Mask xəbərdarlıq etdi: Sİ ilə bağlı mühüm dəyişiklik
Davosda Dünya İqtisadi Forumunun son günlərində İlon Mask səhnəyə çıxaraq süni intellektin gələcəyi barədə çox diqqətçəkən bir açıqlama verdi. Hamının tez-tez qeyd etdiyi “Sİ insanı üstələyəcək” narahatlığından danışarkən o, əslində əsas problemin texnologiya və ya alqoritmlər deyil, enerji olduğunu vurğuladı. Maskın sözlərinə görə, süni intellekt dövrünün qalibləri elektriki ən çox və ən ucuz istehsal edə bilənlər olacaq. Çünki Sİ-nin sürətlə inkişafı və məlumat mərkəzlərinin (data centerlərin) artan sayı mövcud elektrik şəbəkələrini artıq sıxışdırır – çip istehsalı eksponensial artsa da, enerji təchizatı bu templə ayaqlaşa bilmir və bu, qlobal miqyasda ciddi məhdudiyyət yaradır.
Bu fikir yeni bir reallığı ortaya qoyur: gələcəkdə ölkələr və şirkətlər arasındakı rəqabət getdikcə daha çox enerji bolluğu və ucuzluğu üzərində qurulacaq. Muskın təklif etdiyi həll yolu da aydın və praktikdir – günəş enerjisi (solar), böyük həcmli batareya sistemləri ilə enerji saxlama və nüvə enerjisinin kombinasiyası. Xüsusilə günəş enerjisinin miqyaslana bilən və sürətlə ucuzlaşan potensialını qeyd edərək, o, bu istiqamətdə inkişafın Sİ-nin enerji tələbatını qarşılayaraq “bolluq dövrü”nü gerçəkləşdirə biləcəyini düşünür. Nəticədə, enerjiyə ən effektiv çıxışı olan ölkələr süni intellektin qlobal güc balansını əllərində saxlayacaq – bu isə həm iqtisadi, həm də geosiyasi mənzərəni kökündən dəyişə bilər.
İqtisadçı Fuad İbrahimli bu barədə Crossmedia.az-a açıqlamasında deyib ki, söhbət yeni nəsil süni intellekt fonunda ölkələr arasında enerji rəqabətindən gedir:
"Ümumiyyətlə, dünya iqtisadiyyatı, xüsusilə son pandemiyadan və münaqişələrdən sonra göstərdi ki, enerji təhlükəsizliyini təmin edən, eyni zamanda mühüm logistika dəhlizlərinə və güclü infrastruktur imkanlarına malik ölkələr dünya iqtisadiyyatının ən cazibədar dövlətlərinə çevriləcəkdir. Enerji təhlükəsizliyini təmin etmiş ölkələr regionların dayanıqlı və lider dövlətləri statusunu qazana biləcəklər. Bu, həqiqətən belədir, çünki gələcək böyük ölçüdə enerji üzərində qurulacaq. Nəzərə alsaq ki, ənənəvi enerji mənbələri tükənmə istiqamətində hərəkətdə olmasa da, alternativ enerji mənbələrinin rolu sürətlə artır".
İqtisadcı əlavə edib ki, burada yalnız günəş enerjisi deyil, külək enerjisi də xüsusi əhəmiyyət kəsb edəcək: "Bununla yanaşı, hidroenerji — su və dağ çayları vasitəsilə əldə olunan enerji — mühüm yer tutacaq. Eyni zamanda, sülh məqsədli istifadə edilən nüvə enerjisi də bu kateqoriyaya daxildir. Bu imkanları yarada və effektiv şəkildə idarə edə bilən, əldə etdiyi enerji resurslarını sülhə, xoş qonşuluq siyasətinə və iqtisadiyyatın sağlam inkişafına yönəldə bilən ölkələr, şübhəsiz ki, lider mövqedə olacaq. Təbii olaraq, belə bir şəraitdə bu dövlətlər arasında rəqabət də qaçılmazdır".
İT mütəxəssisi Eyvaz Kərimov isə qeyd edib ki, Mask texnologiya və süni intellektdən düzgün istifadə etməyə və bunlardan qorxmamağa çağırır:
"Smartfonlar inkişaf edəndə hamı deyirdi ki, smartfonlar bizim sonumuz olacaq. Amma smartfonların sayəsində nə qədər məlumat yüklənir və platformadan düzgün istifadə qaydası bir çox insanları qabağa aparır. Eyni zamanda, evdə qalanlar üçün də desək, bu, bateriya istehsalı və Maskın öz istehsal etdiyi avtomobillərə uyğundur. Yəni süni intellektin bununla hər hansı bir idarəçiliyi yoxdur. Süni intellekt hal-hazırda təsir etdiyi sahələr əsasən bazar daxilində əməliyyat sistemləri, Windows əməliyyat sistemlərinin üzərində yerləşən serverlər, RAM-lar və inkişaf etmiş texnoloji alətlərdir. Bu sahələrdə süni intellekt istifadə olunacaq".
Ayhan
10:12 21.02.2026
Oxunuş sayı: 563