Bank sistemində problemlər niyə gec üzə çıxır? – Ekspert səbəbləri açıqladı
Bank sektorunda zaman-zaman ortaya çıxan maliyyə problemləri cəmiyyətdə ciddi suallar doğurur. Belə hallarda ən çox müzakirə olunan məsələlərdən biri də audit mexanizmlərinin rolu olur.
Bəzi hallarda banklarda çətinliklər üzə çıxdıqda diqqətlər auditorların fəaliyyətinə yönəlir və maliyyə hesabatlarının nə dərəcədə düzgün qiymətləndirildiyi sualı gündəmə gəlir.
İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının üzvü, vergi, audit ve mühasibat üzrə ekspert Şamxal Kərimov Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Bank sektorunda maliyyə problemləri üzə çıxdıqda ictimai müzakirələr adətən auditorların roluna yönəlir və “audit harada səhv etdi?” sualı aktuallaşır:
"Halbuki maliyyə hesabatlarının auditi bankın gələcəkdə problem yaşamayacağına zəmanət verən mexanizm deyil. Audit müəyyən keçmiş tarixə maliyyə vəziyyətinin etibarlılığı barədə müstəqil rəyin formalaşdırılması prosesidir və onun funksional sərhədlərinin düzgün anlaşılması vacibdir.
Qlobal maliyyə tarixində Lehman Brothers kimi nümunələr göstərir ki, maliyyə institutlarında risklər audit rəyindən sonra da qısa müddətdə reallaşa bilər. Bu isə auditin riskləri aradan qaldıran mexanizm deyil, risklərin qiymətləndirilməsi və maliyyə məlumatlarının etibarlılığının yoxlanılması aləti olduğunu göstərir.

Bank sektorunda risklər dinamik xarakter daşıyır və kredit portfelinin keyfiyyəti, likvidlik təzyiqləri, bazar dəyişiklikləri və idarəetmə qərarları maliyyə vəziyyətinə sürətlə təsir göstərə bilər. Audit prosesində auditor maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin olub-olmamasını qiymətləndirir və bankın fəaliyyətini yaxın gələcəkdə davam etdirə bilmə qabiliyyətini - yəni “going concern” prinsipini mövcud məlumatlar əsasında analiz edir. Lakin audit rəyi bütün potensial risklərin aradan qalxdığını və ya bankın gələcəkdə maliyyə problemləri yaşamayacağını ifadə etmir.
Bu baxımdan bank problemlərinin sonradan üzə çıxması bir çox hallarda audit zəifliyindən deyil, risklərin sonradan üzə çıxmasından və ya idarəçilərin qərarlarının nəticələrindən qaynaqlanır".
Ş.Kərimovun sözlərinə görə, burada məsuliyyət bölgüsünün düzgün müəyyən edilməsi mühüm əhəmiyyət daşıyır:
"Maliyyə hesabatlarının hazırlanmasına, daxili nəzarət sistemlərinin qurulmasına və risklərin idarə olunmasına görə birbaşa məsuliyyət bankın idarəçilərinə və korporativ idarəetmə strukturlarına aiddir. Auditor isə təqdim olunan məlumatların əsaslılığını test edir, risk açıqlamalarının adekvatlığını qiymətləndirir və maliyyə hesabatlarının istifadəçilər üçün etibarlı olub-olmaması barədə peşəkar rəy verir.
Müasir bank sektorunda audit mexanizmlərinin gücləndirilməsi zərurəti də aktual olaraq qalır. Risk əsaslı audit yanaşmasının dərinləşdirilməsi banklarda potensial problemlərin daha erkən mərhələdə müəyyən edilməsinə kömək edə bilər.
Audit komitələrinin rolunun gücləndirilməsi idarəetmə qərarlarının daha effektiv nəzarət altında saxlanmasına və maliyyə risklərinin gizli qalma ehtimalının azalmasına xidmət edir. Daxili audit funksiyasının real müstəqilliyinin təmin olunması isə bank daxilində risklərin vaxtında aşkar olunması üçün mühüm institusional təminatdır.
Eyni zamanda, prudensial nəzarət orqanları ilə auditorlar arasında effektiv informasiya mübadiləsi maliyyə sabitliyinin qorunmasında sistemli yanaşmanın formalaşmasına imkan yaradır.
Bank sektorunda maliyyə problemlərinin gec üzə çıxması yalnız texniki audit məsələsi deyil, həm də ictimai etimad məsələsidir. Əmanətçilərin və investorların bank sisteminə inamı maliyyə məlumatlarının şəffaflığı və risklərin vaxtında açıqlanması ilə birbaşa bağlıdır.
Bu səbəbdən audit maliyyə nəzarətinin texniki elementi olmaqla yanaşı, maliyyə sabitliyinin qorunmasına və bazar intizamının gücləndirilməsinə təsir edən mühüm institusional mexanizm kimi çıxış edir".
Ekspert sonda əlavə edib ki, bank sektorunda problemlərin vaxtında müəyyən olunması auditorların, bank idarəçilərinin, daxili nəzarət sistemlərinin və tənzimləyici qurumların birgə fəaliyyətindən asılıdır. Onun fikrincə, güclü audit mühiti risklərin erkən aşkarlanmasına, maliyyə şəffaflığının artmasına və bank sisteminə ictimai etimadın qorunmasına xidmət edir. Audit bütün riskləri aradan qaldırmasa da, onların gizli qalmasının qarşısını alan ən vacib peşəkar nəzarət alətlərindən biridir.
Fatimə Məmmədova
12:58 16.03.2026
Oxunuş sayı: 179