ŞAD XƏBƏR: Azərbaycanın gəlirləri artacaq
Orta Dəhlizin genişləndirilməsi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin iqtisadi inkişafına yeni imkanlar yaradır. “Moody’s”in hesabatına görə, region ölkələrinin bir çoxunda iqtisadi artımın 2026-cı ildə 5 faizdən yüksək olacağı gözlənilir və bu artımda Orta Dəhlizin genişləndirilməsi mühüm rol oynayacaq.
İqtisadçı Xalid Kərimli Orta dəhlizin genişlənməsinin Azərbaycanın tranzit gəlirlərinə və xarici ticarətinə müsbət təsir göstərə biləcəyini Crossmedia.az-a açıqlamasında bildirib: “Orta dəhlizin genişlənməsi Azərbaycanda yükdaşımalarla əlaqədar tranzit gəlirlərini artıra bilər, yəni müsbət təsir göstərə bilər. O rəqəmlər haqqında hələ nə qədər daşınmasından asılıdır, amma bu sahədə gəlirləri artıra bilər. Bundan başqa, Azərbaycanın özünün də idxal-ixrac əməliyyatlarını genişləndirə bilər”.

İqtisadçının sözlərinə görə, dəhlizin inkişafı idxal-ixrac əməliyyatlarının səmərəliliyini artırmaqla yanaşı, daşımaların daha əlverişli qiymətlərlə həyata keçirilməsinə imkan yarada bilər: “Hal-hazırda Orta dəhliz işləyir, amma kifayət qədər bahalıdır. İranda müharibə olduğuna görə, Hörmüz boğazı işləmədiyinə görə, Bəndər-Abbas riskli olduğuna görə məcbur idxalçılar Orta dəhlizdən istifadə edirlər. Amma qiymətləri ucuz gəlmir, baha gəlir. Burada sonrakı genişlənmə işini səmərəli təşkil etməklə sürətli və əlverişli qiymətlər əldə etmək mümkün ola bilər”.
Xalid Kərimli qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Orta dəhlizin ötürmə imkanlarını artırmaqla yanaşı, Azərbaycanın müəyyən istiqamətlərdən asılılığını da azalda bilər: “Zəngəzur dəhlizinin açılması ilə bu daha sürətli və daha effektiv ola bilər. İndi hal-hazırda Gürcüstanın limanlarından çox asılıyıq. Amma Zəngəzur dəhlizinin açılması ilə həm ötürmə qabiliyyəti daha da arta bilər, həm də artıq bir istiqamətdən asılılıq aşağı düşə bilər. Türkiyə üzərindən də bu kanal effektiv işləyə bilər”.
Nigar Xəlilli
15:00 11.09.2026
Oxunuş sayı: 48