Körfəz ölkələri ABŞ-ın İrana qarşı planında hansı rolu oynayır?
Səudiyyə Ərəbistanı və Küveytin öz ərazilərindəki bazalara ABŞ hərbçilərinin girişini yenidən bərpa etməsi Körfəz regionunda geosiyasi balansın yenidən aktivləşdiyini göstərir.
Bu addım ilk baxışda texniki və hərbi əməkdaşlıq kimi görünsə də, əslində İran–Qərb münasibətləri fonunda daha geniş strateji mənaya malikdir.
Körfəz ölkələrinin ABŞ ilə hərbi koordinasiyanı gücləndirməsi regionda təhlükəsizlik arxitekturasının yenidən formalaşdığına işarə edir və bu, istər münaqişənin gedişinə, istərsə də İranın regional siyasətinə birbaşa təsir göstərə biləcək inkişafdır.
Mövzu ilə bağlı politoloq Aydın Quliyev Crossmedia.az-a açıqlama verib:

“Körfəz ölkələrinin İrana qarşı daha geniş cəbhə açılması məsələsində ləng tərpənmələri özü-özlüyündə ABŞ prezidenti Donald Trampın planlarına dair ciddi suallar yaradır. İlk olaraq, Səudiyyə Ərəbistanının vəliəhdi əvvəlcə öz bazalarından istifadəyə etiraz etsə də, sonradan şübhəsiz ki, ABŞ-nin və Trampın təzyiqləri altında geri çəkildi və ölkə ərazisindəki hərbi obyektlərin ABŞ istifadəsinə açılmasına razılıq verdi.
Əslində isə Səudiyyə Ərəbistanı və Küveytin hərbi bazaları açmaqda tərəddüd etməsi İrana qarşı aparılan kampaniyada o qədər də ciddi rol oynamır. Nəzərə alsaq ki, Körfəz ölkələrinin ərazisində ABŞ-ın 40-a yaxın hərbi bazası mövcuddur, bu bazalardan bir neçəsinin hansısa mərhələdə prosesə tam cəlb olunmaması belə İrana qarşı əməliyyatların ümumi gedişatına ciddi təsir göstərməyib”.
Politoloq əlavə edib ki, bir neçə bazanın istifadəyə verilməsindəki gecikmə və ya tərəddüd ümumi hərbi kampaniyanın nəticələrinə ciddi mənfi təsir göstərmir:
“Eyni zamanda ehtimal olunur ki, gələcəkdə Səudiyyə Ərəbistanı və Küveytin də öz ərazilərindəki bazaları ABŞ istifadəsinə açması belə hərbi əməliyyatların gedişində fundamental dəyişiklik yaratmayacaq. Bu proses daha çox Trampın siyasi gündəliyində Körfəz ölkələrinin tam şəkildə onun tərəfində olduğu barədə görüntü yaratmaq məqsədi daşıyır.
Yəni bu addımlar hərbi nəticələrdən daha çox siyasi mesaj xarakteri daşıyır. Tramp Körfəz ölkələrinin tam dəstəyini aldığı görüntüsünü formalaşdırmağa çalışır ki, bu da İrana qarşı mümkün hərbi əməliyyatların real balansını ciddi şəkildə dəyişmir.
Əksinə, Səudiyyə Ərəbistanı və Küveytin bu prosesə daha aktiv qoşulması onları İranın daha sərt cavab zərbələrinin hədəfinə çevirə bilər. Bu baxımdan, Körfəz ölkələrinin müharibəyə müdaxilə məsələsinə milli maraqlar prizmasından yanaşması daha rasional nəticələr verə bilər.
Çünki mövcud müharibə prosesləri göstərir ki, ABŞ əsasən birbaşa müdaxilədən çox İsrailin müdafiə sistemlərinin və təhlükəsizlik arxitekturasının qorunmasına fokuslanır. Bu səbəbdən Körfəz ölkələri öz milli təhlükəsizlik maraqlarını yenidən qiymətləndirsələr, daha balanslı və riskləri azaldan mövqe tuta bilərlər”.
Ayhan
16:15 08.05.2026
Oxunuş sayı: 38