Məktəblərdə hibrid təhsil: Yeni model nə vəd edir?
Azərbaycanda məktəblərdə hibrid təhsil modelinin tətbiqinin genişləndirilməsi təhsilin keyfiyyətinin artırılması baxımından yeni imkanlar yarada bilər. Ənənəvi sinif dərslərini rəqəmsal resurslarla birləşdirən bu model şagirdlərin yalnız dərs zamanı deyil, məktəbdənkənar vaxtlarda da mövzular üzərində işləməsinə şərait yaradır. Videodərslər, elektron tapşırıqlar, testlər və digər rəqəmsal materiallar şagirdin öyrənmə prosesini daha çevik edə bilər. Eyni zamanda, müəllimlər şagirdlərin nəticələrini daha sistemli izləyərək onların hansı mövzularda çətinlik çəkdiyini müəyyənləşdirə bilərlər. Lakin hibrid təhsilin effektivliyi yalnız texnologiyanın tətbiqi ilə məhdudlaşmır. Müəllim hazırlığı, düzgün metodikanın seçilməsi və keyfiyyətli rəqəmsal resursların təmin edilməsi bu modelin uğurunda əsas amillər hesab olunur.
Mövzu ilə bağlı "Ingla School"-un direktoru, təhsil eksperti Əzizə Fətullayeva Crossmedia.az-a açıqlamasında bildirib ki, hibrid təhsil modeli düzgün qurulduğu halda təhsil sistemində mühüm keyfiyyət artımı yarada bilər:
“Deyə bilərəm ki, hibrid təhsil modelinin məktəblərdə tətbiqi düzgün qurulacağı təqdirdə təhsil sistemində mühüm keyfiyyət artımını təmin edə bilər. Məlumdur ki, hibrid təhsil ənənəvi sinif dərsləri ilə rəqəmsal təhsil imkanlarının birgə tətbiq olunduğu bir modeldir. Bu sistemdə şagird sadəcə məktəbdə keçilən dərslərlə kifayətlənmir; onlayn materiallar, videodərslər, testlər və elektron tapşırıqlar vasitəsilə mövzuları təkrar edir. Müəllim isə şagirdin nəticələrini daha sistemli şəkildə izləyə bilir".
Ekspert qeyd edib ki, yaxşı qurulmuş hibrid model və onlayn dərs sadəcə “Zoom” proqramını açmaqdan ibarət deyildir: "Əsas məqsəd texnologiyanı tədrisə inteqrasiya edərək dərsi daha fərdi, çevik və ölçülə bilən etməkdir. Belə olduğu halda müəllim şagirdin çətinlik çəkdiyi mövzunu daha tez müəyyən edə biləcək və onun öz tempinə uyğun öyrənməsinə şərait yaradacaqdır. Bunlar da təhsilin keyfiyyətinə birbaşa təsir edən mühüm amillərdir. Lakin modelin effekti yalnız texnologiyadan asılı deyildir. Burada müəllim hazırlığı, düzgün metodika və keyfiyyətli rəqəmsal resurslar həlledici rol oynayır. Düşünürəm ki, hibrid təhsil modelinin Azərbaycan təhsil sistemində, xüsusilə məktəblərdə daha geniş tətbiqi müasir dünya ilə ayaqlaşmağımıza imkan yaradacaq və təhsilimizin keyfiyyətini yüksəldəcəkdir.”
Zeynəb Həsən
16:30 11.09.2026
Oxunuş sayı: 48