Əraqçı: İranın zənginləşdirilmiş uranı dağıntılar altındadır
İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, ölkənin zənginləşdirilmiş uran ehtiyatları ABŞ-nin zərbə endirdiyi nüvə obyektinin dağıntıları altında qalıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazir bu barədə CBS News telekanalına müsahibəsində danışıb. Onun sözlərinə görə, həmin materialların dağıntılar altından çıxarılması mümkündür və bu proses International Atomic Energy Agency (AEBA) nəzarəti altında həyata keçirilə bilər.
“Bildiyiniz kimi, nüvə obyektlərimizə hücum edilib və hamısı dağıntılar altındadır. Əlbəttə ki, onları geri qaytarmağın bir yolu var, lakin bu yalnız agentliyin nəzarəti altında mümkündür. Əgər nə vaxtsa bunu etmək qərarına gəlsək, bu proses agentliyin nəzarəti altında həyata keçiriləcək. Amma hələlik belə bir proqramımız yoxdur və onları dağıntılar altından çıxarmağı planlaşdırmırıq”, – deyə nazir qeyd edib.
Abbas Əraqçı həmçinin bildirib ki, İran hazırda ABŞ ilə danışıqlara başlamaq üçün heç bir səbəb görmür. Onun sözlərinə görə, Tehran nə atəşkəs, nə də danışıqlar tələb edib və ölkə müdafiəyə hazırdır.
10:28 16.03.2026
Oxunuş sayı: 50