İran Çin və Rusiyanın əlində ABŞ-yə qarşı istifadə olunan geosiyasi kartdır - MÜSAHİBƏ
ABŞ ilə İran arasında mümkün razılaşma ehtimalı yenidən dünya siyasətinin əsas müzakirə mövzusuna çevrilib. ABŞ prezidenti Donald Tramp Tehranla anlaşmanın yaxın vaxtlarda əldə oluna biləcəyinə ümid etdiyini açıqlayıb. Vaşinqtonun əsas tələbləri arasında İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməsi və nüvə obyektlərinin fəaliyyətinə ciddi məhdudiyyətlərin tətbiqi dayanır. Bunun qarşılığında isə sanksiyaların mərhələli şəkildə yumşaldılması ehtimalı gündəmdədir. Ancaq bölgədə artan hərbi ritorika göstərir ki, tərəflər hələ də tam etimad mühitinə yaxın deyillər. Xüsusilə İsrailin İrana qarşı mümkün əməliyyatlarla bağlı sərt mesajları regionda gərginliyin davam etdiyini göstərir. Buna baxmayaraq, hazırkı diplomatik təmaslar uzun fasilədən sonra Vaşinqton və Tehran arasında ən ciddi yaxınlaşma cəhdlərindən biri kimi qiymətləndirilir.
Politoloq Natiq Miri mövcud vəziyyətlə bağlı Crossmedia.az-a müsahibə verib.
-ABŞ–İran yaxınlaşması Çin və Rusiya kimi güclərin regiondakı təsirini zəiflədə bilərmi?
-ABŞ-İran yaxınlaşması hələlik baş tutmayan sevdadır. Ona görə baş tutmayan bir sevdanın perspektivləri, nəticələri haqqında danışmaq qeyri-ciddi olardı. Çünki ABŞ prezidenti Donald Tramp hər nə qədər danışıqların yaxşı getdiyi haqqında müəyyən moizə oxusa da, fakt ondan ibarətdir ki, İranda bu gün mövcud idarəetmə rejimi bütöv bir sistem şəklində fəaliyyət göstərə bilmir.
- Yəni danışıqları real hesab etmirsiniz?
- İcraedici struktur- istər Xarici İşlər Nazirliyi, istər prezident, istər hətta parlament sədri səviyyəsində müəyyən razılaşmanın tərəfdarları ola bilər. Danışıb hətta razılığa da gələ bilərlər. Ancaq məsələ burasındadır ki, hərbi güc, dağıdıcı güc məhz hərbi diktaturanın, yəni SEPAH-ın səlahiyyətindədir. Ona görə istənilən bir anlaşmanı bir anda pozmaq SEPAH üçün heç nə ifadə etmir. Bundan başqa, İranın ali rəhbəri Əli Xameneinin oğlu Müctəbanı hələ görən olmayıb. Üstəlik, Müctəba bu gün daha çox SEPAH-dan gələn qərarların notarius şəklində təsdiqindən başqa xüsusi bir missiya ilə fərqlənmir. Yəni atası Əli Xamenei hər şeyin fövqündə olan dini-siyasi lider idi və güc mərkəzləri, hakimiyyət qolları arasında balans yarada bilirdi. Ancaq bu gün belə bir vəziyyət İranda mövcud deyil. Ona görə mən ABŞ-İran yaxınlaşmasından danışmağın hələ çox tez olduğunu düşünürəm.

-ABŞ ilə İran arasında mümkün razılaşma Yaxın Şərqdə güc balansını hansı istiqamətdə dəyişə bilər?
-Təbii ki, belə bir anlaşma, yaxınlaşma olarsa və perspektivdə ABŞ-İran əməkdaşlığı mümkün olarsa, İrana qarşı tətbiq olunan sanksiyalar ləğv edilərsə, dondurulmuş İran aktivləri İrana geri qaytarılarsa, o cümlədən investisiyaların İrana yolu açılarsa, bu kontekstdə ABŞ və İranın birgə enerji sahəsinə, xüsusilə də neft-qaz sektoruna investisiyalar qoyulması təmin olunarsa, yalnız bundan sonra ABŞ-İran yaxınlaşmasından danışmaq olar. Çünki bu cür investisiyaların qoyulması İranın enerji daşıyıcıları sahəsində ABŞ-nin söz sahibi olması demək olacaq. Bu da ABŞ-nin geosiyasi maraqlarına uyğundur.
