20-ci paket böhranı: Brüssel tərəddüd edir, Moskva gözləyir?
Avropa Birliyi daxilində Rusiyaya qarşı nəzərdə tutulan 20-ci sanksiya paketi ətrafında yaranmış fikir ayrılıqları təşkilatın vahid xarici siyasət kursunun davamlılığı ilə bağlı sualları yenidən gündəmə gətirib.
Bir sıra üzv dövlətlərin təklif olunan məhdudiyyətlərə etiraz etməsi qərarın qəbulunu ləngidir və Brüsselin siyasi iradəsinin bütövlüyü barədə müzakirələri dərinləşdirir. Hazırkı mərhələdə əsas sual ondan ibarətdir ki, bu fikir ayrılıqları Rusiyaya qarşı sanksiya siyasətinin effektivliyini real şəkildə zəiflədə bilərmi?
Digər tərəfdən, qərarların gecikməsi və ya yumşaldılması Moskvanın diplomatik manevr imkanlarını genişləndirərək ona əlavə vaxt və siyasi fürsət qazandıra bilərmi?
Mövzu ilə bağlı politoloq Natiq Miri Crossmedia.az-a açıqlama verib.
O qeyd ki, burada söhbət Avropa Birliyinin üzvü olan Macarıstan və Slovakiya kimi dövlətlərdən gedir:
‘’Bu isə yalnız bu gün yaranmış bir vəziyyət deyil. 2022-ci ildən etibarən həmin ölkələrin rəhbərliyi özlərini faktiki olaraq Rusiyanın siyasi təsir dairəsində olan qüvvələr kimi göstərirlər.

Məhz buna görə də, zaman-zaman Rusiya əleyhinə qərarların qəbulunda çətinliklər yaranır. Avropa Birliyində Rusiyanın müəyyən təsir alətləri mövcuddur və bu təsir əsasən bəzi üzv ölkələrin siyasi rəhbərləri vasitəsilə həyata keçirilir.
Lakin buna görə, bütövlükdə Macarıstan və Slovakiya xalqlarını cəzalandırmaq mümkün deyil. Hakimiyyətlər dəyişkəndir, xalqlar isə qalıcıdır. Bu, o demək deyil ki, Avropa Birliyi bu maneələri aşmaqda acizdir.
Doğrudur, zaman baxımından müəyyən gecikmələr və itkilər ola bilər. Ancaq nəticə etibarilə, ya müəyyən kompromislər yolu ilə, ya da siyasi təzyiq mexanizmləri vasitəsilə həmin qərarların qəbuluna nail olunur. Hazırkı vəziyyətdə də oxşar ssenarinin baş verməsi ehtimalı yüksəkdir. Macarıstan və Slovakiya rəhbərliyi hər dəfə Rusiyaya nümayiş etdirməyə çalışır ki, qərarların qəbulunu mümkün qədər ləngidirlər. Lakin bütövlükdə bu prosesin qarşısını almaq imkanları məhduddur. Uzunmüddətli perspektivdə belə davranışlar davam edərsə, hətta bəzi ölkələrin səsvermə hüquqlarının məhdudlaşdırılması məsələsi də gündəmə gələ bilər. Bu istiqamətdə fikirlər səsləndirilsə də, hələlik yekun qərar yoxdur’’.
Politoloq bildirib ki, ona görə də Rusiyanın 20-ci sanksiya paketinin hələ qəbul olunmamasına həddindən artıq nikbin yanaşması əsaslı deyil:
‘’Böyük ehtimalla bu qərar yaxın zamanda qəbul ediləcək. Digər məsələ isə sanksiyaların icrası ilə bağlıdır. İstər Avropa Birliyi, istərsə də Amerika Birləşmiş Ştatları səviyyəsində tətbiq olunan sanksiyalar tam effektiv şəkildə işləməyə bilər. Çünki bəzi şirkətlər rəsmi və ya qeyri-rəsmi formada Rusiya ilə ticarət əlaqələrini davam etdirirlər. Bunun arxasında maliyyə maraqları dayanır.
Bununla belə, qəbul edilən hər bir sanksiya Rusiya iqtisadiyyatına ciddi təsir göstərir. 20-ci sanksiya paketi qəbul olunarsa, xüsusilə müharibənin maliyyələşdirilməsində əsas rol oynayan sahələrə ciddi məhdudiyyətlər tətbiq ediləcək.
Məsələn, “kölgə donanması” adlandırılan neft tankerlərinin, xüsusilə Şimal Baltik və Atlantik akvatoriyalarında fəaliyyəti daha ciddi nəzarətə götürülə bilər və bu gəmilərin hərəkəti məhdudlaşdırıla bilər. Bu isə Rusiyanın müharibəni davam etdirmək imkanlarını daha da çətinləşdirəcək. Belə bir vəziyyətdə Macarıstan və ya Slovakiyanın bu prosesi tam dayandıracaq gücə malik olduğunu düşünmək real görünmür’’.
N.Miri vurğulayıb ki, Rusiya əsasən təsir imkanlarına malik olduğu ölkələr və onların siyasi rəhbərləri vasitəsilə qərarların qəbulunu zaman baxımından gecikdirməyə çalışır:
‘’Lakin bu, prosesin tam qarşısını almağa kifayət etmir. Bəzi hallarda danışıqlar masasına oturmaqla daha sərt sanksiyaların qarşısını almaq və ya neftlə bağlı məhdudiyyətləri yumşaltmaq cəhdləri edilir. Lakin bu cəhdlər çox zaman nəticəsiz qalır. ABŞ-da da Rusiyanın strateji oyun apardığı aydın şəkildə dərk olunur.
Məsələn, Donald Trampın Rusiyaya yönəlik sanksiyaların müddətinin bir il uzadılması bu mövqeni açıq şəkildə göstərir. Rusiyanın manevr imkanları getdikcə daralır. Müxtəlif səviyyələrdə, xüsusilə ABŞ-la danışıqlarda müəyyən cəlbedici təkliflər irəli sürülsə də, bu, Moskva üçün ciddi strateji üstünlük yaratmır. Çünki ABŞ administrasiyası daxilində, o cümlədən Konqres və Senatda Rusiyaya münasibətdə daha sərt mövqe tutan qüvvələr mövcuddur’’.
Sevinc Yarməmmədova
14:03 23.02.2026
Oxunuş sayı: 516