Uşaqların sosial şəbəkələrə əlçatımlığı məhdudlaşdırılır
Rəqəmsallaşmanın sürətlə genişləndiyi müasir dövrdə uşaqların internet və rəqəmsal platformalarda təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin vacib istiqamətlərindən birinə çevrilib. Sosial şəbəkələr, onlayn oyunlar və müxtəlif rəqəmsal kontentlər uşaqların inkişafı üçün yeni imkanlar yaratsa da, eyni zamanda zorakılıq, aqressiv davranış modelləri, asılılıq və zərərli informasiya ilə qarşılaşma risklərini də artırır.
Bu baxımdan uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin qanunvericilikdə ayrıca müddəalarla əksini tapmasına dair irəli sürülən təkliflər aktual müzakirə mövzusu kimi çıxış edir. Xüsusilə zorakılıq və aqressiya yaradan kompüter oyunlarının istifadəsinin məhdudlaşdırılması, valideyn nəzarəti mexanizmlərinin təşviqi, təhsil müəssisələrində rəqəmsal təhlükəsizlik və media savadlılığı üzrə maarifləndirmə tədbirlərinin gücləndirilməsi, eləcə də yaş kateqoriyası sisteminin tətbiqi kimi yanaşmalar uşaqların hüquqlarının və psixoloji rifahının qorunması baxımından mühüm hesab olunur.
Belə bir təşəbbüsün mahiyyəti, onun mümkün təsirləri və əlavə görülə biləcək tədbirlər isə uşaqların təhlükəsiz rəqəmsal mühitdə böyüməsini təmin etmək baxımından geniş müzakirə tələb edən məsələlər sırasındadır.

Bu barədə Crossmedia.az-a danışan sosioloq Rəvan Əliyev söyləyib ki, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin qanunvericilikdə ayrıca müddəalarla əks olunması müasir dövrün sosial reallıqlarından irəli gələn vacib təşəbbüsdür: "Artıq uşaqların sosiallaşması yalnız ailə və məktəb mühiti ilə məhdudlaşmır; onların gündəlik həyatının əhəmiyyətli hissəsi rəqəmsal platformalarda formalaşır. Bu isə yeni risklər və yeni məsuliyyət sahələri yaradır. Deputat tərəfindən səsləndirilən təkliflər – zorakılıq və aqressiya tərkibli oyunların məhdudlaşdırılması, yaş kateqoriyası sisteminin tətbiqi, valideyn nəzarət alətlərinin təşviqi və məktəblərdə media savadlılığı üzrə sistemli maarifləndirmə tədbirlərinin keçirilməsi – olduqca əsaslıdır. Beynəlxalq təcrübədə, məsələn, Avropada tətbiq olunan PEGI sistemi və ABŞ-da fəaliyyət göstərən Entertainment Software Rating Board mexanizmi valideynlərə oyunların məzmunu barədə aydın informasiya verir və yaşa uyğun seçim imkanı yaradır. Bu cür mexanizmlərin milli qanunvericilikdə təsbit olunması və icrasına real nəzarət mexanizminin yaradılması vacibdir".

İKT mütəxəssisi Elvin Abbasovun sözlərinə görə isə uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin qanunvericilik səviyyəsində tənzimlənməsi təklifi, xüsusilə "Onlayn Azərbaycan" və geniş rəqəmsallaşma fonunda olduqca zəruri və vaxtında atılmış bir addımdır: "Təklif olunan yaş kateqoriyası (PEGI və ya oxşar sistemlər) və oyunlarda zorakılığın məhdudlaşdırılması mexanizmləri uşaqların psixi sağlamlığını qorumaqla yanaşı, valideynlərin nəzarət imkanlarını hüquqi müstəvidə gücləndirir. Bu yanaşma rəqəmsal mühiti sadəcə texnoloji platforma deyil, uşaqların inkişaf etdiyi sosial məkan kimi qəbul edir və orada baş verə biləcək kiber-bullinq, asılılıq və zərərli kontent risklərinə qarşı dövlət zəmanəti yaradır. Əlavə tədbir kimi, ölkədə fəaliyyət göstərən internet provayderləri tərəfindən "təhlükəsiz internet" paketlərinin məcburi deyil, daha əlçatan və standart bir seçim kimi təklif edilməsi, həmçinin uşaqların biometrik məlumatlarının və şəxsi datalarının kommersiya məqsədilə toplanmasını qadağan edən "Rəqəmsal Məxfilik" bəndlərinin əlavə olunması effektiv ola bilər. Bundan əlavə, süni intellekt alqoritmlərinin uşaqlara qarşı manipulyativ reklamlar göstərməsinin qanunla məhdudlaşdırılması və məktəblərdə yalnız texniki deyil, həm də "rəqəmsal etika" və "kiber-gigiyena" dərslərinin tədrisi uşaqların bu mühitdə özlərini qoruması üçün fundamental bazanı təmin edərdi".

Hüquqşünas Mehman Muradlı da məsələ ilə bağlı öz fikirlərini bölüşüb: "Deputatların bu təkliflərinə baxanda və onları dinləyəndə belə qənaətə gəlirəm ki, burada daha çox uşaqların hüquqlarının məhdudlaşdırılmasından söhbət gedir. Qanuna bu cür dəyişikliklərin edilməsi və bu tip təkliflərin irəli sürülməsi, hətta bir deputatın uşaqların məcburi ibtidai təhsilinin Azərbaycan dilində olması məsələsini bu kontekstdə təqdim etməsi məntiqdən kənar görünür. Ümumilikdə yanaşdıqda, burada səsləndirilən təkliflərin mahiyyətində uşaqların hüquqlarının genişləndirilməsi deyil, əksinə, müəyyən dərəcədə məhdudlaşdırılması ehtimalı diqqət çəkir. Yəni, nə qədər geniş baxsaq belə, bunu bir cümlə ilə ifadə etmək olar: söhbət uşaqların hüquqlarının məhdudlaşdırılmasından gedir və bu qanun layihəsinin, eləcə də bəzi deputatların təkliflərinin həmin istiqamətə xidmət etdiyi təsiri yaranır".
Ayhan
11:03 23.02.2026
Oxunuş sayı: 638