Rusiya-NATO toqquşması qaçılmaz ola bilər - Qorxunc proqnoz
Baltik dənizində Rusiya tankerlərinin hərəkətinə mümkün məhdudiyyətlərin tətbiqi və Moskvanın buna cavab olaraq hərbi tədbirlər ehtimalını istisna etməməsi NATO ilə Rusiya arasında onsuz da həssas olan münasibətlərin daha gərgin mərhələyə keçə biləcəyinə işarə edir. Xüsusilə enerji daşımalarının təhlükəsizliyi, dəniz kommunikasiya xətlərinin qorunması və regionda artan hərbi aktivlik Baltik hövzəsini strateji rəqabətin əsas mərkəzlərindən birinə çevirir. Bu kontekstdə tərəflərin qarşılıqlı ittihamları və sərt bəyanatları mümkün insident riskini artırmaqla yanaşı, regionda hərbi-siyasi balansın dəyişməsi ehtimalını da gücləndirir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, Rusiyanın bu bəyanatı artıq çarəsizlik həddinə yaxınlaşmağın əlaməti kimi qəbul edilə bilər: "Qərbin sanksiyalarının ardınca Rusiyanın nefti ilə bağlı tədbirlərin daha da sərtləşdirilməsi və qanunsuz nəft daşıyan tankerlərin həbs edilməsi Rusiyanın fəaliyyət dairəsini əməlli-başlı daraldıb. Bu, o deməkdir ki, qərbin həyata keçirdiyi addımlar Rusiyanın manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Belə şəraitdə Rusiya atılan addımların daha sərt mənfi nəticələr verəcəyini görərək, qəti reaksiyalara meyil göstərir, buna görə də həm qərbin addımları, həm də Rusiyanın reaksiyaları münasibətləri daha da kəskinləşdirir. Əgər Rusiya qərb ölkələrinin sanksiyaları ilə onu diz çökmək həddinə qədər aparmaq istədiyini nəzərə alırsa, deməli, bu siyasət davam etdiriləcək".

Onun sözlərinə görə, Rusiyada artıq bu siyasətin günü-gündən daha ağır duruma salındığını hiss edirlər: "Belə şəraitdə Rusiyanın reaksiyaları da ciddi və daha kəskin xarakter alacaq. Heç şübhə yoxdur ki, Rusiya verilən bəyanata uyğun cavab addımlarını nə vaxtsa atacaq. Yəni, dərhal Rusiyanın neft tankerlərinə qarşı Baltik dənizində görülən tədbirlər onu cavab reaksiyalarına vadar etməsə də, Rusiya bu addımları atmaq məcburiyyətində qalacaq".
A. Quliyev həmçinin əlavə edib ki, dünya üçün Baltik dənizində bu gün yeni bir təhlükə meydanı yetişməkdə deyil, bu, Rusiyanın neft tankerləri və onlara qarşı qərb, xüsusilə NATO-nun həyata keçirə biləcəyi planlarla bağlıdır: "NATO ölkələri də qətiyyətlidir və onlar dünya bazarlarına Rusiyanın neftinin oğurluq yollarla çıxmasının və sanksiyalardan kənar yollarının qarşısını almağa çalışırlar. Rusiyanın və NATO qüvvələrinin bir neçə arenada, o cümlədən Baltik dənizində toqquşması labüddür. Bir sözlə, həm Rusiyanın qanunsuz neft daşıyan tankerlərinə qarşı Qərbin addımları, həm də Rusiyanın hədələyici cavab tədbirləri və bəyanatları Baltik dənizində yetişən yeni hərbi münaqişənin əlamətləri kimi qəbul edilə bilər. Bunun nə vaxtsa real toqquşmaya çevriləcəyi isə hələlik dəqiq söyləmək çətindir".
Nigar Yahyazadə
11:58 19.02.2026
Oxunuş sayı: 663