Keçmişi casusluq olan NASA teleskopu kosmosa göndərilir
NASA-nın Nancy Grace Roman Kosmik Teleskopunun avqustun 30-da kosmosa göndərilməsi planlaşdırılır; teleskopun əsas optik sisteminin texnologiyası əvvəlcə hərbi-kəşfiyyat məqsədləri üçün hazırlanıb.
Crossmedia.az xəbər verir ki, National Public Radio bu barədə məlumat yayıb.
Teleskopun əsasında əsas güzgü və doqquz köməkçi güzgüdən ibarət optik sistem dayanır. Bu texnologiya ilkin olaraq astronomik müşahidələr üçün deyil, ABŞ-nin hərbi-kosmik kəşfiyyat məqsədləri üçün hazırlanıb.
1999-cu ildə ABŞ-nin Milli Kəşfiyyat İdarəsi Boeing şirkətinə optik və radar kəşfiyyat peyklərinin hazırlanmasını nəzərdə tutan milyardlarla dollarlıq Future Imagery Architecture proqramını sifariş edib. Lakin layihə böyük maliyyə xərcləri ilə üzləşib və 2005-ci ildə dayandırılıb.
Sonradan istifadə olunmayan optik sistemlər NASA-ya təhvil verilib və onların konstruksiyası elmi məqsədlərə uyğun şəkildə əhəmiyyətli dərəcədə dəyişdirilib.
İndi isə teleskopun əsas missiyası kainatın sürətlə genişlənməsi ilə əlaqələndirilən qaranlıq enerjini araşdırmaq olacaq. NASA-nın məlumatına görə, Roman teleskopu qaranlıq enerji, ekzoplanetlər və digər astrofizika məsələləri üzrə mühüm araşdırmalar aparacaq.
Teleskopun beşillik elmi missiya üçün hazırlanması nəzərdə tutulur. Onun 30 avqust 2026-cı ildə SpaceX-in Falcon Heavy raketi ilə Floridadakı Kennedi Kosmik Mərkəzindən buraxılması planlaşdırılıb.
17:51 28.08.2026
Oxunuş sayı: 43