Ermənistan son 30 ilin ən çətin yol ayrıcındadır
Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istiqamətində atdığı addımlar Cənubi Qafqazın geosiyasi mənzərəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Son 30 ildə Ermənistanın təcavüzkar siyasəti region ölkələri arasında əməkdaşlığın və inteqrasiya proseslərinin qarşısında əsas maneələrdən biri olub. İndi isə İrəvanın sülh və regional əməkdaşlıq xəttinə keçməsi təkcə Azərbaycan və Ermənistan münasibətlərinə deyil, Cənubi Qafqazın Türkiyə və Mərkəzi Asiya ilə əlaqələrinə də təsir göstərə bilər. Ermənistanın regional təcriddən çıxmaq və Qərbə inteqrasiya etmək istəyi də onu Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa sövq edən əsas amillərdən biri kimi göstərilir. Bu prosesin davam etməsi regionda Rusiya, Qərb və digər güc mərkəzləri arasındakı geosiyasi rəqabətin istiqamətinə də təsirsiz ötüşməyə bilər. Ermənistanın siyasətindəki bu dəyişiklik Cənubi Qafqazın gələcək geosiyasi və iqtisadi inteqrasiyası baxımından hansı nəticələrə səbəb olacaq?
Mövzu ilə bağlı politoloq Aydın Quliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, Ermənistanın təcavüzkar siyasətdən əl çəkməsi Cənubi Qafqazın geosiyasi balansında və regionun Mərkəzi Asiya və Türkiyə ilə inteqrasiyasında ciddi dəyişikliklərə səbəb ola bilər: “Məsələ burasındadır ki, son 30 ildə Cənubi Qafqazın və Türkiyənin münasibətlərinin normal inkişafına maneçilik törədən əsas amil Ermənistanın təcavüzkar siyasəti olub. Əgər Ermənistanın bu siyasəti dağıdıcı bir faktor kimi ortadan qalxırsa, deməli, təkcə Cənubi Qafqaz regionundakı geosiyasi vəziyyət və balans deyil, eyni zamanda Cənubi Qafqazın Mərkəzi Asiya və Türkiyə ilə inteqrasiyasında da ciddi dəyişikliklər baş verəcək. Çünki Ermənistan təcavüzkar siyasət yürütdükcə Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə xəttində böyük bir əməkdaşlığın yaranmasına mane olurdu. Lakin bu gün Ermənistan öz siyasətini dəyişir, Türkiyə və Azərbaycanla tamam yeni münasibətlərə başlayırsa, bu, bölgədə tam fərqli bir geosiyasi mühitin yaranmasına və region ölkələri arasındakı əlaqələrin köklü şəkildə dəyişməsinə gətirib çıxaracaq. Əgər Ermənistan bu gün Qərbə inteqrasiya olunmaq istəyirsə, mütləq Azərbaycan və Türkiyə ilə münasibətlərini düzəltməlidir. Çünki bu münasibətləri qaydaya salmadan Ermənistan regional təcriddən çıxa bilməz. Təcriddən çıxmadan isə onun Avropaya və Qərbə inteqrasiyası mümkün deyil. Buna görə də Ermənistan son 30 ildə bəlkə də ən məsuliyyətli və çətin bir yolun ayrıcındadır. Bu yolun mahiyyəti ondan ibarətdir ki, Ermənistanın bütün qonşu dövlətlərlə, xüsusilə də Azərbaycanla sülh prosesinə başlaması onun Qərbə inteqrasiya imkanlarını artırır. Bu isə bölgədə Rusiyanın hegemon mövqeyinə və siyasətinə mənfi təsir göstərərək onu zəiflədir, eyni zamanda Qərbin və Avropanın regiona daha yaxından nüfuz etməsinə şərait yaradır".

Politoloq qeyd edib ki, beləliklə, regionumuzda Avropa, Amerika, Rusiya və İranın geosiyasi rəqabətdə olduğunu nəzərə alsaq, Ermənistanın təcavüzkar siyasətdən əl çəkməsi bölgə üçün kardinal dəyişikliyə səbəb olur: "Bu dəyişiklik göstərir ki, Ermənistanın sülh siyasətinə keçməsi həm özünün, həm də bütün regionun Qərbə inteqrasiyasını daha da dərinləşdirir”.
Zeynəb Həsən
14:00 12.09.2026
Oxunuş sayı: 49