Sahibə Qafarova parlament diplomatiyasının sülhə töhfə verə biləcəyini bildirib
Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığının Pnompen şəhərində keçirilən “Sülh və ümumi rifah naminə həmrəylik: Beynəlxalq hüququn gücləndirilməsi və münaqişələrin sülh yolu ilə həlli” mövzusuna həsr olunmuş İkinci Parlamentlərarası Spikerlər Konfransına videomüraciət ünvanlayıb.
Crossmedia.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, spiker müraciətində 2025-ci ildə yaradılmış gənc parlament təşkilatı olan Parlamentlərarası Spikerlər Konfransının parlament liderləri üçün açıq və effektiv platforma kimi inkişafını davam etdirəcəyinə inamını ifadə edib.
O, bu təşkilatın parlament diplomatiyasının inkişafına və bu Konfransın mərkəzində duran məqsədlərə – sülh, beynəlxalq hüquqa hörmət, münaqişələrin sülh yolu ilə həlli və ümumi rifaha effektiv töhfə verə biləcəyinə əminliyini bildirib.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu məqsədlər bu gün xüsusilə aktualdır. Silahlı münaqişələr, geosiyasi gərginliklər və humanitar böhranlar insan həyatını təhlükə altına qoyur, inkişafa mane olur və bərabərsizliyi dərinləşdirir. Heç bir ölkə təkbaşına davamlı sülhü təmin edə bilməz və heç bir cəmiyyət təcrid şəraitində çiçəklənə bilməz.
Sülhün beynəlxalq hüquqa əsaslanmalı olduğunu vurğulayan Milli Məclisin sədri qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinə ardıcıl olaraq hörmət edilməli, mübahisələr dialoq, danışıqlar və digər sülh vasitələri ilə həll edilməlidir.
Videomüraciətində parlamentlərin bu prosesdə praktiki məsuliyyətinə toxunan spiker Sahibə Qafarova parlament diplomatiyasının bu gərginliyi azalda, inamı gücləndirə və mübahisələrin sülh yolu ilə həllinə töhfə verə biləcəyinə inamını bildirib, tədbir iştirakçılarına uğurlar arzulayıb.
18:03 28.08.2026
Oxunuş sayı: 40