İMTAHANLAR YAXINLAŞIR: Gənclər və valideynlər bunları bilməlidir
İmtahan günləri yaxınlaşdıqca minlərlə abituriyentin üzərində psixoloji yük daha da ağırlaşır. Həm 9-cu, həm də 11-ci sinif şagirdləri üçün həlledici sayılan bu mərhələdə “ya bacarmaram”, “ya valideynim nə deyər” qorxusu gənclərin düşüncəsini məşğul edir.
Valideyn gözləntiləri, ailə və ətrafın basqısı isə stressi daha da dərinləşdirir. Elə abituriyentlər var ki, aylarla hazırlaşdıqları imtahanda məhz həyəcan səbəbindən bildiyini unudur, cavab vərəqində çaşır, səhvlərə yol verir.
İmtahan öncəsi yaranan bu psixoloji gərginlik artıq təkcə bilik yox, dözümlülük sınağına çevrilir.
Mütəxəssislər bu barədə Crossmedia.az-a açıqlama verib.
Təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə, Azərbaycanda qəbul sistemi xüsusilə rəqabətli olduğu üçün imtahan qabağı stress çox geniş müşahidə edilir.

Ekspert bildirib ki, imtahan qabağı psixoloji durumla bağlı ən çox müşahidə olunan "valideynlər nə deyəcək?", "hamı məndən yüksək nəticə gözləyir", "qonşu mənim haqqımda nə fikirləşəcək?" kimi fikirlərdir:
"Bu düşüncələr beynin təhlükə mexanizmini aktivləşdirir. Həmçinin konsentrasiya itkisi baş verir. Belə ki, stress yüksək olduqda oxuduğunu anlamır, bildiyini xatırlaya bilmir. Həmçinin sınaq imtahanlarında yaxşı nəticə göstərsə də, imtahanda pis nəticə göstərir.
Bundan əlavə, ürək döyüntüsü, əllərin tərləməsi, qarın və baş ağrısı baş verir. Niyə bu qədər stress olur?
Çünki Azərbaycanda bir imtahan 11 il zəhmətin nəticəsi kimi qiymətləndirilir. Sosial müqayisə də çoxdur. "Filankəsin uşağı çox oxuyur, sən niyə oxumayasan?"
Problem stressin özündə deyil, onu idarə edə bilməməkdədir. O, düzgün idarə olunmayanda stress problemə çevrilir".
R. Fikrətoğlu abituriyentlərə tövsiyələrini də bildirib:
"Həyəcan normal haldır. Bu, beynin hazır vəziyyətdə olduğunu göstərir. İmtahana son 10 gün qalmış yeni mövzu oxumaq doğru deyil. Bu mərhələdə təkrar, sınaq, zəif yerləri möhkəmləndirmək önəmlidir. 4-7-8 nəfəs texnikasından istifadə etmək lazımdır. Bu, sinir sistemini bir növ sakitləşdirən üsuldur.
Bundan başqa, minimum 7 saat yatmalısınız. İmtahandan bir həftə əvvəl yuxu rejimi sabit olmalıdır. İmtahandan əvvəlki gecə dərs oxumaq tövsiyə olunmur. Yuxusuz beyin 20-30% zəif performans göstərən beyindir. Abituriyentə sual verilir ki, əgər istədiyin nəticə istədiyin kimi olmasa nə olar? Adətən cavab belə olmalıdır ki, "yenidən hazırlaşıram". Beyin qeyri-müəyyənlikdən qorxur.
Valideyn isə "sənin nəticən bizim üçün sənin dəyərin deyil" deməlidir. Bu, psixoloji möcüzə yarada bilər. İmtahan şəxsin dəyərini, potensialını tam ölçmür. Sadəcə müəyyən tip test bacarığını ölçür".
Psixoloq Gülnar Orucova imtahan öncəsi stressin abituriyentlərdə ən çox yayılmış normal psixoloji vəziyyət olduğunu hesab edir:

"Çünki onlar öz gələcəkləri üçün məsuliyyət hiss edirlər və bundan yaranan narahatlıq stress formasında özünü göstərir. Bu zaman ürəkbulanması, başgicəllənmə, yuxu pozuntusu, əsəbilik, aqressivlik kimi hallar müşahidə olunur. Valideyn belə vəziyyətdə övladına mütləq dəstək olmalıdır. Valideyn davamlı olaraq övladını kiminləsə müqayisə etdikdə özgüvən aşağı düşür. Gözlənti, uğursuzluq, imtahanda düşəcək sualların naməlumluğu bütün bu stressin yaranmasına təkan verir".
Psixoloq ən vacib məsləhətin yuxunun normallaşdırılması olduğunu deyib:
"Gündə 7 saat yatmağı sınaqdan keçirin. Əgər 7 saat yatırsınızsa, məsələn 12-dən 7-yə qədər, 11-dən 6-ya qədər yatmaq daha məqsədəuyğundur. Düzgün qidalanma vacibdir.Belə ki, vitaminlərlə zəngin qidalar qəbul etmək lazımdır.
Bundan əlavə, nəfəs texnikaları etmək lazımdır. Bu texnikalar stressi aradan qaldıran ən güclü texnikalardandır. Gələcək haqqında plan qurmamaq və gələcəyi konkretləşdirməmək lazımdır. Özünü proqnozlaşdırmaq lazımdır. Səhər oyanırsan və deyirsən: Mən uğurluyam, bacarıqlıyam. Mən hər şeyi bacaracam. Sənin özünə etdiyin dəstəyi, ümidi sənə kimsə verə bilməz.
Son zamanlarda enerji içkilərindən istifadə edən abituriyentlərin də sayı artıb. Onların yaşı 17 olduğuna görə ürək döyüntüləri çox olur. Bu içkilər isə ürək döyüntüsünü daha da artırır və narahatlıq yaradır. Ən çox olunan şikayətlərdən biri isə "yadımda qalmır" fikridir. Bunun üçün isə mövzuları bölərək oxumaq lazımdır".
Fatimə Məmmədova
12:15 21.02.2026
Oxunuş sayı: 693