İran həqiqətən zəifləyib, yoxsa bu bir təbliğatdır? – ekspert açıqlayır
Donald Trampın “ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir” açıqlaması fonunda bölgədə davam edən gərginlik bir sıra sualları yenidən aktuallaşdırır.
Əgər həqiqətən də tərəflər arasında bu qədər ciddi güc fərqi mövcuddursa, o halda münaqişənin hələ də davam etməsi və konkret razılaşmanın əldə olunmaması diqqət çəkir.
Bu vəziyyət hərbi üstünlüyün siyasi nəticəyə avtomatik çevrilmədiyini, eyni zamanda prosesdə psixoloji, diplomatik və strateji amillərin də mühüm rol oynadığını göstərir.
Mövcud şəraitdə ABŞ-nin ritorikasının real güc balansını əks etdirib-etdirmədiyi, yoxsa müəyyən mənada psixoloji təsir aləti kimi istifadə olunub-olunmadığı məsələsi də müzakirə mövzusuna çevrilir.
Mövzu ilə bağlı Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu Crossmedia.az-a açıqlama verib:

"Məsələ ondan ibarətdir ki, artıq Pakistanda bu görüşün, daha doğrusu sülh danışıqlarının başlanması və ümumiyyətlə bu istiqamətdə atılan addımların ikinci raundu başlayıb. Son dəqiqə bir xəbəri də qeyd edim ki, bu da sizin üçün maraqlı ola bilər: Reuters-in məlumatına görə, əgər tərəflər arasında sülh razılaşması əldə olunarsa, Donald Tramp şəxsən özü bu müqavilənin imzalanmasında ya onlayn şəkildə iştirak edəcək, ya da rəsmi olaraq Pakistana səfər edəcək. Bu məsələ hələ ki, təsdiqlənməyib.
Ümumiyyətlə, ABŞ-İran gərginliyi, yaxud da ABŞ-İsrail koalisiyasının İrana qarşı mövqeyi yeni məsələ deyil. Bildiyiniz kimi, İran İslam İnqilabından sonra ölkənin konstitusiyasında İslam inqilabının ixracı və müəyyən mənada ideoloji genişlənmə siyasəti əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
İran rəsmiləri bunu heç vaxt gizlətməyiblər və müxtəlif dövrlərdə qonşu müsəlman ölkələrə – o cümlədən Azərbaycana, Suriyaya, Livana, İraqa və digər regionlara – məhz bu prizmadan yanaşıblar. Hətta təsir əldə etdikləri ərazilərdə bunu açıq şəkildə “İslam inqilabının zəfəri” kimi təqdim ediblər.
Mövzuya konkret qayıtsaq, burada İran tərəfindən daha çox populist yanaşmaların olduğunu görürük. Ümumiyyətlə, cəmiyyətin də bu məsələyə yanaşması bəzən sadələşdirilmiş və emosional xarakter daşıyır – sanki küçədə iki nəfərin mübahisəsi kimi təqdim olunur: “İran belə dedi”, “ABŞ belə cavab verdi” və s. Halbuki bu cür mürəkkəb geosiyasi proseslər bu səviyyədə izah oluna bilməz.
Reallıq ondan ibarətdir ki, İran İslam Respublikası yarandığı gündən bəri bəlkə də ən zəif dövrünü yaşayır. Bu vəziyyət bir neçə amillə bağlıdır: proksi qüvvələrin zəifləməsi, ölkə iqtisadiyyatının ağır və mürəkkəb vəziyyətdə olması, daxili siyasi gərginliklərin artması, həmçinin regiondakı təsir imkanlarının azalması.
Məsələn, Livanda mövqelərin zəifləməsi, Suriyada təsirin demək olar ki, itirilməsi kimi faktorlar İranın regional gücünü ciddi şəkildə sarsıdıb.
Beynəlxalq ictimaiyyətin İranla bağlı mövqeyi də birmənalı deyil, lakin ümumi mənzərə onu göstərir ki, İran əvvəlki kimi nüfuzlu və təsirli aktor kimi qəbul olunmur. Bu fonda ABŞ və İsrailin yaranmış vəziyyətdən istifadə etməyə çalışması gözlənilən idi və faktiki olaraq bu fürsəti əldən vermirlər".
Ekspert əlavə edib ki, bu baxımdan “İran qalib gəlir”, “İran güclüdür” kimi yanaşmalar reallığı əks etdirmir:
"Əksinə, Donald Trampın da qeyd etdiyi kimi, İran hazırda ən zəif nöqtələrindən birindədir və ABŞ daha üstün mövqedə görünür.
Digər mühüm məqam isə ondan ibarətdir ki, əvvəllər İran münaqişələri əsasən öz sərhədlərindən kənarda aparırdı – Livan, Fələstin, İraq, Yəmən və Suriya kimi ərazilərdə. Lakin bu gün vəziyyət dəyişib: qarşıdurma artıq birbaşa İranın daxilinə doğru yönəlir. Bu isə çox ciddi və təhlükəli mərhələdir.
İran daxilində ali dini rəhbərlik ətrafında da müəyyən qeyri-müəyyənlik və daxili parçalanma əlamətləri müşahidə olunur. Bu vəziyyət bəzən “bal pətəyində partlayış” kimi xarakterizə edilir – yəni sistem daxilində ciddi sarsıntılar baş verir.
Eyni zamanda İranın yanaşmalarında ciddi ziddiyyətlər də var. Məsələn, Tehran ABŞ ilə dialoqu “siyasi hikmət” kimi qiymətləndirə bilər, amma Livan hökumətinin İsraillə danışıqlar aparmasını “xəyanət” kimi təqdim edir. Bu isə açıq-aşkar paradoksal və ziddiyyətli mövqedir.
Bütün bunların fonunda informasiya müstəvisində də maraqlı vəziyyət yaranıb. İran ətrafında formalaşan müəyyən media mühiti mövcud vəziyyəti olduğundan daha “qalib” kimi təqdim etməyə çalışır. Lakin hadisələrin real gedişinə baxdıqda fərqli mənzərə ortaya çıxır.
Nəticə etibarilə, hazırkı mərhələdə əzilən tərəfin İran olduğu açıq görünür. Əgər bir tərəf əzilirsə, digər tərəfin – yəni ABŞ və İsrailin – üstün mövqedə olduğu da danılmazdır. Bu, mövcud geosiyasi reallığın əsas göstəricilərindən biridir".
Ayhan
15:00 21.04.2026
Oxunuş sayı: 50