Bağışlama, yoxsa vəsiyyət - hansı daha təhlükəsizdir? - etibar niyə bəzən riskə çevrilir?
Son dövrlərdə notarial qaydada bağışlanmış daşınmaz əmlaklarla bağlı yaranan mübahisələr cəmiyyət üçün ciddi narahatlıq doğuran məsələlərdən birinə çevrilməkdədir.
Xüsusilə, ailədaxili münasibətlər zəminində baş verən bu cür hadisələr göstərir ki, hüquqi addımlar atılarkən emosiyalara deyil, daha çox gələcək risklərə əsaslanmaq zəruridir.
Əmlakın sağlığında bağışlanması ilk baxışdan sadə və xeyirxah qərar kimi görünsə də, sonrakı nəticələr bəzən gözlənilməz və ağır olur.
Təcrübə göstərir ki, yaşlı şəxslərin etibar edərək övladlarına və ya yaxınlarına verdikləri mülkiyyət hüququ sonradan onların öz həyat şəraitinə mənfi təsir göstərə bilir.
Bağışlanmadan sonra həmin şəxslərin evdən uzaqlaşdırılması, hörmətsiz münasibətlə üzləşməsi kimi hallar hüquqi və mənəvi baxımdan son dərəcə ağır nəticələr yaradır.
Üstəlik, bu yaşda insanların hüquqlarını bərpa etmək üçün müxtəlif instansiyalara müraciət etməsi həm fiziki, həm də psixoloji baxımdan böyük yükdür.
Bu baxımdan, hüquqi təhlükəsizlik məsələsinə daha həssas yanaşmaq vacibdir. Əmlakın gələcək taleyi ilə bağlı qərar verərkən alternativ hüquqi mexanizmlər – xüsusilə vəsiyyət institutu – daha etibarlı seçim kimi qiymətləndirilə bilər.
Belə yanaşma həm mülkiyyət sahibinin sağlığında hüquqlarını qoruyur, həm də gələcəkdə yarana biləcək mübahisələrin qarşısını almağa kömək edir. Ehtiyatlı davranmaq və hüquqi məsələlərdə düşünülmüş addımlar atmaq hər kəs üçün önəmli məsələdir.
Məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Rafiq Alışov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Valideynlərin öz övladlarına əmlak verməsi əsasən iki formada həyata keçirilə bilər: bağışlama və ya vəsiyyət yolu ilə.
Bağışlama halında, valideyn sağ olduğu müddətdə notariat orqanına müraciət edərək bağışlama müqaviləsi bağlayır və əmlakı birbaşa övladının adına keçirir.
Əksər hallarda valideyn bu addımı atarkən müəyyən gözləntilər irəli sürür. O, əmlakı övladına bağışlamaqla gələcəkdə digər varislər arasında mübahisələrin yaranmasının qarşısını almağı, eyni zamanda övladının ona qayğı göstərməsini, yaşlılıq dövründə dəstək olmasını istəyir.
Lakin praktikada tez-tez rast gəlinən hallardan biri odur ki, bağışlama müqaviləsi şərtsiz bağlanır. Yəni valideynin övladına qulluq göstərilməsi və ya digər öhdəliklər müqavilədə açıq şəkildə əks olunmur.
Nəticədə bəzi hallarda övlad bu vəziyyətdən sui-istifadə edərək hətta valideynini yaşadığı evdən çıxarmaq üçün məhkəməyə müraciət edir. Belə hallarda valideyn bağışlama müqaviləsinin ləğvi üçün məhkəməyə üz tutsa da, müqavilədə şərtlər nəzərdə tutulmadığı üçün iddialar əksər hallarda təmin olunmur.
Bu isə ciddi sosial problemlərə, ailədaxili münaqişələrə və bəzi hallarda valideynin həm əmlakından, həm də yaşayış yerindən məhrum olmasına səbəb olur.
