Aİ ilə Kanada arasında yeni birlik ehtimalı müzakirə olunur
Kanadanın Avropa Birliyinə mümkün üzvlüyü Qərbdə müzakirə mövzusuna çevrilib. Sorğular göstərir ki, Kanada vətəndaşlarının əksəriyyəti ölkənin Aİ-yə qoşulmasını dəstəkləyir və bəzi siyasətçilər də bu ideyanı nəzərdən keçirməyə hazır olduqlarını bildirirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Məlumata görə, hazırkı Aİ qaydalarına əsasən ittifaqa yalnız “coğrafi baxımdan Avropaya aid” ölkələr üzv qəbul edilə bilər. Lakin Kipr və Türkiyə nümunələri göstərir ki, istisnalar mümkündür. Bunun üçün Aİ-yə üzv bütün dövlətlərin ittifaqın nizamnaməsində dəyişiklik etməyə razılıq verməsi tələb olunur.
Ekspertlərin fikrincə, Kanadanın Aİ-yə qoşulması qlobal siyasətdə ciddi dəyişikliklərə səbəb ola bilər. Bu halda Aİ-nin ümumi ərazisi 4,1 milyon kvadrat kilometrdən 14,1 milyon kvadrat kilometrə qədər artacaq və ittifaq dünyanın ən böyük coğrafi birliklərindən birinə çevriləcək.
Nəşr qeyd edir ki, Avropa üçün Kanada geniş inkişaf məkanı və resurs bazası, Kanada üçün isə Avropadan gələcək işçi qüvvəsi və investisiyalar baxımından cəlbedici ola bilər. Xüsusilə İT, mühəndislik, kənd təsərrüfatı, meşəçilik və mədən sənayesində işçi qüvvəsinə tələbat yüksək qiymətləndirilir.
İqtisadi baxımdan da tərəflər arasında əməkdaşlığın güclənəcəyi bildirilir. Kanada enerji resursları, neft, qaz, ağac və qiymətli metallar üçün yeni bazarlar əldə edə, Avropa isə enerji təhlükəsizliyini gücləndirə bilər.
09:10 09.05.2026
Oxunuş sayı: 46