Omanın vasitəçiliyi ilə yeni mərhələ: Tehran danışıqlara ümidlə baxır
İran prezidenti Məsud Pezeşkian ABŞ ilə Omanda aparılan danışıqları ədalətli həll yolu üçün uğurlu fürsət kimi dəyərləndirib.
Crossmedia.az xəbər verir ki, Pezeşkian bu fikirləri “22 Bəhmən” – İran İslam İnqilabının Qələbə Günü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, qonşu ölkələrin dəstəyi və Omanın ev sahibliyi ilə başlayan nüvə danışıqlarının yeni mərhələsi mövcud problemlərin diplomatik yolla həlli üçün əlverişli şərait yaradır.
İran prezidenti bildirib ki, Tehran Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində öz hüquqlarının, o cümlədən uranın zənginləşdirilməsi hüququnun qorunmasında israrlıdır.
Pezeşkian əlavə edib ki, qarşı tərəf öhdəliklərinə əməl edərsə, İran istənilən nəticəyə nail olmağa hazırdır.
Onun sözlərinə görə, İran İslam Respublikası verdiyi vədlərə sadiqdir və səmimi əməkdaşlıq istəyən ölkələrlə münasibətləri inkişaf etdirməyə açıqdır.
18:05 09.02.2026
Oxunuş sayı: 414