Yuxuda xorultu yaddaş və diqqətə təsir edə bilər
Xoruldayan insanla eyni yataqda yatmaq qarşı tərəfin yuxusunu poza, ertəsi gün diqqət, yaddaş və emosional vəziyyətə mənfi təsir göstərə bilər.
Crossmedia.az xəbər verir ki, BBC bu barədə məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, xorultu yuxu zamanı yuxarı tənəffüs yollarındayı yumşaq toxumaların titrəməsi nəticəsində yaranır. Britaniya Xorultu və Yuxu Apnesi Assosiasiyasının məlumatına əsasən, Böyük Britaniyada yetkin əhalinin təxminən 40 faizi xoruldayır. Bu problem kişilərdə qadınlara nisbətən daha çox müşahidə olunur.
ABŞ-də aparılan sorğuya görə isə xoruldayan partnyoru olan insanların 75 faizi bunun onların yuxusuna təsir etdiyini bildirib.
Diqqət və yaddaş
Mütəxəssislər bildirirlər ki, gecə ərzində xorultu səbəbindən tez-tez oyanmaq yuxunun keyfiyyətini aşağı salır. Bu isə insanın səhər yorğun, diqqətsiz və yaddaş problemləri ilə oyanmasına səbəb ola bilər.
Yuxu zamanı beyin gün ərzində əldə edilən məlumatları emal edir və yadda saxlayır. Yuxunun tez-tez bölünməsi bu prosesə mane ola, diqqətin və yaddaşın zəifləməsinə səbəb ola bilər.
Yuxunun pozulması həmçinin stress və emosional reaksiyaların tənzimlənməsində iştirak edən beyin sistemlərinə təsir göstərir. Nəticədə insan daha əsəbi ola və gündəlik stresslə mübarizədə çətinlik çəkə bilər.
Mütəxəssis Ama Johal bildirir ki, bəzi cütlüklər problemin təsirlərinə uzun müddət dözür və nəticədə tərəflərdən biri ayrı otaqda yatmağa məcbur olur.
Münasibətlərə də təsir edir
Xorultuya görə yuxunun davamlı pozulması əsəbilik və mübahisələrə səbəb ola bilər. Ayrı otaqlarda yatmaq qərarı isə cütlüklər arasında yaxınlığın azalmasına gətirib çıxara bilər.
BBC-yə danışan Meg Warren adlı 29 yaşlı qadın əvvəlki partnyorunun xorultusunun gecə yuxusunu tez-tez pozduğunu bildirib. Onun sözlərinə görə, belə gecələrdən sonra özünü son dərəcə gərgin, səhərlər isə halsız və çaşqın hiss edib.
52 yaşlı jurnalist Anna-Louise Dearden isə partnyorunun xorultusunun güclü olduğu gecələr bəzən başqa otaqda yatdığını deyib. O, qulaq tıxaclarının səs-küyün böyük hissəsini eşitmədən yatmasına kömək etdiyini bildirib.
Xorultu nə zaman ciddi problemə işarədir?
Mütəxəssislər vurğulayırlar ki, sadə xorultu ilə yuxu apnesini bir-birindən ayırmaq vacibdir. Yuxu apnesi zamanı insanın nəfəsi gecə ərzində dəfələrlə dayanıb yenidən başlaya bilər.
Nəfəsin yuxuda dayanması, boğulma hissi ilə oyanma, gecə ərzində tez-tez oyanmaq və səhərlər baş ağrısı yuxu apnesinin mümkün əlamətləri hesab olunur.
Belə hallarda həkim müayinəsi vacibdir. Müalicə vəziyyətdən asılı olaraq davamlı müsbət hava yolu təzyiqi cihazının (CPAP) istifadəsini və bəzi hallarda cərrahi müdaxiləni əhatə edə bilər.
Sadə xorultu zamanı isə çəkinin azaldılması, siqaretdən imtina, yatmazdan əvvəl alkoqol qəbulunun azaldılması və böyrü üstə yatmaq kimi həyat tərzi dəyişiklikləri tövsiyə oluna bilər.
Həkim həmçinin xorultunun səbəbini müəyyənləşdirmək üçün burun tıxanıqlığı və allergiyaların müalicəsini, eləcə də aşağı çənəni irəli çəkərək tənəffüs yolunu açıq saxlayan xüsusi ağız aparatını tövsiyə edə bilər.
16:21 11.09.2026
Oxunuş sayı: 40