Bakı şəhəri
Beşinci hissə: Bakı şəhəri
Tarix elmləri doktoru Həsən Həsənov özünün “Qız qalası” adlı monoqrafiyasında Bakının qədim tarixi, onun müxtəlif dövrlərdə daşıdığı adlar və bu adların mənşəyi ilə bağlı geniş tədqiqat aparıb. Saytımız həmin araşdırmanı 7 hissə şəklində təqdim edirik.
X əsrdən etibarən müsəlman müəlliflərinin əsərlərində Bakının adı müxtəlif formalarda işlədilib:
“Bakun” – İstəxri (930), Məsudi (943–944); “Bakuya” – Əbu-Düləf (X əsr); “Baku” – “Hudud
əl-Aləm” (982); “Bakun” – Əl-Müqəddəsi (985), Əl-Biruni (XI əsr); “Bakuya” – Yaqut əl Həməvi (XIII əsr), Əbü-l-Fida (XIV əsr); Sonrakı dövrlərdə Övliya Çələbi, Hacı Xəlifə və başqaları da “Bakun” formasını işlədiblər.
Avropa və rus mənbələrində isə XIV əsrdən başlayaraq “Bacu”, “Bachu”, “Backu”, “Baca” kimi variantlar qeydə alınır. Qədim rus mənbələrində “Baka”, müasir rus dilində isə “Baku” forması qəbul olunub.
Azərbaycan müəllifləri də müxtəlif variantlardan istifadə ediblər: “Baku” – Xaqani Şirvani, Fəzlullah Rəşidəddin; “Bakuya” – Nəsrəddin Tusi, Həmdullah Qəzvini; Hətta Cümə məscidi minarəsinin bünövrəsindəki yazıda və Hülakilər sülaləsi dövrünə aid sikkələrdə şəhərin adı “Bakuya” kimi qeyd olunub.
“Bakı” sözünün kök komponentləri olan “Bağ/Baq” anlayışı qədim türk dünyagörüşündə mühüm yer tutur:
* “Bağ” – qurban mərasimi və dini ayinlərlə bağlı anlayışdır;
* “Bağ/böq” – məbəd, tanrıçılıq (yəni müqəddəs məkan);
* “Buğa” – Böyük Od tanrısı ilə əlaqələndirilən simvol;
* “Bakır/Bakı” – Günəş tanrısının məbədi kimi izah olunur.
Bu yanaşmaya görə, Bakı sadəcə yaşayış məntəqəsi deyil, qədimdə dini-mistik mərkəz olub.
Mənbələrdə Bakı və ətraf ərazilərlə bağlı müxtəlif etnos və dini qruplar qeyd olunur:
* Herodot və Hekatey Araz çayı sahillərində “mikki-müki” tayfalarından bəhs edir;
* Əhəməni və yunan mənbələrində “muqi”, Sasani mənbələrində “maxi”, orta əsrlərdə “muğan”, “muqal” kimi adlar çəkilir;
* Xüsusilə Midiya da məskunlaşan “maq” tayfası diqqət çəkir.
Bu tayfa haqqında məlumatlar Bisütun kitabəsi, Herodot və Ksenofont əsərlərində yer alır. Maqlar həm etnik qrup, həm də kahinlər təbəqəsi kimi çıxış edirdi və Azərbaycan xalqının etnogenezində iştirak etmiş sayılır.
Sonrakı dövrlərdə “muğanlar”, “muqallar” kimi tayfalar haqqında məlumatlar mövcuddur. Övliya Çələbi onların Qafqazda yaşadığını qeyd edir. Abbasqulu ağa Bakıxanov isə XVIII əsrdə muğanlı tayfasının fəaliyyətindən bəhs edir.
Eyni zamanda, Qafqaz Albaniyasında “Baq” adlı etnosun mövcudluğu qeyd olunur. Bu barədə Musa Kalankatuklu məlumat verir. Tədqiqatçılar bu etnosun “Balasakan” və “Balakan” kimi toponimlərdə iz buraxdığını bildirirlər.
Əhəməni dövrünə aid Bisütun kitabəsində tanrı mənasında “baqaha” termini işlədilir. Burada Ahura Mazda ilə yanaşı “digər ilahilər” də qeyd olunur. Avropalı tədqiqatçı Mary Boyce bu termini Ahura Mazdaya tabe olan ikinci dərəcəli ilahilər kimi izah edir. Sovet alimi İqor Dyakonov isə “baqa” sözünün fars deyil, Midiya mənşəli olduğunu qeyd edir. Bu isə “baq” anlayışının bölgəyə yad deyil, yerli və qədim köklərə malik olduğunu göstərir.
Qədim türk dillərində:
* “bög/bog/bug” – tanrı, ilahi, müqəddəs;
* “böqtaq” – ilahi kömək;
* “buğa” – müqəddəs totem (öküz) kimi işlədilir.
Totemik inanclarda maral və öküz xüsusi yer tutur. Skiflərdə ayaqları qatlanmış heyvan təsvirləri tanrını simvolizə edirdi. Türk dillərində “bağdaş qurmaq” ifadəsi də bu semantikaya yaxın olub “tanrıya bənzər vəziyyət” kimi izah olunur. Araşdırmaya əsasən, “Bakı” toponimi “boğ/böq” – yəni “tanrı, ilahi” anlayışı ilə bağlıdır. Bu yanaşma Bakının adının: sanskrit və ya fars deyil, məhz Altay-türk mənşəli olduğunu irəli sürür. Beləliklə, “Bakı” sözü çoxqatlı – polisemantik məna daşıyır və şəhərin qədim dövrlərdə dini, sakral və mədəni mərkəz kimi formalaşdığını göstərir.
Professor,
Həsən Həsənov
11:00 08.05.2026
Oxunuş sayı: 434