Ərdoğan İrəvana gedir: Ermənistan Azərbaycan və Türkiyənin dəstəyini almağa layiqdir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyinin (ASB) mayın 4-də İrəvanda keçiriləcək 8-ci toplantısına dəvət olunub. Məlumatı Türkiyə mediası yayıb.
Türkiyə Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə yaradılan ASB-nin 2022-ci il oktyabrın 6-da Praqada keçirilən ilk iclasında iştirak edib. O, həmçinin, 2024-cü il noyabrın 7-də Budapeştdə və 2025-ci il mayın 16-da Tiranada keçirilən sammitlərə qatılıb. Lakin dəvət almasına baxmayaraq, 2023-cü ildə İspaniya və Moldovada, 2024-cü ildə Böyük Britaniyada, 2025-ci ildə isə Danimarkada baş tutan görüşlərdə iştirak etməyib. Türkiyə liderinin İrəvan zirvəsində iştirakı ilə bağlı hələlik Ankaradan rəsmi açıqlama verilməyib. Qaydalara əsasən, iclasda yalnız dövlət və hökumət başçıları təmsil oluna bilər. Lakin hazırkı məqamın həssaslığı ondadır ki, dəvət Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımların atıldığı dövrə təsadüf etməsidir.

Türkiyəli politoloq, professor Hüsametdin İnaç mövzu barədə Crossmedia.az-a açıqlamasında deyib ki, bu, çox məqbul qərar ola bilər: "Çünki Ermənistan baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən lazımi dərsi çıxarıb və həqiqi dostunun ABŞ və Avropa olmadığını görüb. İrəvan başa düşüb ki, regionda sabitlik istəyirsə, buna ancaq Ankara və Bakı ilə münasibətləri normallaşdırmaqla nail ola bilər. Son dövrlərdə isə- parlament seçkiləri ərəfəsində Paşinyan son dərəcə məntiqli, Azərbaycan Türkiyə leyhinə açıqlamalarla çıxışlar edir. Xüsusilə 1915-ci il erməni soyqırımı iddialarının imperalistlərin yalanı və manipulyasiyası olduğunu bildirib. Onu da deyim ki, Qazaxıstan taxılının Azərbaycan vasitəsilə Ermənistana daşınması xoş niyyətin işarəsidir. Həmçinin Ermənistan Azərbaycandan alınması məsələsində də ciddi yol qət edib. Düşünürəm ki, indiki anda həm Azərbaycan, həm də Türkiyə rəhbərliyi Paşinyanın "əlini gücləndirəcək" addımlar atacaqlar. Nəzərə almaq lazımdır ki, müxalifətdə təmsil olunan keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan sabitlik mühitinə zərbə vurmaq istəyirlər. Biz, həmçinin erməni kilsəsi ilə diasporun da sülhü istəmədiyini çox yaxşı bilirik. Rusiya, ABŞ, Avropa da gərginlikdə maraqlıdır. Paşinyan isə həm daxili, həm də xarici təzyiqlərə qarşı uğurla mübarizə aparır. Paşinyan bu ritorikası ilə həm Azərbaycan, həm də Türkiyə rəhbərliyinin dəstəyini qazanmağa layiqdir".
18:09 01.05.2026
Oxunuş sayı: 47