İran gərginliyi fonunda Misir qırıcıları BƏƏ-də yerləşdirilib
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Misir Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin yerləşdirildiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Məlumata görə, məsələ Misir prezidenti Əbdülfəttah əs-Sisinin BƏƏ-yə səfəri çərçivəsində gündəmə gəlib. O, səfər zamanı BƏƏ-də yerləşdirilən Misir hərbi hava bölmələrinə baş çəkib.
BƏƏ-nin rəsmi xəbər agentliyi WAM hadisə ilə bağlı yayımladığı məlumatda bildirib ki, Misir lideri İran tərəfindən BƏƏ-də mülki obyektlərə və mülki şəxslərə qarşı həyata keçirildiyi iddia edilən hücumları pisləyib və Əmirliklərə dəstəyini ifadə edib.
Digər tərəfdən, Asr Iran yayımladığı məlumatda qeyd edib ki, Misir mayın 4-dən etibarən BƏƏ ərazisindəki hərbi hava bazalarına döyüş bölmələri yerləşdirməyə başlayıb.
Məlumata əsasən, proses çərçivəsində ümumilikdə 24 ədəd qırıcı təyyarə — Dassault Rafale və F-16 Block 52 — iki eskadrilya şəklində Əl-Dhafra aviabazasında yerləşdirilib. Həmçinin elektron müharibə dəstək bölmələrinin də həmin bazada fəaliyyətə başladığı bildirilir.
Hadisə regionda artan İran gərginliyi fonunda diqqət çəkir və Yaxın Şərqdə hərbi-siyasi dinamikanın daha da kəskinləşdiyi kimi qiymətləndirilir.
17:25 08.05.2026
Oxunuş sayı: 31