Çünki ABŞ dünyada enerji qaynaqlarının məhz öz nəzarətində olmasına çalışır. Bu enerji daşıyıcılarına ehtiyacı olan bütün dövlətlər məhz ABŞ-nin razılığından keçərək enerji ilə təmin oluna bilsinlər. Yəni ABŞ bütün qlobal gücləri, o cümlədən başda Çin olmaqla, özündən asılı vəziyyətdə saxlamaq istəyir. Ancaq hələlik bu vəziyyəti təsəvvür etmək özü belə çox çətindir. Çünki İranda çox qəliz bir vəziyyət yaranıb.
- SEPAH-ın İran daxili siyasətində doninantlığı proseslər üçün nə vəd edir?
- SEPAH 1979-cu ildən sonra qurulan teokratik rejimin bu cür idarəetməsindən sonra ilk dəfədir ki, hakimiyyəti tam şəkildə ələ alıb. Bu gün nə prezidenti, nə parlament sədrini, nə də teokratik sistemin tərkib hissəsi olan mollaları, ayətullahları sayan yoxdur. Artıq ayətullahların səsi belə çıxmır. Çünki onları eşidən, onların fikirləri ilə razılaşan kimsə yoxdur. Ona görə də SEPAH kimi bir güc mərkəzinin bu hakimiyyəti asanlıqla təhvil verəcəyini gözləmək çox çətindir. Nəzərə alsaq ki, ali lider Müctəba Xamenei də ortalıqda yoxdur və onun varlığı, sağlamlığı ilə bağlı fikirlərin yalnız sözdə olaraq cəmiyyətə və dünyaya təqdim olunması dolayısıyla həm də SEPAH-ın mövqeyini gücləndirir. Çünki SEPAH özünün verdiyi fikirləri məhz ali ruhaninin fikirləri kimi təqdim etməklə mövqelərini güclü saxlayır. Ancaq reallıqda bu belə olmaya da bilər. Çünki bir dövlətin prezidentinin, hökumət rəhbərinin Müctəba hakimiyyətə gələndən bəri hələ də onunla görüşə bilməməsi, baxmayaraq ki, dəfələrlə, bir çox suallar yaradır. Bu vəziyyət bərqərar olandan sonra, yəni ABŞ-İran yaxınlaşması sözdə deyil, əməli olaraq mümkün olduğu təqdirdə bu cür qüvvələr balansından, eyni zamanda Çin və Rusiyanın regiondakı təsirinin zəifləməsindən və yaxud güclənməsindən danışmaq olar. Bundan sonra da sanksiyalar ləğv olunmayacaq. Bunun üçün də zamana ehtiyac var. Çünki ABŞ İranın əməli fəaliyyətinə və bu razılaşmadan irəli gələn müddəaların icra edilməsinə baxacaq. Həmçinin nüvə məsələsi ilə bağlı Beynəlxalq Agentlik daimi fəaliyyət göstərəcək və heç bir məhdudiyyət qoyulmadan istənilən vaxt nüvə mərkəzlərini yoxlamaq imkanına malik olmalıdır. Bütün bunlar yerinə yetiriləndən sonra sanksiyaların tədricən ləğvindən söhbət gedə bilər. O vaxta qədər də İran, ən azından dırnaq arası, həm Rusiyanın, həm də Çinin müttəfiqi sayılır. Bütün bu danışıqlar prosesində İran hər zaman öz xarici işlər nazirini istər Rusiyaya, istərsə də Çinə göndərir. Bu faktor göstərir ki, İran hələ də Çin və Rusiyanın əlində ABŞ-yə qarşı istifadə olunan geosiyasi alətdir. Çünki Rusiyanın və Çinin yardımı olmadan İran ABŞ qarşısında dayanıqlı ola bilməz. Və İranın indiki vəziyyətdə Çin və Rusiya ilə münasibətləri tamamilə korlayıb ABŞ tərəfinə keçəcəyini iddia etmək də doğru olmazdı. Çünki bu rejimlər bir-birini təkrarlayan rejimlərdir. Necə Rusiyada və Çində avtoritar rejim varsa, bu gün İranda da diktatura mövcuddur.
Fatimə
18:41 08.05.2026
Oxunuş sayı: 68