Ermənistanda Rusiyaya nifrət var, çünki...
Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistanda dəmir yollarının idarə olunması məsələsinə diqqət çəkib və bu istiqamətdə səslənən təşəbbüsləri “zəif düşünülmüş” adlandırıb. Onun sözlərinə görə, belə bir sistem “bir gecədə sıradan çıxa bilər” və uzun müddət səmərəli fəaliyyət göstərən Rusiya dəmir yolu şirkətinin yerini heç bir başqa şirkət tam əvəz edə bilməz. Şoyqu həmçinin başqa ölkələrin dəmir yollarını idarəetmə bacarığını mühakimə etməyəcəyini bildirib. Bu açıqlama regionda nəqliyyat təhlükəsizliyi və strateji maraqlar baxımından ciddi suallar doğurur. Qeyd edək ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da mövzu ilə bağlı öz mövqeyini açıqlamışdı.
Tərəflər arasında davam edən gərginlik barədə Crossmedia.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, Ermənistandakı iqtisadi fəallıq həm də dəmir yollarının istifadəsi ilə bağlıdır:

"Onlar uzun illər Ermənistanda sektoru və logistik sahəni həm idarə edirlər, həm də onun təminatını və servis xidmətlərini təmin edirlər. Şoyqunun fikrini başa düşmək olar. Əslində, Ermənistanın həm ictimai-siyasi iqlimi, həm relyefi çətindir. Bu, həm də onların mental xüsusiyyətləri ilə bağlıdır. Çünki biri var humanist cəmiyyətdə işləyirsən, biri var çətin şəraitdə. Ermənistanda Rusiyaya böyük nifrət var. Ermənistan Moskvadan "inciyib", sanki Rusiya onların yerinə gəlir, savaşmalı idi. Amma iqtisadi baxımdan əsas açarlar hələ ki, Rusiyanın əlindədir. Dəhlizin istifadəsinə gəldikdə isə, dəhlizlər və strateji yollar insanlara xidmət edir, xalqlar və torpaqlar arasında münasibətləri tənzimləyir və mübadilə üçün əlverişli şərait yaradır. Azərbaycanın da burada böyük payı var. Ermənistanın nümayəndələri deyə bilər ki, Tramp marşrutunun Azərbaycana dəxli yoxdur, amma Amerika ilə Ermənistanın razılaşması öz gücünü göstərəcək. Əlbəttə, onlar bu mövzuda özünəməxsus mövqe tuturlar. Azərbaycan təşəbbüskarlıq göstərməsəydi və sülh yaratmasaydı, bu marşrutdan danışmaq mümkün olmazdı. Gündəmdə olan Zəngəzur dəhlizidir və Tramp ona öz adını verib, bu isə başqa məsələdir. Amma Azərbaycanın hörməti, iştirakı və təşəbbüskarlığı inkar edilə bilməz.
Ermənistanda demək olar ki, özünəməxsus bir atmosfer yaranıb. Onlar məsələləri elə göstərirlər ki, guya hər şey onların əlindədir və öz müqəddəratlarını özləri həll edirlər. Amma Azərbaycanın müharibə dövründə çox böyük rolu olub. Biz sülhü yaratmışıq və sülh şurasının ilk iclasında Tramp bir neçə dəfə istinad etdi, onu alqışladı və bu göstərir ki, bölgədə açar dövləti Azərbaycandır və proseslərə yaşıl işıq yandıran da Azərbaycandır".
Müsahibimiz söyləyib ki, Rusiya Ermənistanı uzun müddət himayə edib, investisiyalarını oraya qoyub, həmçinin, Azərbaycandan bəzi paylar alıblar: "Amma Şoyqu, Təhlükəsizlik Şurasını təmsil edən məsul şəxs olaraq bildirir ki, oradakı mövqelərini heç kəsə təhvil vermək niyyətində deyil. Ermənistan bazarı o qədər cazibədar deyil, üzərində böyük toqquşmalar yaransın. Amma indi ev sahibi rolunda çıxış edən Ermənistan diplomatiyası özünü göstərməlidir ki, digər ölkələr arasında münasibətlər toqquşmalara səbəb olmasın və normal, sabit bazar şəraiti yaransın. Odur ki, diplomatiya öz sözünü deməlidir".
Fatimə Məmmədova
12:28 21.02.2026
Oxunuş sayı: 598