Müharibə bitmədən seçki olmayacaq – Kiyev Avropa dəstəyinə arxalanır
Volodimir Zelenski prezident seçkilərinin yalnız Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra keçiriləcəyini bildirib və müvəqqəti atəşkəs dövründə səsvermənin mümkün olmadığını vurğulayıb. O, namizədliyini irəli sürüb-sürməyəcəyinə ukraynalıların mövqeyinə əsasən qərar verəcəyini deyib. Zelenski, həmçinin ABŞ hərbi yardımı dayandıracağı təqdirdə Avropa ilə birgə alternativ mexanizmlərin müzakirə olunduğunu qeyd edib və Ukraynanın Avropanı müharibəyə cəlb etmək niyyətində olmadığını bildirib.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Crossmedia.az-a açıqlamasında bildirib ki, hazırda Avropa İttifaqı (Aİ) Ukraynaya dəstək verən əsas tərəfdir.
Onun sözlərinə görə, bu dəstəyə həm hərbi, həm də maliyyə yardımı daxildir: “Xüsusilə Aİ-nin dəstəyi ilə yaz aylarında Ukrayna ordusunun döyüş qabiliyyətinin artırılması hədəflənir. Ukrayna Prezidenti Zelenski də bunun siqnallarını verib və Rusiya ilə pərdəarxası danışıqlar apardığı deyilən Fransaya qarşı sərt reaksiya göstərib. Hazırda Ukrayna və Avropa İttifaqının planının Ukraynaya dəstəyin davam etdirilməsi və müharibədə ənənəvi strategiyanın, yəni tükəndirmə planının prioritet olaraq qalması olduğunu söyləmək olar”.
Əli Zülfüqaroğlu əlavə edib ki, seçkilər Rusiyanın tələblərindən biri idi və Ukrayna müəyyən şərtlər çərçivəsində buna gedəcəyinin mesajını vermişdi: “Amma görünən odur ki, Ukrayna heç bir şərti qəbul etmək niyyətində deyil. Xüsusilə ABŞ-İran müharibəsi fonunda yaranan yeni reallıq, Aİ–ABŞ gərginliyi fonunda Ukraynanın maraqlarına cavab verə bilər. Ona görə də hesab edirəm ki, Ukraynanın fərqli açıqlamalar verməsinin arxasında həm də bu məsələ dayanır”.
Həmayıl Şükürlü
14:49 04.03.2026
Oxunuş sayı: 566