Deputat Məzahir Əfəndiyev 1 İyun münasibətilə körpələr evi-uşaq bağçasını ziyarət edib
01 iyun 2026-cı il tarixində 92 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyevin əraziyə növbəti səfəri baş tutub.
Səfər çərçivəsində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə millət vəkili Ağdaş rayon 13 saylı körpələr evi-uşaq bağçası, Göyçay şəhər Tofiq şirinov adına 5 nömrəli uşaq bağçası və Göyçay şəhər 8 nömrəli körpələr evi-uşaq bağçasını ziyarət edib.
Görüşlərdə Göyçay və Ağdaş rayonlarının təhsil sektorlarının müdirləri, eləcə də uşaq bağçalarının kollektivi və valideynlər də iştirak ediblər.
M.Əfəndiyev ilk növbədə uşaq bağçalarında mövcud şəraitlə tanış olub, daha sonra çıxış edərək uşaqları əlamətdar gün münasibətilə təbrik edib, onların sağlam, xoşbəxt və vətənə layiqli vətəndaş kimi yetişmələrini arzulayıb.
Eyni zamanda, son illər ərzində məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni uşaq bağçalarının tikilməsi və ya əsaslı təmiri ilə bağlı işlərin davam etdirilməsi, inklüziv təhsilin inkişaf etdirilməsi, uşaqların hüquq və azadlıqlarının qorunması, onların keyfiyyətli təhsil alması, sağlam mühitdə böyüməsinin Azərbaycanın sosial siyasətinin prioritet istiqamətlərindən olduğu vurğulanıb.
Millət vəkili qeyd edib ki, ölkəmizdə uşaqların hüquqlarının etibarlı müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olmaqla, gələcəyimizin təminatı olan gənc nəslin hərtərəfli inkişafı üçün bütün zəruri şərait yaradılır. Ölkə rəhbərliyinin bilavasitə nəzarəti ilə bu sahədə həyata keçirilən tədbirlər ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Sonda deputat məktəbəqədər təhsil müəssisələrinin kollektivlərinə gələcək fəaliyyətlərində uğurlar arzu edərək, uşaqlara xoşbəxt, sağlam və firavan həyat arzulayıb. Uşaqların Beynəlxalq Müdafiəsi Gününün ölkəmizdə hər il böyük sevgi və diqqətlə qeyd olunmasının uşaqlara göstərilən dövlət qayğısının təzahürü olduğu bildirilib.
Görüşlər başa çatdıqdan sonra xatirə şəkli çəkdirilib, iştirakçılar görüşlərin baş tutması ilə bağlı təşəbbüsünə görə Məzahir Əfəndiyevə minnətdarlıqlarını bildiriblər.
18:03 01.06.2026
Oxunuş sayı: 23