Elşad Həsənovun “Zəlimxan Yaqub (xatirələrim)” kitabının təqdimat mərasimi keçirildi
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda politoloq, yazıçı-publisist, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, ictimai-siyasi xadim, polkovnik Elşad Həsənovun “Zəlimxan Yaqub (xatirələrim)” kitabının təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan Səlim Bəbirli Zəlimxan Yaqub yaradıcılığının əhəmiyyətindən, müəllif Elşad Həsənovun şairlə olan yaxın dostluq münasibətlərindən və kitabın ərsəyə gəlmə prosesindən danışdı.

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda politoloq, yazıçı-publisist, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, ictimai-siyasi xadim, polkovnik Elşad Həsənovun “Zəlimxan Yaqub (xatirələrim)” kitabının təqdimat mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə açan Səlim Bəbirli Zəlimxan Yaqub yaradıcılığının əhəmiyyətindən, müəllif Elşad Həsənovun şairlə olan yaxın dostluq münasibətlərindən və kitabın ərsəyə gəlmə prosesindən danışdı.
Akademik Nizami Cəfərov çıxışında kitabın bədii və sənədli dəyərini yüksək qiymətləndirdi:
“Bu kitab sanki bir nəfəsə yazılıb. Vərəqlədikcə insan özünü bir sərgidə hiss edir. Elşad Həsənov bu əsərdə Zəlimxan Yaqubun çox gözəl bir mənəvi portretini çəkib. Əsərin predmeti ilə müəllif arasındakı o mənəvi əlaqə çox vacibdir və müəllif bu bağı çox peşəkar şəkildə qurub. Kitabın ən üstün cəhətlərindən biri də şairin ətraf mühitini, onu əhatə edən insanları və hadisələri özündə birləşdirməsidir. Allah Yaquba rəhmət eləsin, Elşada da ömür versin”.
Daha sonra isə söz Dövlət xadimi Həsən Həsənova verildi:
“Zəlimxan Yaqub üçün xüsusi seçilmiş poetik auditoriyaya ehtiyac yox idi; o, ən adi auditoriyada belə özünü ifadə etməyi, sözün sehri ilə insanları ətrafına toplamağı bacarırdı. Mən öz xatirələrimdə də Zəlimxandan böyük sevgi ilə bəhs etmişəm.Onun az qala hər iki sözündən biri ustadı Hüseyn Arifə həsr olunurdu. Zəlimxan Yaqubun yaradıcılıq mövzuları heç vaxt sıradan olmayıb. O tarixi şəxsiyyətlər haqqında yazırdı. Peyğəmbərimiz haqqında poema qələmə almaq hər qələm sahibinin hünəri deyil, Zəlimxan isə bunu bacardı. Daha sonra ölkə rəhbəri İlham Əliyev haqqında əsər yazdı və həmin kitabı şəxsən cənab Prezidentə özü təqdim etdi”.
Tədbir zamanı ədəbiyyatşünas, tənqidçi və publisist Əsəd Cahangir çıxış edərək, Zəlimxan Yaqubun yaradıcılığından danışdı:

“Zəlimxan Yaqub nəfəsli sənətkar idi. O danışanda sanki bütün Azərbaycan və türk poeziyası dil açırdı. Onun poemaları Azərbaycançılıq ideologiyasının rəmzi mahiyyətini daşıyır. O, təkrarolunmaz şair olmaqla yanaşı, həm də gənclərin hamisi idi, onlara hər zaman qayğı ilə yanaşardı”.
Şair Yusif Nəğməkar xalq şairi ilə bağlı xatirələrini bölüşərək, onunla birlikdə dedikləri təcnislərdən söz açıb və tədbir iştirakçıları üçün təcnis səsləndirdi:

“Bu gün bizim üçün həm də böyük bir xatirə günüdür. Zəlimxanla aramızda sarsılmaz bir saz-söz bağı var idi. Bir dəfə mənə dedi ki, “sən də saza bağlısan, mən də, gəl bir qarşılıqlı təcnis deyək”. Elə oradaca bir-birimizə təcnis dedik”.
Kitabın redaktoru Musa Nəbioğlu çıxışında Zəlimxan Yaqubun ictimai xadim kimi fəaliyyətinə və xalq sevgisinə toxundu:

“Azərbaycanın hər yerindən deputat kimi ona müraciətlər olurdu. Zəlimxan Yaqub haradan gəldiyini, kökünü bildiyi üçün bu qədər çox sevilirdi. Belə kitablara çox ehtiyac var. Bu cür əsərlər daha çox yazılmalıdır ki, gələcək nəsillər onu tanısınlar. Bir dost olaraq deyə bilərəm ki, bu kitab çox peşəkar şəkildə hazırlanıb. Elşad müəllimə və əməyi keçən hər kəsə təşəkkür edirəm”.
Tədbir zamanı Şairə Səadət Buta Zəlimxan Yaqubun xalqın mənəviyyatındakı yerindən bəhs etdi:

