Ana dilinə qurban gedən dörd tələbə: 21 Fevralın tarixi
Bugün, 21 fevral, Beynəlxalq Ana Dil Günüdür. Hər bir insan üçün ana dilini bilmək yalnız bir bilik məsələsi deyil, həm də böyük bir məsuliyyətdir. Ana dilimiz bizi formalaşdıran, kimliyimizi qoruyan, düşüncələrimizi ifadə etməyə imkan verən ən yaxın vasitədir. Hər birimiz öz ana dilimizi öyrənməli, ona hörmət etməli və gələcək nəsillərə ötürməliyik. Ana dilimizi qorumaq, onu sevmək və inkişaf etdirmək hər kəsin borcudur.
ADPU-nun filologiya fakültəsinin dosenti, dilçi alim Elşad Abışov Ana dili gününün yaranma tarixi barədə Crossmedia.az-a açıqlama verib:

"1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO 21 fevral tarixini Beynəlxalq Ana Dili Günü elan etmişdir. Bu təşəbbüsün səbəbi isə 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində dörd tələbənin ana dilləri – benqal dilinin rəsmi dövlət dili olması uğrunda apardıqları mübarizə zamanı qətlə yetirilməsidir. Məhz bu hadisə ilə əlaqədar olaraq, 1999-cu ildən etibarən hər il dünyanın bir çox ölkəsində 21 fevral Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Azərbaycanda da bu gün Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir. Azərbaycan dili bir çox dillər kimi zamanın ağır sınaqlarından keçib. Ərəb işğalından bu günə qədər dilimizin adı bir neçə dəfə dəyişdirilib. Ərəblər Azərbaycana gəlməzdən əvvəl dilimiz öz həqiqi adı ilə türk dili adlanırdı. Ərəb işğalından sonra isə bu ərazilər Azərbaycan, xalqımız azəri, dilimiz isə azəri dili adlandırıldı.
Lakin ərəb hakimiyyəti zəiflədikdən sonra, rəsmi dairələrdə dilimiz azəri dili kimi göstərilsə də, geniş xalq kütlələri arasında dilimiz türk dili adlandırılırdı. Nəhayət, Şah İsmayıl Xətainin dövründə dilimiz türk dili adı ilə rəsmi dövlət dili elan edildi. Sonrakı dövrdə, Çar Rusiyası zamanında Azərbaycan xalqını milli kimliyindən uzaqlaşdırmaq məqsədilə dilimizin adı dəyişdirilərək tatar dili adlandırıldı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə dilimiz yenidən öz həqiqi adı ilə – türk dili kimi rəsmi dövlət dili oldu. Cümhuriyyət süqut etdikdən sonra, 1930-cu illərdə dilimiz yenidən azəri dili adlandırıldı".
E.Abışov 1937-ci il Konstitusiyasında Azərbaycan dili ilə bağlı maddənin yer almadığını qeyd edib:
"1958-ci ildə isə Ali Sovet Azərbaycan dilinin dövlət dili olması barədə qərar qəbul etdi və bu qərar sonradan Konstitusiyada təsbit olundu. 1991-ci ildə müstəqillik əldə edildikdən sonra qısa müddət ərzində dilimiz türk dili kimi də adlandırıldı. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında isə dilimiz rəsmi olaraq Azərbaycan dili kimi təsbit olundu. Bu fakt göstərir ki, Azərbaycan dili uzun və çətin tarixi yol keçərək bu günümüzə gəlib çatıb.
Ərəblərin Azərbaycana gəlişindən sonra uzun müddət ərzində ədəbi dil kimi ərəb dilindən istifadə olunub. Elm və sənət adamları öz əsərlərini əsasən ərəb dilində yazıblar. Sonrakı mərhələdə isə fars dili ədəbi dil kimi istifadə edilib. Bütün bu tarixi proseslər göstərir ki, Azərbaycan dili ağır sınaqlara baxmayaraq öz varlığını qoruyub saxlaya bilib. Ərəb xilafəti dövründən başlayaraq Azərbaycan dilində ərəb və fars sözlərin sayı artmağa başladı. XIX əsrin ikinci yarısından etibarən Azərbaycan ziyalıları dilin saflaşdırılması uğrunda mübarizəyə başladılar. Bu mübarizədə Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Seyid Əzim Şirvani, Abdulla Şaiq, Həsən bəy Zərdabi kimi ziyalılar mühüm rol oynadılar. Həmin dövrdə dil məsələsi ətrafında müxtəlif fikirlər irəli sürülürdü. Bəziləri fars dilinin, digərləri ərəb dilinin, bir qismi isə osmanlı türkcəsinin ədəbi dil olmasını təklif edirdi. Lakin ziyalıların səyləri nəticəsində Azərbaycan dili xalqın milli dili kimi qəbul olundu və yeni inkişaf mərhələsinə qədəm qoydu".
E.Abışov həmçinin Cəlil Məmmədquluzadənin fikirlərinə də yer verib:
"Cəlil Məmmədquluzadə həmin dövrü tənqid edərək yazırdı ki, bəzi adamlar ərəb və fars dillərindən elə ağır sözlər seçirlər ki, onları sadə oxucu belə başa düşmür. Bu qarışıq dili ədəbi dil adlandırır, xalqın doğma dilinə isə laqeyd yanaşırdılar.
Bu mərhələdən sonra Azərbaycan dilində saflaşma prosesi gücləndi. Sovet dövründə isə dilimizdə rus mənşəli sözlərin sayı artdı. Müstəqillikdən sonra Azərbaycan dili həm ərəb-fars, həm də rus mənşəli sözlərdən tədricən təmizlənərək inkişaf etdi.
Bu gün Azərbaycan dili müstəqil Azərbaycan Respublikasının dövlət dilidir. Qarşıda duran əsas vəzifə isə dilimizin saflığını qorumaq və onu yad təsirlərdən müdafiə etməkdir".
Fatimə Məmmədova
13:48 21.02.2026
Oxunuş sayı: 1024