Rus kimi təqdim olunan yəhudi əsilli generallar
Sovetlər dövründə müştərək tariximizin bir çox səhifələri rus tədqiqatçılarının yazıları vasitəsilə əlimizə çatmış və bir çox hallarda o mənbələrin tərcüməsi ilə tarixi hadisələrə qiymət verilmişdi. Odur ki, Sovet Sosialist Respublikalar İttifaqında baş vermiş bir çox tarixi hadisələri rus-millətçi tarixçilərinin əsərlərinə söykənərək işıqlandırılması hallarının aradan götürülməsi, hadisələrə yenidən baxış formalaşdırmaq və yenidən qiymətləndirmək son dərəcə əhəmiyyətlidir. Sovet xalqlarının müxtəlif dövrlərdə repressiyalara məruz qalması, milli, mədəni, dini və siyasi təqiblərin ağır nəticələri ilə üzləşməsi, bir sıra hallarda əgər rəhbərliyin səriştəsizliyi idisə, bəzi hallarda rus millətçilərinin təxribatı və saxtakarlıqları da qarşıya çıxırdı. Sovet generallarının fəaliyyəti və onların əbədiləşdirilməsi ilə əlaqədar olan mənbələrdə də bu kimi vəziyyətlə qarşılaşırıq.

Böyük Vətən müharibəsi başlayanda Bakı yəhudisi olan Baris Livoviç Vannikov həbsxanada idi. O, Bakıda neftçı ailəsində anadan olmuşdu və artileriya qoşunlarının general-polkovniki idi. Moskvanın Lyubyanka həbsxanasında edan hökmü ilə həbsdə olan bu şəxs hər gün istintaq olunur və Almaniyaya casusluq etməsi ilə ittiham edilirdi. Bir gün keşikçilər gəlib onu Stalinin qəbuluna aparırlar. Stalin ona deyir - “Muharibə başlayıb, mərmilərimiz isə yoxdur...” Həmin gün onu azad edirlər və Stalin B.Vannikovu hərbi sursat sahəsində dövlət komissarı təyin edir. Muharibənin taleyində iki böyük xidməti olmuş B.Vannikov ilk növbədə hərbi sənayenin köçürülməsi işini həyata keçirdi və bunu çox uğurla yerinə yetirdi. Yüzlərlə zavodu Urala və Sibirə 40 dərəcə şaxtada köçürmək, onları işə salmaq və sürətlə məhsul istehsal etməyə başlamaq fövqəladə əzmkarlıq və bacarıq tələb edirdi. İkinci xidməti isə Sovet İttifaqının atom bombasının yaradılmasında misilsiz xidmətləri ilə qeyd olunur.
SSRİ-də nüvə silahının yaradılması üç nəfərə həvalə edilmişdi. Layihələndirmə və akademik rəhbərlik İqor Vasilyeviç Kurçatova, nəzarət və repressiya işi L.Beriyaya, nüvə silahının yaradılması üçün tələb olunan sənayeləşmənin həyata keçirilməsi B.Vannikova tapşırılmışdı. Bu işlər yüksək məxfilik şəraitində həyata keçirilirdi. Uranı tapmaq, reaktoru qurmaq, sentrifuqları yaratmaq işləri görülməli idi. Arzamas-16, Çelyabinsk-40 ünvanlı qapalı müəssisələrin yaradılması və koordinasiyası onun tərəfindən həyata keçirilirdi. 1949-cu ildə Semipalatensk poliqonunda ilk dəfə nüvə sınağı keçirildi və ABŞ-nin bu sahədə monapoliyası bitdi.
Müdafiə sənayisindəki xidmətlərinə görə B.Vannikov üç dəfə Sosialist Əməyi Qəhrəmanı adı almışdı və 1962-ci ildə vəfat etdikdə Moskvada Kremlin divarlarında, fəxri mərasimlə basdırılır. Bu siyasi xadimə Sovet iyerarxiyasında ən böyük ehtiram idi.
Rus-sovet sərkərdəsi kimi təqdim olunan Radion Yakovlevic Malinovski - Sovet İttifaqı marşalı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adı almış bir şəxs idi. Onun, Odessada dünyaya gəlmisi və anketlərində həmişə milliyətini ukraynalı olaraq yazması bəzi tədqiqatçıların diqqətini cəlb edir və məlum olur ki, Malinovski Karaim yəhudisidir.

Marşal Matvey Vasilyeviç Zaxarov - iki dəfə Sovet İttifaqı Qəhrəmanı, Baş Qərargah rəisi olmuşdu. Anketlərdə Tverdə rus kəndli ailəsində anadan olduğu qeyd edilsə də onun yəhudi əsilli olması haqqında məlumatlar verilir.
Böyük Vətən Muharibəsinin maraqlı sərkərdələrindən biri də General Duqlas (Yakov Vladimiroviç Smuşkeviç) hesab edilir. O, Litvada bir yəhudi dərzi ailəsində anadan olmuşdu. 1936-cı ildə İspaniyada vətəndaş muharibəsi başlayanda onu sovet mütəxəssisi kimi göndərirlər və “general Duqlas” təxəllüsünü də orada alır. İspaniyadan qəhrəman kimi qayıdanda onu Stalin qarşılayır və ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilir. 1939-cu ildə Xalxinqol döyüşlərində də iştirak edir. Bu döyüşlərə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adını alır. 1941-ci ildə, müharibənin başlanmasına bir neçə gün qalmış xəstəxana palatasına NKVD-nin əməkdaşları daxil olurlar və yaralı Yakov Smuşkeviçi almanlara casusluq etdiyinə görə xəstəxanada həbs edirlər. 1941-ci ilin oktyabr ayında almanlar Moskva şəhərini mühasirəyə aldığı zaman L.Beriya həbsxanalarda saxlanılan yüksək rütbəli zabitlərin məhkəmə qərarı olmadan güllələnməsini əmr edir. Onu həbsxanadan xərəkdə çıxarırlar, çünki yeriyə bilmirdi və Kuybışev yaxınlığında güllələnmə icra olunur.

