Kanada və Ukraynadan “100 illik tərəfdaşlıq” razılaşması
Kanada Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi və pilotsuz uçuş aparatları ehtiyatının artırılması üçün yeni dəstək paketi açıqlayıb.
Crossmedia.az xəbər verir ki, The Guardian bu barədə məlumat yayıb.
Kanadanın baş naziri Mark Karni Alberta əyalətinin Kalqari şəhərində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Görüş zamanı tərəflər müdafiə, kritik minerallar və enerji sahələrini əhatə edən “100 illik tərəfdaşlıq” üzərində işləmək barədə razılığa gəliblər.
Karni bildirib ki, Kanada Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi üçün 350 milyon Kanada dolları (253 milyon ABŞ dolları) ayıracaq. Vəsait ABŞ-nin Ukrayna üzrə çoxmillətli proqramı çərçivəsində təqdim ediləcək.
Ukrayna Prezidenti daha əvvəl Rsiyanın ballistik raket hücumlarını artırması fonunda hava hücumundan müdafiə sistemlərinə ehtiyacın yüksəldiyini vurğulayıb.
Kanada həmçinin Ukraynanın enerji infrastrukturunun bərpası üçün 450 milyon Kanada dolları məbləğində kredit zəmanəti təqdim edəcək. Bu vəsait zədələnmiş infrastrukturun təmiri, enerji saxlama imkanlarının artırılması və xəstəxanaların elektrik təminatının yaxşılaşdırılmasına yönəldiləcək.
Karni bildirib ki, enerji dəstəyinin əsas məqsədlərindən biri Ukraynanın qış aylarını daha hazırlıqlı keçirməsinə kömək etməkdir. Ölkədə soyuq hava şəraitində elektrik enerjisinin fasilələrlə verilməsi problemi yaşanır.
Bundan əlavə, Kanada pilotsuz uçuş aparatlarının istehsalını artırmağı planlaşdırır. Karni yeni istehsalın 30 faizinin Ukraynaya göndəriləcəyini açıqlayıb.
Zelenski bildirib ki, bu dronların birbaşa döyüş meydanında istifadə olunması və Ukrayna hərbçilərinə çatdırılması nəzərdə tutulur.
Tərəflər həmçinin Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı mümkün danışıqları müzakirə ediblər. Zelenski Rusiyada davam edən seçki dövründə ciddi danışıqların keçiriləcəyini gözləmədiyini bildirib.
O, sentyabrın sonunda Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampla görüşməyi planlaşdırdığını deyib. Görüşün BMT Baş Assambleyası çərçivəsində keçirilməsi gözlənilir.
Zelenskinin Kanadadakı səfərinin növbəti mərhələsində Banff Milli Parkında hökumət üzvləri ilə görüşəcəyi, daha sonra isə Toronto və Ontarionun şimalındakı Nort-Bey şəhərinə səfər edəcəyi bildirilib.
16:17 11.09.2026
Oxunuş sayı: 57