Ermənistanın BMT-dəki addımı beynəlxalq hüquq müstəvisində nəyi ifadə edir?
Ermənistan tərəfinin Birləşmiş Millətlər Təşkilatı platformasında Azərbaycana qarşı yeni iddialarla çıxış etməsi regionda informasiya və hüquq müstəvisində mübarizənin davam etdiyini göstərir.
Xüsusilə, 24 aprel kimi simvolik tarixdə təqdim olunan bu sənədlər, məsələnin təkcə hüquqi deyil, həm də siyasi və ideoloji çalar daşıdığını ortaya qoyur.
Rəsmi Bakının mövqeyi isə bu cür iddiaların qərəzli və reallıqdan uzaq olduğunu vurğulamaq üzərində qurulub. Belə bir şəraitdə əsas müzakirə mövzularından biri də saxlanılan şəxslərlə bağlı məhkəmə proseslərinin beynəlxalq hüquq normalarına nə dərəcədə uyğun aparılması məsələsidir.
Mövzu ilə bağlı hüquq elmləri doktoru Vüsalə Əhmədova Crossmedia.az-a açıqlama verib:
“Söhbət 24 aprel 2026-cı il tarixində BMT-nin "Özbaşına Həbs üzrə İşçi Qrupu"na (UN Working Group on Arbitrary Detention – WGAD) təqdim edildiyi bildirilən müraciətdən gedir. Bu sənəd Ermənistan tərəfinin təqdim etdiyi hüquqi şikayətdir.
BMT-nin həmin iddiaları qəbul etdiyi və ya Azərbaycanın qanunsuz hərəkət etdiyini rəsmən tanıdığı anlamına gəlmir. Yəni, bunlar iddia və tələb paketidir, təsdiqlənmiş hökm yoxdur. Mənbələrə əsaslansaq, tələbdə 7 nəfərin adı göstərilir və onların daha çox siyasi motivlərlə "özbaşına həbs" edildiyi, onlara qarşı irəli sürülən ittihamların əsassız olduğu, barələrində alınan qərarların beynəlxalq hüququn ciddi pozuntuları nəticəsində verildiyi iddia edilir.
Xüsusilə, müdafiə hüququ, müstəqil məhkəmə və prosessual təminatlarla bağlı iradlar irəli sürülür. Həmçinin, həbs, hüquq pozuntuları və vurulduğu iddia olunan maddi və mənəvi ziyana görə təzminat istənilir. Öncəlikli olaraq onu qeyd edim ki, həbsdə olan şəxslər silahlı münaqişə zamanı tutulmuş hərbi qulluqçular deyil.
Yəni, Beynəlxalq Humanitar Hüquq baxımından "müharibə əsiri" statusuna malik deyillər. Bundan başqa, bir şəxs həm hərbi əsir statusuna malik ola bilər, həm də, eyni zamanda müharibə cinayətinə görə mühakimə edilə bilər.
Yəni bunlar bir-birini istisna etmir. Əgər hərbi əsir cinayət törədibsə, xüsusilə müharibə cinayəti iddiası varsa, müstəqil və lazımi təminatlı məhkəmədə mühakimə edilə bilər (III Cenevrə Konvensiyası, maddə 102).
Qısası, hərbi əsir olmaq cinayət məsuliyyətindən avtomatik azad etmir. Məsələn, II Dünya Müharibəsi sonrası bir çox tutulmuş zabitlər əvvəlcə əsir statusunda saxlanılıb, sonra tribunal qarşısına çıxarıldılar”.
Hüquqşünas əlavə edib ki, digər tərəfdən, Azərbaycan öz ərazisində törədilmiş əməllərə görə yurisdiksiya hüququna malikdir:
“İttiham olunan əməllər Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisində baş verib. Buna görə də, Azərbaycan məhkəmələrinin işə baxmaq səlahiyyəti var. Erməni tərəfi siyasi motiv iddia etsə də, ittihamlar terrorçuluq, qanunsuz silahlı fəaliyyət, hərbi cinayətlər, separatçı silahlı strukturlarda iştirak, qanunsuz silah saxlama və s. xarakterlidir.
Bu halda iş siyasi yox, cinayət əsaslıdır. Məhkəmə proseslərinin qanuni prosedurla keçirildiyi məlumdur. Çünki, saxlanılan şəxslərə vəkil verildiyi, tərcüməçi ilə təmin olunduğu, məhkəmə iclaslarının keçirildiyi, apellyasiya imkanları verildiyi, hökmün məhkəmə qərarı ilə çıxarıldığı bildirilir.
Qarşı tərəf o zaman haqlı çıxa bilərdi ki, vəkilə çıxış məhdudlaşdırılsın, proses qapalı və ya qeyri-şəffaf olsun, etiraflar təzyiqlə alınsın, məhkəmə qərəzli keçirilsin. Lakin bir məqama diqqət çəkmək istərdim. İttiham olunan şəxslər sıradan adamlar deyil, keçmiş siyasi-hərbi fiqurlardır.
Belə şəxslərin işi hər zaman hüquqi, siyasi, diplomatik və informasiya müharibəsinə səbəb olub. Bu baxımdan düşünürəm ki, bu tip həssas və siyasi yüklü işlərdə ədalətin görünür olması, ən az ədalətin özü qədər vacibdir. Yəni, təkcə qanuni qərar kifayət etmir, beynəlxalq ictimaiyyətin və tərəflərin prosesə etimadı da önəmlidir.
Ona görə də, belə işlərdə daha yüksək legitimlik yaratmaq vacibdir. Əgər məqsəd, ittiham olunan şəxslərin sadəcə lazımı cəzasını alması yox, həm də dünyanı inandırmaq idisə, hibrid və ya beynəlxalq müşahidəli məhkəmə modeli daha güclü ola bilərdi.
Məsələn, hibrid məhkəmə beynəlxalq elementləri birləşdirən yerli məhkəmədir. Yerli qanunvericilik tətbiq olunur, amma heyətdə xarici hakimlər də yer alır, beynəlxalq prokuror və ya müşahidəçi iştirak edir, prosedur beynəlxalq standartlara uyğun qurulur.
"Sierra Leone üçün Xüsusi Məhkəmə", "Kamboca Məhkəmələrində Fövqəladə Palatalar", "Kosovo Xüsusi Palataları" və s. kimi tarixi hibrid məhkəmə nümunələrini görə bilərik. Bu tip məhkəmələrdə, suverenlik qorunur, tam beynəlxalq tribunal yaratmağa ehtiyac qalmır, tərəfsizlik görüntüsü güclənir.
Ancaq, bu cür məhkəmələrin qurulması üçün tərəflərin razılığı lazımdır. Təəssüf ki, Ermənistanın buna siyasi iradə göstərəcəyini düşünmürəm”.
Ayhan
17:13 01.05.2026
Oxunuş sayı: 178