Fransada qatar qəzası: 44 nəfər xəsarət alıb
Fransanın şimalında qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, Reuters bu barədə məlumat yayıb.
Hadisə Normandiya bölgəsində, Ruan və Kan şəhərləri arasında hərəkət edən regional sərnişin qatarının Kléon yaxınlığında relsdən çıxması ilə baş verib. Qəza zamanı qatarda təxminən 180 sərnişin olub.
Məlumata görə, hadisə yerli vaxtla təxminən saat 19:30-da baş verib. Qatarın naməlum obyektlə toqquşduqdan sonra relsdən çıxdığı bildirilir. Bir vaqon aşıb, daha dörd vaqon isə relsdən çıxıb.
Hadisə yerinə çox sayda xilasedici və yanğınsöndürən cəlb olunub. Fransanın nəqliyyat naziri Filip Tabaro bildirib ki, qəza yerində 140 yanğınsöndürən çalışıb.
Yaralılardan birinin vəziyyətinin ağır olduğu və onun helikopterlə xəstəxanaya çatdırıldığı açıqlanıb. Qəzanın dəqiq səbəbi hələlik məlum deyil.
Fransanın milli dəmir yolu operatoru SNCF hadisə ilə bağlı araşdırmaya başlayıb. Qəza səbəbindən Ruan–Kan və Kan–Le Havr istiqamətlərində qatarların hərəkəti müvəqqəti dayandırılıb. Sərnişinlər üçün alternativ avtobus xidməti təşkil ediləcəyi bildirilib.
15:01 12.09.2026
Oxunuş sayı: 46