General-polkovnik Qriqori Mixayloviç Ştern Uzaq Şərq ordusunun komandiri və Sovet İttifaqı Qəhrəmanı idi. O, Çerkask şəhərində yəhudi həkim ailəsində anadan olmuşdu. İspaniyada vətəndaş muharibəsində iştirak etmiş təcrübəli sərkərdə idi. Xasan və Xalxinqol döyüşlərində, eləcə də Finlyandiya müharibəsində iştirak etmişdi. 1941-ci ilin iyun ayının 7-də Şterni həbs edirlər. Almaniya xeyrinə casusluq etməkdə ittiham olunur. 1941-ci ilin 28 oktyabırında Beriyanın həbsxanaların təmizlənməsi əmri ilə onu da məhkəmə qərarı olmadan digərləri ilə birlikdə güllələyirlər.

Yakov Kreyzer Sovet İttifaqı Qəhrəmanı idi. Muharibə başlayanda polkovnik olan Kreyzer müharibənin sonunda artıq general-polkovnik rütbəsinə çatmışdı. 1953-cü ildə Stalin həkimlər əməliyyatını həyata keçirir. Yəhudilərin Sibirə deportasiya edilməsi üçün Stalin siyasi mühit yaratmaq istəyir və tanınmış yəhudilərə əvvəlcədən hazırlanmış mətnli məktub imzalatdırılır. Artistləri, yazıçıları, generalları bu məktubları imzalamağa məcbur edirdilər. Y.Kreyzeri Mərkəzi Komitəyə çağırır və qarşısına bu məktubu qoyurlar və düşünürlər ki, o da imzalayacaq, çünki o hərbiçidir və əmrləri yerinə yetirməyə öyrəşib. Lakin o imzalamır. Bir müddətdən sonra Stalin ölür və general repressiyalardan qurtulur. O, 1969-cu ildə vəfat edir.
![]()
Rus kazakı və ya osetin olduğu hesab edilən general Lev Davator əslən yəhudi idi. Tərcümeyi-halında isə belarus olduğu bildirilirdi. O, Xotina adlı bir qəsəbədə, yəhudi ailəsində anadan olmuşdu. Həqiqi familiyası Dofdor olduğu ehtimal olunur. SSRİ-də hərbi karyera etmək üçün həqiqi mənşəyini gizlətmək məcburiyyətində olduğu hesab edilir.

O, 1941-ci ilin 19 dekabrında əks-hücum zamanı döyüşdə yaralanır və vəfat edir. Əsgərlər onun cənazəsini atəş altında səngərdən çıxarır və təhlükəsiz yerə aparırlar. Vəfatından sonra Sovet İttifaqı Qəhrəmanı adı verilir.
1939-cu ilin sentyabr ayında Brest şəhərində alman generalı Hayns Quderyanla görüşən sovet sərkərdəsi Semyon Moyiseyeviç Krivoşeyin yəhudi idi. O Voronejdə yəhudi sənətkar ailəsində anadan olmuşdu. İspaniyada vətəndaş muharibəsində “polkovnik Mele” təxəllüsü ilə iştirak etmiş təcrübəli zabit idi. 1945-ci ildə onun tank qoşunu Berlin şəhərinə ilk girən sovet əsgəri idi. O, 1978-ci ildə vəfat edir.
74 qohumu almanlar tərəfindən öldürülən general David Abramoviç Draqunski iki dəfə Sovet İttifaqı Qəhrəmanı idi. O, Bryansk vilayətində yəhudi dərzi ailəsində anadan olmuşdu. Xasan döyüşlərindən başlayaraq Sovet silahlı qüvvələrində general-polkovnik dərəcəsinə çatmışdı. 1945-ci ilin aprelində Berlinə ilk girənlərdən biri oldu.

General-polkovnik Leonti Zaxaroviç Katlyar mühəndis qüvvələrinin komandiri idi və Tomsk şəhərində yəhudi ailəsində anadan olmuşdu. Hərbi-mühəndislik akademiyasını bitirmişdi və muharibə başlayanda o artıq general-leytenant idi. Onun mühəndislik bacarığı, istehkamlar qurmaq, ərazilərin minalanması, körpülər salması və təxribat əməliyyatlarının təşkili haqqında xeyli məlumatlar mövcuddur.
1945-ci ilin 24 iyun tarixində Moskvada qələbə paradı keçirildi. Bütün dünyaya qələbənin təntənəsini göstərmək istəyən Stalin eyni zamanda muharibə illərinin cinayətlərini də bununla ört-basdır edirdi. Repressiya olunmuş, sürgün edilmiş, həbsxanalarda öldürülmuş çox sayda ləyaqətli insanların taleyini görməməzdən gəlmək sonralar da bu ölkənin dövlət siyasətinə çevrildi.
09:30 09.05.2026
Oxunuş sayı: 48