İranda silahlı qruplaşmaya qarşı SEPAH ƏMƏLİYYATI – detallar açıqlanır
İranın Sistan və Bəlucistan əyalətində SEPAH-ın “Ceyş əl-Ədl” silahlı qruplaşmasına qarşı əməliyyat keçirdiyi və qruplaşmaya ciddi zərbə vurulduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, İran mediası bu barədə məlumat yayıb.
Məlumata görə, əməliyyat Səravan şəhərində İran təhlükəsizlik qüvvələrinin əldə etdiyi kəşfiyyat məlumatları əsasında həyata keçirilib. Bildirilir ki, əməliyyat zamanı “Ceyş əl-Ədl”in bir sıra üzvləri hədəfə alınıb.
“Ceyş əl-Ədl” Sistan və Bəlucistan əyalətində fəaliyyət göstərən sünni bəluç silahlı qruplaşmasıdır. İran hakimiyyəti təşkilatı ölkədə bir sıra silahlı hücumların və terror aktlarının təşkilində ittiham edir.
İranın dövlət mediasında SEPAH-ın əvvəlki əməliyyatları zamanı qruplaşmanın sığınacaqlarının aşkar edilərək məhv edildiyi və silah-sursatın ələ keçirildiyi də bildirilib.
Hazırkı əməliyyatla bağlı ölən və yaralananların dəqiq sayı barədə müstəqil məlumat yoxdur.
12:39 12.09.2026
Oxunuş sayı: 52