Efirlər mübahisə meydanına çevrilir: İnam da əldən gedir, nüfuz da...
Son günlər Azərbaycanda bir sıra tanınmış musiqiçilərin sosial media platformalarında və şəxsi hesablarında televiziyalara, həmçinin aparıcılara qarşı sərt tənqidlərini artırması müşahidə olunur. Əvvəllər yalnız fərdi fikirlər və konstruktiv tənqid şəklində olan bu ifadələr getdikcə daha aqressiv tona keçərək televiziya məkanını hədəfə almağa başlayıb. Bəzi hallarda isə bu tənqidlər sadəcə fikir mübadiləsi səviyyəsində qalmayıb, şəxsi təhqir və ekrana yaraşmayan addımlarla müşayiət olunur. Belə hallar yalnız televiziya kanallarının və aparıcıların nüfuzuna xələl gətirmir, həm də ictimaiyyət arasında müzakirələri kəskinləşdirir və medianın peşəkarlıq imicinə təsir göstərir. Eyni zamanda, bu tendensiya Azərbaycan teleməkanında ciddi sosial, psixoloji və mədəni çağırışları gündəmə gətirir və televiziya sahəsindəki problemlərin yalnız şəxsi qalmaqallar vasitəsilə həll edilə bilməyəcəyini göstərir.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı söyləyib ki, Audiovizual Şura bu işlərlə məşğul olmalıdır: "Bildiyim qədərilə bu işlərlə məşğul olmağa da səlahiyyətləri çatır. Əgər çatmırsa da artırılmalıdır. Bizim televiziyaların hər birinə direktor təyin edilib və onlara deyilib ki, bu cür verilişlər bağlansın. Əgər bağlaya bilmirlərsə, direktorları dəyişdirmək lazımdır".

Media eksperti Nəmənd Rüstəmov isə söyləyib ki, son günlərdə aparıcı Tarix Əliyev, yəni Tolik kimi tanınan şəxs ilə Səidə Sultan arasında baş verən qalmaqal, eləcə də sosial şəbəkələrdə klarinet ifaçısı Hüseynin və digər şou - biznes nümayəndəsi Murad Arifin verdiyi açıqlamalar televiziya məkanında müəyyən müzakirələrə səbəb oldu: "Bu polemika əsasən kommersiya televiziyalarında yayımlanan verilişlərin səviyyəsi, müzakirə olunan mövzular və qonaqların seçimi ilə bağlıdır. Hesab edirəm ki, bu növbəti, "danışıb dağılışdılar" formatında söhbətlərdən biridir. Burada əsas tənqid olunan televiziya kanalları ARB, ATV, Xəzər və Space-dir. Bəziləri bu verilişlərdəki mövzuların onları qane etmədiyini ifadə edirlər ki, bu, normaldır; zövqlər və yanaşmalar müxtəlif ola bilər. Lakin tənqidçilər unudurlar ki, televiziya eyni zamanda sosial alət, xəbərlənmə vasitəsi, əyləncə və maariflənmə platformasıdır. Dünya miqyasında televiziya böyük bir sənaye sahəsi kimi fəaliyyət göstərir: burada böyük investisiyalar qoyulur, geniş peşəkar komandalar çalışır və böyük reklam büdcələri istifadə olunur. Azərbaycanda isə yaxşı veriliş hazırlamaq üçün resurslar məhduddur. Reklam bazarı ölkədə kiçikdir; ölkənin audio-vizual məkanında dövriyyəyə çıxan reklam pullarının ümumi həcmi təxminən 20 milyon dolları keçmir ki, bu da ABŞ və Avropanın bir həftəlik və ya aylıq reklam büdcəsi ilə müqayisədə çox azdır. Buna baxmayaraq, tənqidçilər sadəcə qınayır və öyüd-nəsihət verir, ancaq yaxşı kontent yaratmaq üçün lazım olan böyük avadanlıq, resurs və ideyaların mövcudluğunu nəzərə almırlar.
Ekspert əlavə edib ki, ümumiyyətlə, Azərbaycan teleməkanında hazırda müəyyən regres prosesi müşahidə olunur: “Televiyalar sosial şəbəkələrlə rəqabətdə uduzur və bu tendensiya təkcə Azərbaycana aid deyil, dünyanın əksər ölkələrində də baş verir. Televiziyadakı qalmaqalların və müzakirələrin həll yolu aparıcıların bir-birini tənqid etməsi deyil. Bu məsələlər ciddi menecment, sosial-psixoloji və iqtisadi problemlərlə bağlıdır. Belə problemləri yalnız mütəxəssislər həll edə bilər, qalmaqalların gündəmə gətirilməsi isə televiziyanın inkişafına heç bir töhfə vermir. Televiziya, ümumiyyətlə, əxlaq müəllimi və ya məktəb deyil; o, iqtisadi və sosioloji alət olaraq fəaliyyət göstərir. Dövlət televiziyası isə dövlət büdcəsi hesabına maliyyələşir və kifayət qədər sanballı layihələr həyata keçirir. Məsələn, Azərbaycan Dövlət Televiziyası və İctimai Televiziya ciddi beynəlxalq, intelektual və ictimai-siyasi layihələri təqdim edir və reytinqlərə görə kommersiya televiziyalarının sürükləndiyi səviyyəyə qapılmır. Beləliklə, televiziya sahəsində baş verən polemikalar, qalmaqallar və tənqidlər onun inkişafına ciddi təsir göstərməyəcək; həll yalnız mütəxəssislərin fəaliyyəti və konstruktiv yanaşması ilə mümkün ola bilər”.
Ayhan
17:38 24.02.2026
Oxunuş sayı: 644