Trampın “nüvə tozu” açıqlaması nə deməkdir?
ABŞ Prezidenti Donald Trampın İranla bağlı səsləndirdiyi bu açıqlama əslində həm diplomatik təzyiq, həm də siyasi mesaj xarakteri daşıyır.
Trampın “nüvə tozu” adlandırdığı zənginləşdirilmiş uranın Vaşinqtona təhvil verilməsi barədə dedikləri beynəlxalq arenada ciddi müzakirələrə səbəb olub.
Lakin maraqlı məqam ondan ibarətdir ki, Tehran hələlik bu iddiaları rəsmi şəkildə təsdiqləməyib.
Ekspertlərin fikrincə, İranın nüvə proqramından tam imtina etməsi asan görünmür. Çünki bu proqram Tehran üçün təkcə enerji və təhlükəsizlik məsələsi deyil, həm də regional güc və siyasi nüfuz vasitəsidir.
Digər tərəfdən, Tramp administrasiyasının sərt ritorikası və “ya razılaşma, ya təzyiq” siyasəti bunun daha çox Vaşinqtonun növbəti geosiyasi oyunu ola biləcəyi ehtimalını da gücləndirir.
Buna görə də, qarşıdakı dövrdə tərəflər arasında həm gərginliyin, həm də gizli diplomatik danışıqların paralel davam etməsi istisna olunmur.
Mövzu ilə bağlı politoloq Aydın Tağıyev Crossmedia.az-a açıqlama verib:

“Trampın dediyi “nizamlanma planı” yəni İranın nüvə silahından imtina etməsi və “nüvə tozu” adlanan maddəni Vaşinqtona təhvil verməsi əslində çox sərt və maksimalist bir şərtdir.
Fikrimcə, rəsmi Tehran bu addımı atmyacaq. Çünki Tehran uzun illərdir nüvə proqramını milli suverenlik və təhlükəsizlik məsələsi kimi təqdim edir. Bu səbəbdən tam imtina və üstəlik strateji materialı ABŞ-a təhvil vermək İran üçün siyasi baxımdan “təslim olmaq” anlamına gələr.
Görünən odur bu, plan daha çox psixoloji və siyasi təzyiq xarakteri daşıyır. Trampın diplomatiyasında “maksimum tələb” irəli sürüb, sonra güzəşt almaq taktikasına tez-tez rast gəlinir bu da onlardan birdir”.
Politoloq bildirib ki, burda razılıq ehtimalı çox azdır:
“İranın belə bir razılığa getməsi real görünmür. Çünki bu, həm daxili legitimlik, həm də regional güc balansı baxımından Tehranın mövqeyini zəiflədər.
Trampın “nizamlanma planı” real razılaşma deyil, siyasi oyun və təzyiq mexanizmidir. İran üçün bu şərtlər qəbulolunmazdır, lakin ABŞ onları danışıqlarda üstünlük kartı kimi istifadə edəcək.
Bu, tərəflər arasında gərginliyi artıracaq, amma eyni zamanda danışıqların istiqamətini müəyyənləşdirən əsas faktor olacaq”.
Ayhan
18:30 08.05.2026
Oxunuş sayı: 36