“Sosial şəbəkə dili” gündəlik nitqimizi ələ keçirir
Sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrilməsi yalnız ünsiyyət formasını deyil, gündəlik danışıq və yazı vərdişlərimizi də dəyişir. Xüsusilə gənclər arasında sosial media platformalarında formalaşan yeni ifadə tərzi getdikcə real həyata və şifahi nitqə də sirayət edir. Qısaltmalar, internet jarqonu, müxtəlif xarici ifadələr və Azərbaycan dilində qarşılığı olan sözlərin əvəzinə işlədilən ingilis və rus mənşəli sözlər gündəlik ünsiyyətdə daha çox görünür. Bununla yanaşı, mütaliəyə marağın azalması və söz ehtiyatının məhdudlaşması da nitq mədəniyyətinin zəifləməsinə təsir göstərən amillər sırasındadır. Dilçilər hesab edirlər ki, başqa dilləri bilmək və xarici sözlərdən istifadə etmək özü-özlüyündə problem deyil. Əsas məsələ xarici sözlərin Azərbaycan dilində qarşılığı olduğu halda zərurətsiz şəkildə üstün tutulmamasıdır. Çünki sosial şəbəkələrdə formalaşan ünsiyyət tərzi xüsusilə gənc nəslin dil vərdişlərinə uzunmüddətli təsir göstərə bilər. Bəs sosial media dili Azərbaycan dilinin zənginliyinə və nitq mədəniyyətinə hansı təsiri göstərir?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən professor Sevinc Əliyeva bildirib ki, Ana dilində danışıq mədəniyyətinin zəifləməsinə bir sıra amillər təsir göstərir. İlk növbədə, dilə düzgün münasibətin formalaşmaması, mütaliəyə marağın azalması və söz ehtiyatının məhdudlaşması bu baxımdan diqqəti cəlb edir:
"Müasir dövrdə sosial şəbəkələrin geniş yayılması da insanların nitqinə ciddi təsir göstərir. Burada qısaltmalardan, internet jarqonundan, eləcə də Azərbaycan dilində qarşılığı olduğu halda xarici sözlərdən istifadə hallarına tez-tez rast gəlinir.
Digər tərəfdən, gündəlik danışıqda rus və ingilis dillərindən sözlərin zərurət olmadan işlədilməsi, dialekt və jarqon ifadələrin ədəbi dilə keçirilməsi də nitq mədəniyyətinin səviyyəsinə təsir göstərir. Ailə, məktəb və media mühitində düzgün nitq nümunələrinin təbliği bu problemin qarşısının alınmasında mühüm rol oynaya bilər.
Xarici dilləri bilmək, əlbəttə, müasir insan üçün böyük üstünlükdür. Lakin başqa dilləri öyrənmək ana dilinin imkanlarını arxa plana keçirməməlidir. Ana dilinə hörmət onu düzgün, aydın, səlis və ədəbi normalara uyğun şəkildə işlətməklə başlayır. Buna görə də hər birimiz gündəlik ünsiyyətdə dilimizin zənginliyini qorumağa və gələcək nəsillərə düzgün nitq nümunəsi ötürməyə çalışmalıyıq".
Professor əlavə edib ki, xarici sözlərin və sosial şəbəkə dilinin gündəlik danışığımıza təsiri kifayət qədər böyükdür: "Xüsusilə gənclərin ünsiyyətində Azərbaycan dilində qarşılığı olan bəzi sözlərin əvəzinə ingilis və rus mənşəli ifadələrin işlədilməsi getdikcə daha çox müşahidə olunur. Sosial şəbəkələrdə geniş yayılan qısaltmalar, internet jarqonu və sürətli yazışma üslubu da insanların gündəlik nitqinə keçərək danışıq vərdişlərinə təsir göstərir.
Təbii ki, dil daim inkişaf edir və başqa dillərdən sözlərin alınması normal prosesdir. Əsas məsələ həmin sözlərdən ehtiyac olduqda və düzgün şəkildə istifadə etməkdir. Azərbaycan dilində qarşılığı olan sözləri səbəbsiz yerə xarici ifadələrlə əvəz etmək isə dilimizin ifadə imkanlarından istifadənin azalmasına gətirib çıxara bilər.
Ona görə də sosial şəbəkələrdən istifadə edərkən də ədəbi dil normalarına diqqət yetirməliyik. Müasir texnologiyadan və xarici dillərdən faydalanmaqla yanaşı, ana dilimizin zənginliyini və özünəməxsusluğunu qorumaq vacibdir”.
Zeynəb Həsən
16:30 28.08.2026
Oxunuş sayı: 62