Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh şəraiti möhkəmlənir
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında sülh şəraitinin möhkəmləndiyini və bu kontekstdə 2026-cı il 9 mayın iki ölkə arasında “sülh şəraitində qeyd oluna biləcəyini” bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Paşinyan sosial şəbəkə paylaşımında Ermənistanla Azərbaycan arasında artıq iki ildir ki, atəşkəs nəticəsində insan tələfatının və yaralanmaların qeydə alınmadığını qeyd edib.
O bildirib ki, sərhəd bölgələrində yerləşən yaşayış məntəqələrinin atəşsiz şəraitdə yaşaması mühüm nailiyyətdir və bu, ölkənin müstəqillik dövründə əldə etdiyi ən önəmli nəticələrdən biri kimi qiymətləndirilə bilər.
Ermənistan hökumət başçısı vurğulayıb ki, hazırda əsas vəzifə əldə olunmuş sülhü qorumaq və onu daha da möhkəmləndirməkdir. Onun sözlərinə görə, bu proses ölkə üçün təhlükəsizlik, rifah və inkişaf baxımından yeni imkanlar yaradır.
Paşinyan əlavə edib ki, inkişaf etmiş, azad və demokratik Ermənistan qurmaq istiqamətində atılan addımlar şəhidlərin xatirəsinə ehtiram və gələcək nəsillərə qarşı məsuliyyətin ifadəsidir.
10:37 09.05.2026
Oxunuş sayı: 48