Nüvə ədalətsizliyi – nəyə bəzi ölkələrə icazə, digərlərinə qadağa qoyulur?
İran Prezidenti Məsud Pezeşkianın “Donald Tramp İranın niyə öz nüvə hüquqlarından istifadə etməməli olduğu sualına cavab vermir” fikri beynəlxalq münasibətlərdə köhnə, lakin hələ də aktual olan bir mübahisəni yenidən gündəmə gətirib.
Nüvə texnologiyalarından istifadə hüququnun kimlərə məxsus olması, bu hüququn hansı prinsiplər əsasında müəyyənləşdirilməsi və dövlətlər arasında bu sahədə mövcud olan ikili standart iddiaları qlobal təhlükəsizlik sisteminin ən həssas mövzularından biri olaraq qalır.
Bu kontekstdə əsas sual yalnız İranın mövqeyi ilə məhdudlaşmır, eyni zamanda beynəlxalq hüququn və nüvə nizamının hansı meyarlar üzərində qurulduğunu da yenidən düşünməyi zəruri edir.
Mövzu ilə bağlı politoloq Aydın Quliyev Crossmedia.az-a açıqlama verib:

"BMT nizamnaməsində ən böyük ədalətsizlik məsələlərindən biri Təhlükəsizlik Şurasının 5 daimi üzvünə veto hüququnun verilməsidir. Məhz bu veto hüququ səbəbindən həmin 5 dövlət öz maraqlarına uyğun gəlməyən istənilən qərar və qətnamənin qəbulunu bloklamaq imkanına malikdir. Bu vəziyyət isə beynəlxalq münasibətlər sistemində balansın pozulmasına gətirib çıxarır.
Eyni yanaşma nüvə silahı məsələsində də özünü göstərir. Faktiki olaraq yalnız 5 dövlətin legitim şəkildə nüvə silahına malik olması ilə bağlı formalaşmış reallıq da məhz həmin dövlətlərin veto imkanlarından istifadə edərək özlərinə təmin etdikləri üstünlük kimi qiymətləndirilir.
Halbuki, beynəlxalq hüquqda “yalnız 5 dövlət nüvə silahına malik ola bilər” kimi konkret və məhdudlaşdırıcı norma mövcud deyil.
Beynəlxalq hüquqda nüvə silahının yayılmaması ilə bağlı müəyyən qaydalar, konvensiyalar və razılaşmalar mövcuddur. Lakin Təhlükəsizlik Şurasının daimi üzvləri bu mexanizmlərdən istifadə edərək faktiki vəziyyəti hüquqi norma kimi rəsmiləşdiriblər.
Başqa sözlə, real siyasi güc hüquqi çərçivəyə çevrilib. Eyni zamanda bu 5 dövlətin özlərinə yaxın hesab etdikləri bəzi ölkələrin də qeyri-rəsmi şəkildə nüvə silahına malik olması faktiki olaraq qəbul edilib.
Məsələn, İsrail ABŞ-nin yaxın müttəfiqi olduğuna görə onun nüvə silahına malik olması rəsmi şəkildə təsdiqlənməsə də, faktiki olaraq qəbul edilir.
Pakistan vaxtilə ABŞ-lə müttəfiq münasibətlərinə görə bu sahədə müəyyən üstünlüklər əldə edib. Hindistan isə Rusiyaya yaxınlığı səbəbilə nüvə silahına sahib olması məsələsində beynəlxalq səviyyədə ciddi maneələrlə qarşılaşmayıb və bu vəziyyət zamanla rəsmiləşib.
Beləliklə, nüvə silahı məsələsində dövlətlər arasında açıq şəkildə ədalətsiz hüquq bölgüsü formalaşıb. Bu isə birbaşa olaraq Təhlükəsizlik Şurasının 5 daimi üzvünün malik olduğu monopolist səlahiyyətlərlə bağlıdır.
Əgər gələcək dünya nizamı da bu prinsiplər üzərində qurulacaqsa, bu, qlobal sabitlik və ədalət baxımından müsbət perspektiv vəd etmir.
Bu baxımdan nüvə silahına malik olma və ondan istifadə məsələsinə birmənalı yanaşma formalaşdırılmalıdır. Dövlətlərin suveren bərabərliyi prinsipi real şəkildə təmin edilməlidir.
BMT nizamnaməsinə əsasən, bütün dövlətlər ərazi, əhali, iqtisadi və hərbi gücündən asılı olmayaraq bərabər hüquqlara malikdir. Lakin praktikada bu prinsip nüvə silahı məsələsində pozulur".
Politoloq əlavə edib ki, bir tərəfdən dövlətlərin suveren bərabərliyi tanınır, digər tərəfdən isə bəzi ölkələrə nüvə silahına malik olmaq imkanı verilir, digərlərinə isə bu hüquq qadağan olunur:
"Bu ziddiyyət beynəlxalq hüququn tətbiqində ikili standartların mövcudluğunu göstərir. Bu səbəbdən yanaşma ya tam qadağa üzərində qurulmalıdır, yəni nüvə silahı bütün dövlətlər üçün birmənalı şəkildə qadağan edilməlidir, ya da əksinə, bu sahədə bütün dövlətlərə bərabər hüquqlar tanınmalıdır.
Bu kontekstdə bəzi dövlətlər, o cümlədən İran, haqlı olaraq sual edə bilər ki, niyə bəzi ölkələrin nüvə silahı var, digərlərinin isə yoxdur? Niyə tarix boyu hərbi müdaxilələrdə iştirak etmiş bəzi dövlətlər bu silaha sahibdir, lakin belə addımlar atmayan ölkələr bu hüquqdan məhrum edilir?
Bu suallar gələcəkdə daha tez-tez gündəmə gələcək. Xüsusilə, regional güc mərkəzləri – məsələn, Səudiyyə Ərəbistanı və Türkiyə kimi ölkələr gələcəkdə nüvə enerjisindən və hətta nüvə silahından istifadə hüququnun rəsmiləşdirilməsi məsələsini daha açıq şəkildə qaldıra bilərlər.
Bu isə beynəlxalq sistemdə yeni gərginlik ocaqları yarada bilər. Bu səbəbdən nüvə silahı məsələsində dövlətlər arasında vahid və ədalətli normativ çərçivənin formalaşdırılması vacibdir. Ya bu silah tamamilə qadağan edilməli, ya da ona çıxış imkanları baxımından dövlətlər arasında bərabərlik təmin olunmalıdır.
Digər tərəfdən, bəzi yanaşmalara görə nüvə silahına malik dövlətlərin sayının artması müəyyən mənada qarşılıqlı çəkindirmə mexanizmini gücləndirir.
Tarixdə nüvə silahı ilk dəfə yalnız bir dövlətin – ABŞ-ın əlində olduğu dövrdə bu silahdan istifadə olunub. Lakin sonrakı dövrdə nüvə silahına malik ölkələrin sayının artması ilə bu silahdan istifadə ehtimalı azalıb. Hazırda nüvə silahına malik dövlətlər arasında qarşılıqlı qorxu və çəkindirmə amili mövcuddur və bu da onların bu silahdan istifadə etməsinə maneə yaradır. Bu isə nüvə balansı anlayışının formalaşmasına səbəb olub".
Ayhan
13:00 21.04.2026
Oxunuş sayı: 49