Yaxın Şərqdə yeni güc oyunu - ABŞ sanksiyaları İranı necə sıxışdırır?
Yaxın Şərqdə davam edən gərgin geosiyasi vəziyyət və zaman-zaman alovlanan münaqişə riskləri fonunda ABŞ-ın İrana qarşı siyasəti daha da sərtləşməkdədir.
Regionda təhlükəsizlik balansının qorunması, xüsusilə İranın fəaliyyətlərinin məhdudlaşdırılması istiqamətində atılan addımlar Vaşinqtonun prioritetlərindən biri kimi ön plana çıxır.
Bu kontekstdə iqtisadi və maliyyə rıçaqlarından istifadə edilməsi beynəlxalq münasibətlərdə təzyiq vasitəsi kimi diqqət çəkir.
Məhz bu şəraitdə ABŞ Maliyyə Nazirliyi tərəfindən İrana qarşı sanksiya siyahısının genişləndirilməsi regiondakı mövcud gərginliyin davamı kimi qiymətləndirilə bilər.
Yeni məhdudiyyətlərin həm fiziki şəxsləri, həm də şirkətləri əhatə etməsi, eləcə də hava nəqliyyatı sektoruna şamil olunması göstərir ki, rəsmi Vaşinqton İranın iqtisadi və logistika imkanlarını daha geniş miqyasda məhdudlaşdırmağa çalışır.
Məsələ ilə bağlı politoloq Natiq Miri Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Sanksiyalar iqtisadi baxımdan bir ölkəni zəiflətmək və təzyiq altında saxlamaq siyasətidir. Yəni bütün proseslər yalnız hərbi vasitələrlə həyata keçirilmir. Bildiyiniz kimi, 40 gün ərzində davam edən intensiv bombardman belə ABŞ və İsrailin qarşıya qoyduğu məqsədlərə tam şəkildə nail olmasına imkan vermədi.
Bu baxımdan, mövcud şəraitdə əsas yanaşma hərbi deyil, daha çox iqtisadi təzyiq mexanizmlərinə üstünlük verilməsidir. Regionda İran üzərində təsir imkanları mövcud olduğu üçün, hazırda əsas strategiya bu ölkəni iqtisadi cəhətdən zəiflətməkdir. Bu istiqamətdə ən təsirli vasitələrdən biri Körfəz bölgəsinin faktiki blokadaya alınması hesab olunur.
Donald Trampın ifadə etdiyi kimi, bu siyasət nəticəsində İranın gündəlik neft satışından əldə etdiyi təxminən 500 milyon dollarlıq gəlir kəsilmiş olur. Bu isə ölkə iqtisadiyyatı üçün ciddi itkilər deməkdir. Onsuz da iqtisadi çətinliklər yaşayan İran hökuməti – məmurların, hərbçilərin, müəllimlərin və digər dövlət qulluqçularının maaşlarını ödəməkdə çətinlik çəkdiyi bir şəraitdə – əlavə maliyyə itkiləri ilə üzləşir. Bu da sanksiyaların nə qədər ciddi nəticələr doğurduğunu açıq şəkildə göstərir.
Digər tərəfdən, bu sanksiyalar yalnız ümumi iqtisadiyyata deyil, həm də konkret şəxslərə və şirkətlərə qarşı tətbiq olunur. Bu şəxslər təsadüfi deyil, İran siyasətində mühüm rol oynayan fiqurlardır.
Eyni zamanda, sanksiya siyahısına daxil edilən şirkətlərin böyük əksəriyyəti birbaşa İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli qurumlardır. Bu baxımdan, tətbiq olunan iqtisadi təzyiqlər faktiki olaraq həmin struktura yönəlmiş zərbələr hesab oluna bilər.
Mövcud mərhələdə əsas məqsəd həm böyük hərbi itkilərdən yayınmaq, həm də region ölkələrini təhlükə altına atmamaqdır. Buna görə də, iqtisadi təzyiq siyasətinə üstünlük verilir. Lakin bu yanaşmanın müəyyən həddi olduğu və zərurət yaranacağı təqdirdə hərbi və iqtisadi tədbirlərin paralel şəkildə tətbiq edilə biləcəyi də istisna edilmir.
Diqqət yetirsəniz, atəşkəs müddəti başa çatsa da, Donald Trump dərhal bombardmanların yenidən başlanması barədə qərar vermədi. Bunun səbəbi ondan ibarətdir ki, müəyyən zaman keçdikcə iqtisadi və maliyyə itkiləri İranın daxili siyasətində öz təsirini göstərməyə başlayacaq.
Qeyd etmək lazımdır ki, əgər İran neft ixrac edə bilmirsə, hasil olunan neft müvəqqəti olaraq rezervuarlarda saxlanılır. Lakin bu ehtiyat imkanları məhduddur və müəyyən müddətdən sonra dolacaq. Bu isə hasilatın dayandırılmasına səbəb ola bilər.
Digər tərəfdən, dövlətin fəaliyyətini davam etdirməsi üçün maliyyə resurslarına ehtiyac var və bu vəsaitlərin böyük hissəsi məhz enerji daşıyıcılarının, xüsusilə neftin satışından əldə edilir.
Bütün bunlar planlı və düşünülmüş siyasətin tərkib hissəsidir. ABŞ hesab edir ki, bu strategiya zamanla öz nəticəsini verəcək. Hazırda sərt ritorika və hərbi bəyanatlarla çıxış edən İran rəhbərliyi, xüsusilə SEPAH, zaman keçdikcə daha yumşaq mövqe sərgiləməyə və daha konstruktiv təkliflər irəli sürməyə məcbur qala bilər.
Nəticə etibarilə, istər fərdi şəxslərə, istər şirkətlərə, istərsə də ümumilikdə İran rejiminə qarşı tətbiq olunan iqtisadi sanksiyaların əsas məqsədi bu istiqamətdə təzyiq yaratmaqdır. Bu prosesin nəticələri yaxın gələcəkdə daha aydın şəkildə müşahidə olunacaq.
Hər halda, hərbi qarşıdurmanın yenidən aktiv fazaya keçməsindən əvvəl İranın iqtisadi blokada şəraitində saxlanılması hazırkı mərhələdə daha məqbul variant kimi qiymətləndirilir. ABŞ və onun müttəfiqləri bu yolla böyük itkilərə məruz qalmadan zamana oynayırlar və bu zaman faktoru artıq İranın əleyhinə işləyir.
Əvvəllər İran Hörmüz boğazını bağlamaqla bu prosesi ABŞ-ın əleyhinə yönəltməyə çalışırdı. Lakin danışıqlardan imtina etməsi və eyni zamanda bu addımı atması, əksinə, ABŞ-ın tətbiq etdiyi dəniz blokadasına müəyyən mənada legitimlik qazandırdı.
Nəticə olaraq, bu siyasət İran iqtisadiyyatını zəiflətməyə yönəlmiş kompleks taktiki yanaşmadır. Bu isə gələcəkdə ölkədə sosial narazılıqların artmasına və etirazların baş qaldırmasına səbəb ola bilər".
Elmir Heydərli
11:48 24.04.2026
Oxunuş sayı: 359