Rusiya mediasında Qarabağla bağlı yanlışlıq, yoxsa tendensiya?
Rusiyanın dövlət kanalında yayımlanan proqramda Azərbaycanın təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi və xəritədə artıq mövcud olmayan qondarma “Dağlıq Qarabağ” ifadəsinin yer alması ictimaiyyət tərəfindən ciddi narazılıqla qarşılanıb.
Xüsusilə, rəsmi dövlət mediasında bu cür həssas məsələlərlə bağlı yol verilən “yanlışlıqlar” təsadüfi texniki səhv kimi deyil, siyasi və ideoloji mesaj xarakterli addım kimi qiymətləndirilir.
Çünki Azərbaycan 2023-cü ildə öz suverenliyini tam bərpa edib və “Dağlıq Qarabağ” adlı inzibati vahid artıq nə hüquqi, nə də siyasi baxımdan mövcuddur.
Belə bir ifadənin yenidən informasiya məkanına daşınması Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik kimi qəbul edilir.
Eyni zamanda sual yaranır ki, əgər bu həqiqətən “yanlışlıq” idisə, niyə məhz ən həssas və siyasi manipulyasiyaya açıq olan Qarabağ məsələsində baş verdi?
Bu məqam hadisənin təsadüfdən daha çox məqsədli informasiya təsiri elementləri daşıdığı barədə müzakirələri gücləndirir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-a açıqlama verib:

“Azərbaycana aid toponimlərin və inzibati ərazi vahidlərinin təhrif olunmuş şəkildə təqdim edilməsi Rusiyada artıq müəyyən dairələr tərəfindən bir ənənəyə çevrilib. Azərbaycanda mövcud olmayan hansısa inzibati vahid barədə mövcudmuş kimi danışmaq, eyni zamanda bu zəmində etnik separatçılıq üçün perspektiv formalaşdırmağa çalışmaq uzun illərdir Rusiya siyasətində müşahidə olunan yanaşmalardan biridir.
Xüsusilə, Rusiyadakı bəzi ermənipərəst media subyektləri bunu demək olar ki, gündəlik fəaliyyət formasına çeviriblər. Bu isə yolverilməzdir. Belə yanaşmalar beynəlxalq hüquqa ziddir, Azərbaycan-Rusiya münasibətlərinin ruhuna uyğun deyil və ən əsası Cənubi Qafqazda əldə olunması mümkün görünən sülh perspektivlərinə zərbə vurur.
Azərbaycan ərazisində separatçılıq ocaqlarının formalaşdırılması da tarixən məhz Rusiya siyasəti ilə bağlı olub. Hələ Çar Rusiyası dövründən başlayan bu siyasət sonradan Sovet Rusiyası tərəfindən də müxtəlif formalarda davam etdirilib və dəstəklənib.
Hazırda isə Azərbaycan bu separatçı tendensiyalara son qoyub və regionda yeni siyasi reallıq formalaşdırıb”.
Deputat əlavə edib ki, bölgədə ermənilərin də maraqlarına cavab verə biləcək real sülh şərtləri meydana çıxması ilkdir:
“Əgər ermənilər bu məsələdə bəzi rus dairələrindən daha rasional və praqmatik davransalar, bu, region üçün daha faydalı nəticələr verə bilər. Çünki Rusiyadakı müəyyən dairələrin sərgilədiyi bu mövqe əslində daha çox imperialist ambisiyaların təzahürüdür. Müasir tarixi mərhələdə isə bu cür yanaşmalara artıq yer yoxdur”.
Ayhan
15:20 08.05.2026
Oxunuş sayı: 49