21 Fevral – Beynəlxalq Ana Dili günüdür
Öz ana dilini bilməyənlər şikəst adamlardır! (Heydər Əliyev)
Fevralın 21-i dünya ictimaiyyəti tərəfindən Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bu gün təkcə dillərin bayramı deyil, eyni zamanda xalqların tarixi yaddaşına, mədəni kimliyinə və mənəvi varlığına göstərilən ehtiramın ifadəsidir. Ana dili hər bir xalqın keçmişini bu günə, bu gününü isə gələcəyə daşıyan ən güclü mənəvi körpüdür.
Beynəlxalq Ana Dili Günü 1999-cu ildə UNESCOnun Baş Konfransında qəbul olunmuş qərar əsasında təsis edilib. Bu təşəbbüs Banqladeş nümayəndəsinin təklifi ilə gündəmə gətirilib və 2000-ci ildən etibarən dünyada rəsmi şəkildə qeyd olunmağa başlanıb. Günün təsis edilməsində əsas məqsəd qloballaşma prosesinin sürətləndiyi bir dövrdə yox olmaq təhlükəsi ilə üzləşən dillərə diqqəti artırmaq, dil və mədəniyyət müxtəlifliyini qorumaqdır.
Qeyd edək ki, bu gün dünyada minlərlə dil tədricən istifadə dairəsini itirir və zamanla yox olmaq təhlükəsi ilə qarşı-qarşıya qalır. Dilin sıradan çıxması isə təkcə sözlərin unudulması deyil, bütövlükdə bir xalqın tarixinin, düşüncə tərzinin və mənəvi dünyasının itirilməsi deməkdir. Məhz bu baxımdan Beynəlxalq Ana Dili Günü xalqları öz dilinə daha həssas yanaşmağa, onu qorumağa və yaşatmağa çağıran qlobal mesaj daşıyır.
Dil insanın dünyanı dərk etməsinin əsas vasitəsidir. Ana dili fərdin şəxsiyyət kimi formalaşmasında, onun mənəvi aləminin zənginləşməsində və intellektual inkişafında mühüm rol oynayır. İnsan ilk duyğularını, düşüncələrini və hisslərini ana dili vasitəsilə ifadə edir.
Bu dil vasitəsilə nəsillər arasında əlaqə qurulur, milli dəyərlər ötürülür, mədəni irs qorunur. Ana dilinə sahib çıxmaq, əslində, öz kimliyinə sahib çıxmaq deməkdir. Azərbaycan xalqı tarix boyu ana dilini milli varlığının əsas dayağı kimi qoruyub. Azərbaycan dilinin bu gün dövlət dili statusuna malik olması uzunmüddətli və düşünülmüş siyasətin nəticəsidir. Bu siyasətin təməlində ana dilinə böyük sevgi və məsuliyyətlə yanaşan ümummilli lider Heydər Əliyevin fəaliyyəti dayanır. Onun rəhbərliyi dövründə Azərbaycan dilinin ictimai-siyasi həyatdakı mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənib.
1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubileyində ana dilində etdiyi çıxış təkcə simvolik addım deyil, həm də milli özünüdərkin gücləndirilməsinə xidmət edən mühüm hadisə idi. Sonrakı illərdə Azərbaycan dilinin dövlət əhəmiyyətli tədbirlərdə geniş şəkildə istifadə olunması və 1978-ci il Konstitusiyasında dövlət dili kimi təsbit edilməsi milli tariximizdə xüsusi yer tutur.
Müstəqillik dövründə ana dilinin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atılıb. 2002-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun dilimizin qorunması, tətbiqi və inkişafı baxımından mühüm sənədlərdən biri hesab olunur. Bu qanun Azərbaycan dilinin cəmiyyətin bütün sahələrində düzgün və səmərəli istifadəsinə hüquqi zəmin yaradıb.
Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı sərəncam və fərmanlar Azərbaycan dilinin qloballaşma şəraitində öz mövqeyini qorumasına, elektron məkanda daha geniş yayılmasına və dil normalarının qorunmasına yönəlib. Latın qrafikalı nəşrlərin genişləndirilməsi, dilçilik sahəsində dövlət proqramlarının icrası, terminoloji bazanın təkmilləşdirilməsi bu siyasətin əsas istiqamətlərindəndir.
Ana dilinin qorunması və milli-mənəvi irsin yaşadılması istiqamətində Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. Onun təşəbbüsü ilə həyata keçirilən layihələr Azərbaycan mədəniyyətinin, dilinin və milli dəyərlərinin həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə tanıdılmasına xidmət edir.
Bu fəaliyyət ana dilinin yalnız ünsiyyət vasitəsi deyil, həm də milli dəyər kimi qorunduğunu bir daha nümayiş etdirir. Beynəlxalq Ana Dili Günü hər bir vətəndaşa mühüm mesaj verir: dilə sevgi onu gündəlik həyatımızda düzgün işlətməklə, saflığını qorumaqla və gələcək nəsillərə ötürməklə ölçülür. Ana dili millətin yaddaşı, taleyi və mənəvi varlığıdır. Bu dəyəri qorumaq isə yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin və hər bir fərdin üzərinə düşən məsuliyyətdir.
Ulu öndər çıxışlarında ana dilinin azərbaycançılıq məfkurəsi ilə bağlılığını, xalqımızın böyük milli-mənəvi sərvətlərindın biri olduğunu da dəfələrlə diqqətə çatdırmışdı: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”.
"Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur". (Heydər Əliyev)
Fatimə Məmmədova
10:40 21.02.2026
Oxunuş sayı: 699