ABŞ-nin sanksiyaları - İran iqtisadiyyatı nə vaxta qədər davam gətirəcək?
ABŞ-İran münasibətləri uzun illərdir sanksiyalar və siyasi gərginlik üzərində qurulub. ABŞ, xüsusilə Donald Trump dövründə “maksimum təzyiq” siyasəti ilə İran iqtisadiyyatına ciddi təsir göstərməyə çalışır.
Hazırda İran iqtisadiyyatı sanksiyalar, inflyasiya və valyuta təzyiqi altında olsa da, tam çökmə vəziyyətində deyil və alternativ ticarət əlaqələri ilə fəaliyyətini davam etdirir.
ABŞ-nin məqsədi təzyiqi artırmaq olsa da, İranın resursları və regional əlaqələri səbəbilə iqtisadiyyatın tam çökdürülməsi real olaraq çətin görünür.
Mövzu ilə bağlı iqtisadçı Eyyub Kərimli Crossmedia.az-a açıqlama verib:

“İran iqtisadiyyatı artıq 20 ildən çoxdur ki, ciddi sanksiyalara məruz qalır. Lakin tarix və zaman göstərir ki, bu sanksiyalar iqtisadiyyata mənfi təsir etsə də, tam iflas və ya dərin geriləmə baş vermir. Bunun əsas səbəblərindən biri İranın zəngin təbii ehtiyatlara, xüsusilə neft və qaz resurslarına malik olmasıdır.
Bu baxımdan, İran müxtəlif ölkələrlə ticarət əlaqələri quraraq iqtisadi fəaliyyətini davam etdirə bilir. Əlbəttə, bu gün ölkə iqtisadiyyatının vəziyyəti ürəkaçan deyil. Hətta İran bəzi hallarda hasil etdiyi nefti belə istədiyi səviyyədə sata bilmir.
Hesab olunur ki, mövcud münaqişə uzandıqca bu vəziyyət iqtisadiyyata daha çox mənfi təsir göstərəcək. Bununla yanaşı, İran iqtisadiyyatını müəyyən qədər dəstəkləyən ölkələr də mövcuddur. Bunlar arasında Çin, Pakistan və bəzi hallarda Yaponiya kimi dövlətlər yer alır və onlar İranla müxtəlif səviyyələrdə ticarət əlaqələri saxlayırlar”.
İqtisadçı əlavə edib ki, İran iqtisadiyyatı yalnız neftdən asılı deyil:
“Ölkədə geniş kənd təsərrüfatı sektoru mövcuddur və bu sahə də iqtisadiyyata ciddi dəstək verir. Hazırda İranda yüksək inflyasiya müşahidə olunur ki, bu da sosial-iqtisadi vəziyyətə təsir edir. Lakin tarixən İran cəmiyyətinin çətinliklərə dözümlü olduğu və ağır şərtlər altında belə iqtisadi fəaliyyətini davam etdirdiyi məlumdur.
Bununla belə, münaqişə uzandıqca İran iqtisadiyyatının zəifləməsi və beynəlxalq iqtisadi əlaqələrinin daha da məhdudlaşması qaçılmaz görünür”.
Ayhan
17:00 06.05.2026
Oxunuş sayı: 50