Sent Lüsiyaya qalib gəlməyimizə niyə bu qədər sevindik?
Dünən axşam futbol tariximizə qızıl hərflərlə deyil, bəlkə də, rəngli karandaşlarla yazılacaq bir hadisə baş verdi: Milli komandamız Fifa Seriesdə Sent Lüsiya yığmasını 6:1 hesabı ilə darmadağın etdi. Bəli, doğrudur, hesab 6:1-dir. Azarkeşlərimiz sevinc içindədir, sosial şəbəkələrdə qollar paylaşılır, sanki Braziliyanı "Marakana"da diz çökdürmüşük. Amma gəlin, bu möhtəşəm mənzərənin pərdəarxasına baxaq.
Bu FIFA Series haradan çıxdı?
Əvvəlcə ondan başlayaq ki, bu FIFA Series nə bəladır? FIFA rəhbərliyi yəqin, düşünüb, dünyada elə ölkələr var ki, bir-birinin varlığından xəbərsizdir. Beləcə, bizim yolumuz Karib dənizinin kiçik bir ada dövləti olan Sent Lüsiyadan keçdi. Turnirin məqsədi fərqli konfederasiyalar arasında dostluq körpüsü qurmaqdır. Amma görünən odur ki, biz bu körpünü qurmaq üçün yox, söküb rəqibin başına tökmək üçün getmişdik.
Rəqibimiz haqqında nə bilirik? Google-da axtarış versəniz, qarşınıza futbol taktikalarından çox, palma ağacları və balayı otelləri çıxacaq. 180 min əhalisi olan bu ölkədə yəqin ki, futbolçuların yarısı axşam oyuna gəlib, səhər isə turistlərə kokteyl paylayır. Belə bir rəqibə 6 qol vurub sevinmək, universitet tələbəsinin yeni yeriməyə başlayan uşağa şahmatda mat qoyub "mən qrosmeysterəm" deməsinə bənzəyir.
Bəli, 6:1 gözəl rəqəmdir. Amma unutmayaq ki, Sent Lüsiya futbol ölkəsi deyil, sadəcə bir kurort zonasıdır. Bizim futbolun xilası ekzotik adalardan gələn həvəskarları darmadağın etməkdə deyil, illərdir həll olunmayan sistem problemlərini aradan qaldırmaqdadır. Azarkeşlərin sevinci anlaşılandır, çünki qələbəyə həsrətik. Amma bu sevinc bizi real vəziyyətdən uzaqlaşdırmamalıdır.
Növbəti dəfə, bəlkə, Antarktida yığması ilə oynayarıq? Heç olmasa hesabı 10:0 edib tam rahatlaşarıq.
Türkanə Muradlı
18:06 28.03.2026
Oxunuş sayı: 66