ABŞ Qrenlandiyanı Danimarkanın əlindən necə alır?
Danimarkanın Baş naziri Mette Frederiksen Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən debatlarda Qrenlandiyanın dəyərini müəyyən etməyin mümkün olmadığını bildirib.
O, bu mövzuda verilən suala qəti şəkildə “yox” cavabı verib.
Baş nazir vurğulayıb ki, suveren dövlətlərin hüquqlarına və xalqların öz müqəddəratını təyin etmə prinsipinə hörmət olunmalıdır. Frederiksenin sözlərinə görə, Qrenlandiya sakinləri ABŞ-nin tərkibinə daxil olmaq istəmədiklərini açıq şəkildə bəyan ediblər.
O, həmçinin Danimarka ilə ABŞ arasında Qrenlandiya ilə bağlı fikir ayrılıqlarının hələ də tam həllini tapmadığını qeyd edib.
Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli Crossmedia.az-a açıqlama verib:

"Qrenlandiya məsələsində demək olar ki, son 100 ilə yaxın bir dövrdə çox ciddi cinayətlər törədilib. Belə ki, Qrenlandiyada inuit xalqı yaşayır və bu xalqın kökləri Alyaskadan köç etmiş icmalara dayanır. Artıq 70-80 ildir ki, Danimarka tərəfindən aparılan bu siyasəti açıq şəkildə soyqırımı adlandırmaq olar. Belə ki, inuit qadınlarını 15 yaşından 45 yaşına qədər məcburi şəkildə sterilizasiya ediblər ki, onların sayı artmasın. Danimarka inuitlərin çoxalmasını özünə təhlükə kimi görürdü. Çünki inuitlər həm çoxalır, həm də Qrenlandiyanın müstəqilliyi uğrunda mübarizə aparır, Danimarkadan ayrılmaq istəyirdilər.
Danimarka özünü Avropada insan haqlarının müdafiəçisi kimi təqdim edən ölkələrdən biridir. Məsələn, Türkiyəyə qarşı tez-tez iddialar irəli sürürlər ki, guya kürdlərə qarşı düzgün siyasət aparılmır, onlara zülm edilir. Eyni zamanda Danimarka Avropada PKK üzvlərinin rahat şəkildə yerləşdiyi və fəaliyyət göstərdiyi ölkələrdən biridir. 44 günlük müharibə dövründə də bizə qarşı ikili standartlar tətbiq olunurdu. Bizi ittiham edirdilər ki, "deportasiya etmişik". Amma bu məsələlər uzun müddət açıq şəkildə dilə gətirilmirdi. Yalnız son vaxtlar ABŞ tərəfindən edilən təhdidlərdən sonra Danimarkanın baş naziri tələsik şəkildə Qrenlandiyaya səfər etdi, inuitlərin nümayəndələri ilə görüşdü və etiraf etdi ki, bu siyasət səhv olub. Yəni faktiki olaraq bir xalqın qarşısını kəsiblər, onun artımını əngəlləyiblər və indi sadəcə “bu səhv idi” deməklə məsələni bağlamağa çalışırlar.
Bu, nə rəsmi üzrxahlıqdır, nə də real kompensasiya deməkdir. Sadəcə sözdə deyilmiş, mahiyyət daşımayan ifadələrdir".
Ə.Məmmədli bütün bunların əsas səbəbi olaraq bildirib ki, Danimarka ABŞ-nin Qrenlandiyanı onun əlindən almasından qorxur:
"Inuitlər üzərindən təzyiq göstərərək, razılıq əldə etmək istəyirlər ki, Qrenlandiyanın ABŞ-a birləşdirilməsinə razılıq verilsin. Çünki Danimarkanın indiyə qədər apardığı siyasət inuit xalqına qarşı açıq şəkildə soyqırımı xarakteri daşıyıb.
Ona görə də artıq inuitlər öz gələcəklərini ABŞ-la birgə görməyə başlayıblar. İndi durub demək ki, bu mümkün deyil – reallığa uyğun deyil. Əgər ABŞ bu məsələdə ciddi mövqe ortaya qoysa, Danimarkanın bunun qarşısını almaq üçün real gücü yoxdur.
Söhbət hərbi gücdən gedirsə, Danimarkanın ABŞ-a qarşı dayanacaq imkanı yoxdur. Avropa isə özü ABŞ-a yalvarır ki, Rusiya təhlükəsinə qarşı onları qorusun və Ukraynaya silah yardımını davam etdirsin. Danimarkanın baş naziri “Qrenlandiya satıla bilməz” kimi açıqlamalar verir. Amma əgər ABŞ bu məsələni ciddi şəkildə gündəmə gətirsə, istənilən mexanizmi işə sala bilər – referendum, seçki və ya başqa vasitələrlə. Lazım gələrsə, Qrenlandiyanı Danimarkanın əlindən ala bilər. Nə Danimarkanın özü, nə də Avropa İttifaqı buna real şəkildə mane ola bilməz. Əgər ABŞ istəsə, bu hədəfə çata bilər.
Yalnız bir şərt var: əgər bu məsələ sadəcə Donald Trumpın qorxutma xarakterli açıqlamaları səviyyəsində qalsa, onda vəziyyət dəyişməyə bilər".
Politoloq hesab edir ki, real addımlar atılarsa, Qrenlandiyanın ABŞ-a verilməsi də daxil olmaqla bütün ssenarilər mümkündür:
" Bu prosesin Danimarka-ABŞ münasibətlərinə necə təsir edəcəyini isə zaman göstərəcək: münasibətlər ciddi şəkildə gərginləşəcək, yoxsa məsələ sadəcə siyasi oyun səviyyəsində qalacaq – bunu hələlik demək çətindir".
Fatimə Məmmədova
13:13 16.02.2026
Oxunuş sayı: 609