Digər üsul isə əmlakın vəsiyyət yolu ilə verilməsidir. Qeyd edilməlidir ki, vəsiyyətnamənin tərtib edilməsi əmlakın dərhal ötürülməsi demək deyil. Vəsiyyətnamə yalnız şəxsin vəfatından sonra hüquqi qüvvəyə minir. Bu halda vəsiyyətnamə üzrə əmlakın yalnız 50 faizi vəsiyyət edilən şəxsə keçir.
Qalan 50 faiz isə qanuni varislər arasında, o cümlədən vəsiyyətnamədə adı çəkilən şəxs də daxil olmaqla, bərabər qaydada bölüşdürülür. Eyni zamanda, şəxs sağ olduğu müddətdə istənilən vaxt vəsiyyətnaməni ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.
Beləliklə, vəsiyyətnamə əmlakın gələcək bölgüsünü tənzimləyən hüquqi vasitədir və onun əsas xüsusiyyəti əmlakın yalnız yarısına birbaşa təsir etməsidir, qalan hissə isə qanunvericiliyə uyğun olaraq bölüşdürülür".
Məsələyə həmçinin psixoloq Sibel Piriyeva da öz münasibətini bildirib:

"Azərbaycanda maliyyə savadlılığı hələ də arzu olunan səviyyədə deyil. İnsanlar çox vaxt pulu düzgün idarə etməyi bacarmır və bu, ciddi sosial-iqtisadi problemlərə səbəb olur. Xarici ölkələrlə müqayisədə həm gəlir səviyyəsi aşağıdır, həm də mövcud resurslardan səmərəli istifadə vərdişləri kifayət qədər formalaşmayıb.
Müşahidələr göstərir ki, hətta yüksək gəlir əldə edən şəxslər belə tez-tez kredit öhdəlikləri altında qalır, borclanır və maliyyə baxımından çətin vəziyyətə düşürlər.
Bunun əsas səbəblərindən biri pulu idarə etmə bacarığının olmamasıdır. Halbuki, inkişaf etmiş ölkələrdə uşaqlara kiçik yaşlardan etibarən maliyyə savadlılığı – yəni investisiya etməyi, qənaət etməyi və xərcləri düzgün planlamağı öyrədirlər. Azərbaycanda isə bu istiqamətdə sistemli yanaşma demək olar ki, yoxdur.
Necə ki, biz uşaqlara mənəvi dəyərləri, əxlaqı və davranış qaydalarını aşılayırıq, eyni şəkildə onların maliyyə tərbiyəsinə də vaxt ayırmaq zəruridir. Maddi savadlılıq gələcəkdə fərdin daha müstəqil və məsuliyyətli olmasına xidmət edir.
Digər mühüm məqam isə cəmiyyətdə müşahidə olunan konfliktlərin səbəbləridir. Bu münaqişələr istər maddi məsələlər, istər münasibətlər, istərsə də digər səbəblər üzərindən yarana bilər. Bu halların kökündə çox zaman empatiya qurma bacarığının zəifliyi dayanır. Aqressiv insanlar adətən qarşı tərəfi dinləmir, onu anlamağa çalışmır və nəticədə sağlam ünsiyyət qurula bilmir.
Empatiya – yəni başqasının hisslərini və düşüncələrini anlama bacarığı – sonradan formalaşdırılan bir keyfiyyətdir. Bu bacarıq düzgün inkişaf etdirilmədikdə, fərdin şəxsiyyətində müəyyən problemlər yarana bilər. Bəzən bu, yanlış tərbiyə və ya natamam sosial mühit nəticəsində formalaşır və insanın davranışlarına birbaşa təsir edir.
Nəticə etibarilə, həm maliyyə savadlılığının, həm də emosional zəkanın inkişafı cəmiyyətin sağlam gələcəyi üçün vacib amillərdir".
Elmir Heydərli
14:00 15.04.2026
Oxunuş sayı: 449