Eyni əmək, eyni maaş - praktikada necə işləyəcək?
Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə” yeni qanun ölkədə əmək münasibətlərinin daha ədalətli və şəffaf əsaslar üzərində qurulmasına yönəlmiş mühüm addım kimi qiymətləndirilir.
Dəyişikliklər xüsusilə, əməkhaqqı sahəsində gender bərabərliyinin real şəkildə təmin olunmasını hədəfləyir və işəgötürənlərin bu istiqamətdə məsuliyyətini daha da dəqiqləşdirir.
Əmək Məcəlləsinin 12-ci və 154-cü maddələrinə edilən əlavələrə əsasən, eyni və ya bərabər dəyərli işi yerinə yetirən işçilərə cinsindən asılı olmayaraq eyni əməkhaqqının ödənilməsi öhdəliyi hüquqi baxımdan daha aydın şəkildə təsbit olunur.
Bu dəyişikliklər həm sosial ədalət prinsiplərinin gücləndirilməsi, həm də əmək bazarında diskriminasiyanın qarşısının alınması baxımından diqqət çəkir və geniş ictimai müzakirələrə yol açır.
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Crossmedia.az-a açıqlama verib:

“Bu qərar müəyyən baxımdan doğru bir yanaşmadır, amma eyni zamanda işçilər arasında qəbul olunmaya da bilər. Çünki işçilərdən biri öz vəzifə öhdəliklərini kifayət qədər yaxşı yerinə yetirir, digəri isə yerinə yetirmədiyi halda ən azı onun qədər əməkhaqqı alırsa, bu, gələcəkdə əmək kollektivində ciddi narazılıqlara və problemlərə səbəb ola bilər.
Eyni zamanda bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə görə, qanun və məhkəmə qarşısında hər kəs bərabərdir. Əgər qanun bu qəbildən olan şəxslərə müəyyən dəyişiklikləri və pozitiv yanaşmanı tanıyır və dəstəkləyirsə, bu, ümumi hüquq kontekstində normal və hətta doğru hesab edilə biləcək bir dəyişiklikdir.
Hüquqşünas əlavə edib ki, vahid tarif–ixtisas sorğu kitablarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri mütləq qaydada vətəndaşlara və işçilərə bərabər münasibət prinsipi əsasında tətbiq olunmalıdır”.
Ayhan
14:45 08.05.2026
Oxunuş sayı: 50