“Azərbaycan torpağı, Azərbaycan xalqı yetirdi Zəlimxanı. O, tarixin və xalqın danışan dili idi. Həyatda qaynar ilhamı heç vaxt tükənməzdi, qəlbində heç vaxt paxıllıq olmazdı. Şərq poeziyasını gözəl bilərdi. O, saz havası çalanda gözlərimdən yaş axardı. Zəlimxandakı istedad Allahın payı idi”.
Tədbirdə çıxış edən Vəli Qaraçaylı Zəlimxan Yaqubla bağlı xatirələri yada salaraq şeir səsləndirdi:
“Zəlimxan Yaqub canlı klassik idi. Biz onunla eyni dövrdə yaşadığımız üçün özümüzü xoşbəxt hesab edirik. Biz Səməd Vurğunu görmədik, amma Zəlimxan Yaqubu gördük. Onun bu kövrək misralarını xatırlatmaq yerinə düşərdi:
Sınan qələmimə,əsən əlimə
Dilim də çaş düşən sözlərimə bax!
Mən ki bu meydanın pəhləvanıydım,
İndi yerə gələn dizlərimə bax!
İsatək çəkilib dara, gedi rəm,
Sinəm də sağalmaz yara gedirəm.
Mən hardan gəlmişdim, hara gedi rəm,
Yoluma nəzər sal, izlərimə bax!".
Ramiz Göyüşov öz çıxışında Zəlimxan Yaqubla bağlı xatirələrinin Elşad Həsənovun qələmə aldığı hadisələrlə necə kəsişdiyindən danışdı:
“Bu gün Zəlimxan Yaqub haqqında çox dəyərli fikirlər səsləndi. Tale elə gətirdi ki, biz Elşad müəllimlə uzun illər birlikdə çalışdıq. 90-cı illərin əvvəllərindən başlayaraq Zəlimxan Yaqubun Mingəçevirə çoxsaylı səfərləri olurdu. Elşad müəllimin bu kitabda qələmə aldığı xatirələrin böyük bir hissəsinin mən də canlı şahidi olmuşam və həmin hadisələrdə birbaşa iştirak etmişəm. Bu qiymətli xatirələri tarixləşdirdiyi üçün Elşad bəyə minnətdarlığımı bildirirəm”.
Tədbirdə İrəvan Dövlət Azərbaycan Dram Teatrının keçmiş direktoru İftixar Priyev Zəlimxan Yaqubla bağlı sovet dövrünə dayanan xatirələrini bölüşüb və kitabın bədii quruluşuna diqqət çəkdi:

“Zəlimxanla bizim hələ sovet dövründən gələn zəngin xatirələrimiz var. Bu kitabı oxuyanda Elşad müəllimin yanaşmasında həm bir pyes müəllifinin dəqiqliyini, həm də rejissor konsepsiyasını gördüm. Müəllif burada sadəcə müşahidəçi deyil, həm də hadisələrin mərkəzində dayanan bir qəhrəman kimi çıxış edib”.
Tədbirdə həmçinin Bakı Dövlət Universitetinin alimləri- Jurnalistikanın metodikası kafedrasının professoru, filologiya elmləri doktoru Sevil Həsənova və filologiya elmləri doktoru, professoru Qərənfil Dünyaminqızı da iştirak etdi.
Tədbirin sonunda söz Elşad Həsənova verildi. O, iştirakçılara təşəkkürünü bildirdi:
“Hər birinizə təşəkkür edirəm. Hamıya məlumdur ki, biz Zəlimxanla çox yaxın dost olmuşuq. O, Azərbaycanı canından çox sevirdi. Ona bu böyük istedad Allah tərəfindən bəxş edilmişdi. Mən bu kitabı yazmağı və onun xatirəsini yaşatmağı özümə mənəvi borc bildim. İnanıram ki, bu gün onun ruhu şaddır”.
Şairin oğlu Bəhlul Yaqubov çıxışında Elşad Həsənova ailəsi adından dərin minnətdarlığını bildirdi:
“Elşad müəllim mənim atamın ən yaxın dostlarından biridir. Atamın vəfatından sonra da o, ailəmizə olan sədaqətini hər zaman nümayiş etdirib. Bu gün də həmin səmimi münasibəti və vəfadarlığı davam etdirir. Bu kitabın ərsəyə gəlməsi də həmin böyük dostluğun və sədaqətin ən gözəl nümunəsidir”.

19:35 01.05.2026
Oxunuş sayı: 48