resursları üzrə meneceri Dilnoza Djurayeva universitetin tələbələrə beynəlxalq səviyyədə tanınan diplom və xaricdə təhsil imkanları təqdim etdiyini bildirib:
"Bizim Daşkənd şəhərində yerləşən Turin Politexnik Universiteti məzunlarına QS World University Rankings versiyasına görə dünyanın ilk 300 universiteti sırasında yer alan “Politecnico di Torino”nun diplomunu təqdim edən ali təhsil müəssisəsidir. Bu isə öz növbəsində məzunlara dünyanın müxtəlif ölkələrində işləmək imkanı yaradır.
Bizdə “2+2” proqramı da mövcuddur. Bu proqram çərçivəsində tələbələr iki il Daşkənddə, Turin Politexnik Universitetində təhsil alır, növbəti iki ili isə İtaliyada davam etdirirlər.
Həmçinin sizi təhsil istiqamətlərimizlə tanış etmək istəyirəm. Bakalavr pilləsi üzrə aşağıdakı ixtisaslar mövcuddur:
– maşınqayırma mühəndisliyi
– kompüter mühəndisliyi
– inşaat mühəndisliyi
– istehsal texnologiyaları
– sənaye mühəndisliyi və idarəetmə
– kibertəhlükəsizlik
– simsiz rabitə mühəndisliyi
– ticarət işi
– dayanıqlı nəqliyyat
Bundan əlavə, universitetimizdə memarlıq və dizayn, aviasiya mühəndisliyi, biznesin idarə olunması və menecment, süni intellekt, avtomobil mühəndisliyi, marketinq, tibbi mühəndislik (bu il açılmış yeni ixtisasdır), dizayn və iqtisadiyyat sahələrinə də böyük maraq var".
O, həmçinin universitetin geniş və müasir kampusa malik olduğunu da diqqətə çatdırıb : " Siz həm də universitetimizin kampusu ilə də tanış ola bilərsiniz. Universitetin geniş ərazisi var. Kampusda idman zalı, texnopark və kitabxana fəaliyyət göstərir. Kampusun yaxınlığında isə bütün şəraitlə təmin olunmuş tələbə yataqxanası yerləşir.
Yalnız xarici namizədlər üçün sürətli müsahibədən keçərək yerlərdən birini əvvəlcədən rezerv etmək imkanı mövcuddur.
Əgər siz birbaşa ikinci kursdan təhsil almaq istəyirsinizsə, bunun üçün Daşkəndə gəlməlisiniz. Universitetdə ayda bir dəfə imtahan və müsahibə keçirilir. Həmin mərhələdən uğurla keçdiyiniz halda birbaşa ikinci kursa qəbul ola bilərsiniz və bu zaman bakalavr təhsili üç il davam edir.
Digər tələbələr isə imtahansız qəbul olunur və onların bakalavr təhsili dörd il davam edir".
Pərvin Hacıyeva
14:20 24.05.2026
Oxunuş sayı: 115